Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkə vətəndaşlarının sağlamlığı diqqət mərkəzindədir

17 İyun 2017
 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun inkişafı, insanların sağlamlığına hesablanmış dövlət proqramları, pilot layihələr və bu istiqamətdə həyata keçirilmiş tədbirlər ictimaiyyət arasında məmnunluqla qarşılanmışdır.

Əvvəlki illərdə olduğu kimi, ötən il də paytaxtda, eləcə də bölgələrdə yeni sağlamlıq ocaqları yaradılıb, bir çox tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Dünya standartları səviyyəsində yenidən qurulan, müasir avadanlıqlarla təchiz edilən Gəncə şəhərindəki Abbas Səhhət adına Xəstəxana, Ağsu, Biləsuvar və Zərdab mərkəzi rayon xəstəxanaları, eləcə də Bakıda Respublika Uşaq Stomatoloji Mərkəzi əhalinin istifadəsinə verilib. Kürdəmir, Lənkəran rayonlararası ruhi-əsəb xəstəxanalarının inşası, o cümlədən Quba rayonlararası psixonevroloji reabilitasiya mərkəzinin əsaslı təmiri yüksək səviyyədə başa çatdırılıb. Maştağa qəsəbəsindəki 1 saylı respublika Psixiatriya Xəstəxanasında yeni şöbələr yaradılıb. Bakıda Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, habelə Masallı, Neftçala rayonlarının mərkəzi xəstəxanalarında, eləcə də digər çoxprofilli tibb müəssisələrində dünya standartlarına uyğun tikinti-quraşdırma işləri keyfiyyətli şəkildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrası çərçivəsində ötən il paytaxtın qəsəbə və kəndlərində yeni xəstəxanalar tikilmiş, bəziləri cari və əsaslı təmir edilmişdir. Xətai, Xəzər və Sabunçu rayonlarında müasir tələblərə cavab verən uşaq evləri inşa olunub istifadəyə verilmişdir.
İl ərzində 350 mütəxəssis dinləyici kimi Almaniya, Türkiyə, Rusiya, Belarus, İspaniya, İsrail, Yaponiya və digər ölkələrdə ixtisasartırma kurslarında olmuş, 73 nəfər yüksək ixtisaslı mütəxəssis isə Ümumdünya Səhiyyə Təşkilatının müxtəlif profilli konfranslarında iştirak etmişdir. Ümumiyyətlə, il ərzində 5399 həkim, 7942 orta tibb işçisi təkmilləşmə kurslarında olmuş, 3331 həkim, 8608 orta tibb işçisi sertifikat almışdır. Səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Danimarka, Almaniya, İtaliya, Rusiya, Çexiya və İsveçrədə səfərdə olmuşdur.
Hələ on il əvvəl Azərbaycan Prezidenti respublikanın səhiyyə işçiləri qarşısında belə bir vəzifə qoymuşdur: “Elə etmək lazımdır ki, insanlar tibbi yardımı məhz yaşadıqları ərazidə ala bilsinlər, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsunlar. Artıq bu problem öz həllini tapmışdır. Hər bir rayonda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində tibbi yardım ala bilirlər”. Peşə bayramlarını təntənə ilə qeyd edən səhiyyə işçilərinin bu məsul işin öhdəsindən şərəflə gəlməsində dövlət proqramları mühüm rol oynamışdır. Səhiyyənin həyati əhəmiyyət daşıyan problemlərinin həllinə yönəldilmiş dövlət proqramlarının tələbləri baxımından ayrılan vəsait həm xəstə insanların müalicəsini, həm də səhiyyənin müxtəlif sahələrinin inkişafını təmin etmişdir. Əvvəllər əlacı mümkünsüz hesab edilən bir sıra xəstəliklər indi Azərbaycanda, paytaxt Bakıda və ya bölgələrdə öz mütəxəssislərimiz tərəfindən çox asanlıqla müayinə və müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları uğurla aparılır. Qeyd edək ki, 2016-cı ildə 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürülüb, 76 xəstədə isə endoprotezləşmə əməliyyatı aparılıb. 956 xəstə üzərində ürək əməliyyatı (865-i açıq, 91-i qapalı) dövlət hesabına həyata keçirilib. Bunların arasında 2 aylıq körpədən tutmuş, 265 nəfər müxtəlif yaş qrupuna aid uşaqlar olmuşdur. Bundan başqa, Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılmışdır. Azyaşlıların icbari dispanserizasiyası proqramı çərçivəsində onların 81,5 faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Bu uşaqların 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülmüş, 1 faizi ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur.
Ötən ilin iyun ayından indiyədək nikaha daxil olan 230 minə yaxın cütlük tibbi müayinədən keçirilib. Onlardan 9892 nəfərində talassemiya daşıyıcılığı, 147 nəfərdə İİV infeksiyası, 828-də isə sifilis xəstəliyi aşkarlanmışdır. Bütün bunlar barədə onlara lazımi tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında məlumat verilmişdir. Səhiyyə Nazirliyində beynəlxalq standartlara uyğun daha bir yenilik: nazirliyin nəzdində viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya fəaliyyətdədir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
2016-cı ildə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası yenilənmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır.
Həyata keçirilən tədbirlər sayəsində respublikamızda ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir. Bir faktı xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycanda artıq diri doğulmanın beynəlxalq meyarları qəbul olunub və iki il bundan öncə onların tətbiqinə başlanılmışdır.
Geniş yayılmış şəkərli diabet xəstələri dövlət hesabına dərman vasitələri ilə təmin olunurlar. Ötən il respublika üzrə 213 mindən çox bu tipli xəstə qeydə alınmışdır. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi sayəsində diabetin ağır formaları və fəsadları dəfələrlə azalmışdır. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2 faizə düşmüşdür. Təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstəliklərin müalicəsi və dərman təminatı da dövlətin hesabına həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən respublika Talassemiya Mərkəzində də bu tipli xəstələrin müalicəsi həyata keçirilir, onlar lazımi dərman və preparatlarla təmin olunurlar. Təsadüfi deyil ki, mərkəzdə talassemiyalı xəstələrin normal fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.
Azərbaycan səhiyyəsinin bayram günündə Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək yerinə düşər. Fondun səhiyyə sahəsinə göstərdiyi sosial-humanitar dəstək birmənalı şəkildə insanların rifah halının yüksəlməsinə xidmət edir. 2016-cı ildə də ölkəmizdə tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək göstərmək Mehriban xanım Əliyevanın humanist fəaliyyətinin əsasını təşkil etmişdir. Ölkənin birinci xanımının rəhbərliyi ilə gerçəkləşən layihələr insanların sağlamlığının qorunması və gələcək nəslin sağlam böyüməsi istiqamətində müsbət bəhrəsini verməkdədir və bu proses davam edir.
Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə fəaliyyəti sayəsində cari ilin əvvəlindən Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın pilot layihəsinin icrasına başlanılıb. Layihə nəticələrinə əsasən, ölkə rəhbərliyinin qərarına uyğun tibbi sığortanın mərhələli və ya tam şəkildə ölkə üzrə tətbiqinə başlanılacaq.
Azərbaycan səhiyyəsinin uğurlu göstəricilərindən biri də Bakıda və regionlarda tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etməsi, bunun xarici mütəxəssislər tərəfindən nüfuzlu qəzet-jurnal məqalələrində, elmi simpoziumlarda xüsusi qeyd edilməsidir. Azərbaycan səhiyyəsinin uğurlarını müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum İnstitute” Tədqiqat Mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsinin 91-ci pillədən 68-ci pilləyə qalxdığını qeyd edib. Ötən il ölkəmizin iki tibb müəssisəsi də dünyanın ən nüfuzlu JCİ (Joint Commission İnternational) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir.

Rəhman SALMANLI,
“Azərbaycan”