Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı

17 İyun 2017
 

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi bu kənd həm də qüdrətli Azərbaycanın simvoludur

 

İntizar və səbirsizliklə gözlənilən gün, nəhayət, gəlib çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə cəmi iki aya bərpa olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 illik fasilədən sonra həyat əvvəlki tək öz axarına qayıtdı. 24 illik yurd həsrətindən sonra Cocuq Mərcanlı sakinləri doğma el-obalarına qayıtdılar. Düşmənin göz dağına çevrilən bu kənddən indi onları heç kim didərgin sala bilməz. Çünki onları bu kəndə qaytaran güclü və qüdrətli Azərbaycan dövlətidir.

 

Ən müasir infrastruktura malik kənd

 

Cəbrayıl rayon mərkəzindən 35 kilometr cənub-şərqdə, Araz çayının sahilində və Horadiz şəhərinin yaxınlığında yerləşən Cocuq Mərcanlı kəndi erməni silahlı qüvvələri tərəfindən 1993-cü ilin oktyabr ayında işğal olunmuşdu. Bu həmin dövr idi ki, AXC-Müsavat cütlüyünün uğursuz iqtidarından sonra hələ müstəqilliyi kövrək olan Azərbaycanın üzərində qara buludlar dolanırdı. Lakin xalqın tələb və istəyi ilə hakimiyyət sükanının arxasına keçən ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi nəticəsində qısa zamanda Azərbaycanda vahid komandanlığa əsaslanan ordu formalaşdırıldı. Və bu ordunun 1994-cü ildə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 22 yaşayış məntəqəsi, o cümlədən Cocuq Mərcanlı kəndi erməni işğalından azad edildi.
Cocuq Mərcanlı Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndləri ilə qonşudur. Füzulinin kəndlərində həyat çoxdan öz axarına qayıtsa da, Lələtəpə yüksəkliyinin düşmənin əlində olması səbəbindən cocuqmərcanlıların öz evlərinə qayıtmaları təhlükəli idi. Lakin ötən ilin aprelində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində bu kənddə də yaşayışın bərpa olunması və Cocuq Mərcanlı sakinlərinin öz ata-baba yurdlarına dönmələri üçün əlverişli şərait yarandı.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı bu il yanvarın 24-də imzalayıb. Layihələndirmə və hazırlıq işlərindən sonra martın 22-də kəndin xarabalıqları yerində yeni evlərin tikintisinə başlanılmışdı. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsində Cocuq Mərcanlıda 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulurdu. Cəmi iki ay ərzində tikinti işləri üçün nəzərdə tutulan ərazi həm minalardan, həm dağılmış evlərdən təmizləndi və bütün infrastrukturu ilə birlikdə yeni kənd salındı. 10 hektar ərazidə tikilən 50 fərdi evə Cocuq Mərcanlı kəndindən olan, əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Sakinlərin ixtiyarına verilən mənzillər təmirli olmaqla yanaşı, mətbəx avadanlıqları və yataq dəstləri ilə də təchiz olunub. Mənzillərin həyətyanı sahəsi də var.
Kəndə su, qaz, telefon xətləri çəkilib, sakinlərin su təminatı üçün subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə müasir işıqlandırma sistemi qurulub, yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni komplekt transformator məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb. Kəndin ilk şəhidi olan Novruz Aslanovun adını daşıyan 96 yerlik məktəb də artıq şagirdlərin ixtiyarındadır. Cocuq Mərcanlıda tarixi Şuşa məscidinin bənzəri olan məscid də tikilib. Horadizdən Cocuq Mərcanlıya çəkilən avtomobil yolu isə ən müasir standartlara cavab verir. “Cocuq Mərcanlı” yarımstansiyası isə tək kəndi deyil, ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri də fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

 

Ölkəmizin həyatında əlamətdar və tarixi gün

 

İyunun 14-də Cocuq Mərcanlıya səfər edən Prezident İlham Əliyev yenidən qurulan kənddə görülən işlərlə tanış olub.
Dövlət başçısının səfəri Horadizdən kəndə doğru salınan 9 kilometrlik yolun açılışı ilə başlayıb. Qeyd edək ki, Cocuq Mərcanlıya son vaxtlara qədər yalnız Füzuli rayonunun Qazaxlar və Mirzənağılı kəndlərindən keçməklə getmək mümkün idi. Prezident İlham Əliyevin sərəncamları yeni imkanlar açdı, kəndin kompleks bərpasını nəzərdə tutdu. Belə ki, fevralın 10-da dövlət başçısı tərəfindən imzalanan ayrıca sərəncamla Horadizdən Cocuq Mərcanlıya qədər ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədilə 4,3 milyon manat ayrıldı. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikildi, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edildi. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırıldı, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkildi.
Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. Həziyevlər ailəsi 1994-cü ilin yanvarında Cocuq Mərcanlı azad ediləndən dərhal sonra kəndə qayıdıb. Təhlükəli olmasına baxmayaraq, 8 nəfərlik ailə ötən 23 ildə əsl qəhrəmanlıq və vətənpərvərlik nümunəsi göstərərək kənddə yaşayıb, doğma yurdu tərk etməyib.
Oqtay Həziyevin ailə üzvləri ilə söhbət zamanı Cocuq Mərcanlı kəndinin bərpası gününü ölkəmizin həyatında əlamətdar və tarixi gün adlandıran Prezident İlham Əliyev xalqımızı bu gözəl hadisə münasibətilə təbrik edib. Dövlət başçısı Cocuq Mərcanlı kəndinin gələcək həyatının uğurlu olacağına əminliyini bildirərək deyib: “Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mərcanlı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıdandan sonra həyat daha da canlanacaqdır”.
Torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hislərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Oqtay Həziyev Prezident İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid də tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu həm də dünyaya bəyan edir ki, Azərbaycan öz dəyərlərinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası o deməkdir ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi həmçinin 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinə dəyərli töhfədir.
Prezident İlham Əliyev yeni məscidlə də tanış oldu. Dövlət başçısına Qurani-Kərim hədiyyə edildi. Bu məscidin inşası bir daha göstərir ki, Prezident
İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir.
Cocuq Mərcanlıda ilkin mərhələdə 50 ev tikilsə də, ümumilikdə 250 ailə kəndə qayıtmaq üçün müraciət edib. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Cocuq Mərcanlı kənd sakinlərinin öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, Prezident İlham Əliyev iyunun 15-də “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat ayrılıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün istinadgahına çevrildi. “Böyük qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı. Bu kənd qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşdü. Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı həm də qüdrətli Azərbaycanın simvoludur.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”