Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hikmət Hacıyev: Ermənistan münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə çalışır

17 İyun 2017
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin ağır silahlardan intensiv şəkildə pozulması və təxribat əməliyyatlarının törədilməsi həyata keçirilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib. İyunun 15-dən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir ki, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üst olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

H.Hacıyev deyib: “ATƏT-in Minsk qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib. Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.