Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev Qurtuluş salnaməsinin növbəti möhtəşəm uğuruna imza atdı

15 İyun 2017
 

* Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır.

 

* Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır - cəmi iki aya. Yəni, bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da, tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, - bəlkə ondan da çox, - tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da şanlı, tarixdir.

 

* Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və bugünkü Azərbaycan dünya miqyasında seçilən ölkələrdən biridir. Təəssüf ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk günlərindən Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, bir qarış torpaq belə işğal altına düşməzdi.

 

* Bütün çətinliklərə, risklərə baxmayaraq, burada güllə altında, mərmi altında yaşamısınız, qurmusunuz və vətənpərvərlik nümunəsi göstərmisiniz. Göstərmisiniz ki, Azərbaycan xalqı öz torpağına canı, qanı ilə bağlıdır. Göstərmisiniz ki, Azərbaycan vətəndaşı istənilən şəraitdə öz torpağında yaşayır, qurur, yaradır, hətta təhlükə altında. Yəni, bir gün yox, bir həftə yox, hər gün gecə-gündüz təhlükə altında 20 ildən çox yaşamısınız. Buna görə sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Siz ən yüksək qiymətə layiqsiniz. Mən sizinlə fəxr edirəm. Biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. Qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən.

 

* Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq.

 

* Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir.

 

* Bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi.

 

* Bu gün biz Cocuq Mərcanlıda yeni gözəl mərhələnin başlanğıcını qeyd edirik. Yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir. Növbəti mərhələdə ən azı 100 əlavə ev tikiləcək və Cocuq Mərcanlı kəndinin sakinləri buraya qayıdacaqlar. Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar.