Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xeyirxahlıq mücəssəməsi

15 İyun 2017
 

Tarixdə iz qoymuş böyük şəxsiyyətlər, ilk növbədə, yüksək mənəvi dünyaları, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə bağlılıqları və birləşdirici ideyaları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaltmışlar. Belə dühaların əbədiyyət qazanmalarının sirrini də məhz bu gerçəklikdə axtarmaq lazım gəlir. XX əsr Azərbaycan tarixinin parlaq siması, böyük şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. 

Ümummilli lider ötən əsrin birinci yarısından etibarən öz fenomen xüsusiyyətləri ilə günəş kimi parladı. XXI əsrin astanasında əbədiyaşarlıq rəmzinə çevrilərək gələcək yüzilliklərin, minilliklərin möhkəm bünövrələrini, sarsılmaz təməllərini yaratdı. Zərurətdən doğan bəşəri qanunauyğunluqlar bu əbədiyaşarlığın təminatçısı, Heydər Əliyev ideyalarının və onun dərin islahatlar strategiyasının möhtəşəm davamçısı kimi dünya şöhrətli siyasətçi zati-aliləri İlham Əliyevi seçdi. İlahinin qanunauyğunluq seçimində isə heç vaxt yanlışlıq olmur. Qanunauyğunluq elə bir məfhum mövcudluğu, elə bir təbii axar, qüvvə mövcudluğudur ki, onun qarşısında heç bir sədd, heç bir maneə tab gətirə bilmir. Əslində, qanunauyğunluqların qarşısına sədd çəkməyin özü ən böyük qüsurdur və qanunauyğunluqlara zidd getmək fəlakətlərə, eybəcərliklərə, ən müdhiş qüsurlara aparıb çıxara bilir.
Bunu hazırda dünyanı sarsıtmış erməni terrorizminin səpdiyi zərərli və zəhərli toxumların cücərtilərinin timsalında aydın görmək, dərk etmək mümkündür. Bir vaxtlar mürtəce ideyalı erməni daşnaklarının, ASALA-PKK birliyinin suveren dövlətlərin beynəlxalq hüquq qaydaları ilə təsbitlənən sərhədlərinin təbii qanunauyğunluq meyarlarını ayaqlayıb keçərək Azərbaycan torpaqlarında törətdiyi qanlı terror aktlarının, kütləvi qırğınların, soyqırımlarının qarşısı müdrik düşüncə tərzinə malik Heydər Əliyev təfəkküründən süzülüb gələn insansevər ideyaların sayəsində alındı. Ulu öndər terroristlərə bəşərilik dərsi keçdi, onlara ayılıb dünyaya baxmaq, keçmişi və gələcəyi analiz-sintez süzgəcindən keçirmək informasiyasını göndərdi. Şübhəsiz ki, bütün bunların qaniçən terroristlərə əsaslı dərəcədə təsiri oldu. Lakin qlobal problemə çevrilmiş terrorizmə qarşı mübarizə tədbirləri məhdud ocaqlar həddində yox, ümumdünya miqyasında bütün dövlətlər tərəfindən qarşılıqlı əlaqə formasında həyata keçirilməlidir. Belə mübarizə həm də ikili standartlar çərçivəsində birtərəfli yox, səmimi, ədalətli, demokratik, obyektiv, dünya xalqlarının milli mənafeyi nəzərə alınmaqla, sülhsevər qüvvələrin birliyinin iştirakı ilə aparılmalıdır.
Müasir Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimai və iqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli lider qlobal proseslər fonunda tam fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Ümummilli lider 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın güc sahibliyi ilə fərqlənən dövlətlərini Azərbaycanla hesablaşmaq, onun konsepsiyasına hörmətlə yanaşmaq faktı qarşısında qoymuşdur.
Yeni dünya sistemində meydan sulamaq cəhdində olan güc mərkəzləri arasında gedən çəkişmələrin pərdəarxası mahiyyətinə müvafiq şəkildə məntiqli xarici siyasət həyata keçirən müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazda lider dövlətə çevrildi, ölkəmizin regionda icra edilən bütün transmilli layihələrdə iştirakı təmin olundu. Azərbaycanın Heydər Əliyev siyasi kursuna əsaslanmaqla həyata keçirdiyi daxili siyasət də ümumən bu prinsiplərə əsaslanmış, respublikanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində layiqli mövqeyinin təmin olunması, ikitərəfli əlaqələrdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi milli diplomatiyanın əsas hədəflərinə çevrilmişdir. Respublikamız ötən illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avroatlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük rəhbər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanmış, bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir.
Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənə və milli irsin qorunması, onların gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirmişdir. Dahi rəhbər çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Təcrübə göstərir ki, sosial rifaha xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Ümummilli lider Heydər Əliyev də məhz bazar iqtisadiyyatı şəraitində “sosial dövlət” konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Ulu öndər azad bazar iqtisadiyyatının yeni inkişaf modelini irəli sürmüşdür. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas səciyyəvi cəhəti diqqəti xüsusi cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ulu öndər hələ ötən əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin etmiş, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da tibb elmi, tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sisteminin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdır. Həmin illərdə Azərbaycanın səhiyyə, tibb elmi və tibb təhsili sistemlərində ölçüyəgəlməz islahatlar aparılmış, ozamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilmiş, tibbi kadr hazırlığında öz sözünü demişdir. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə onlarca gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş ittifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu. Tibb sahəsində mütəxəssislərin yeni nəslinin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirdilər. Eyni zamanda həmin illərdə tibbin müxtəlif elmi istiqamətləri - cərrahiyyə, terapiya, mikrobiologiya, urologiya, oftalmologiya, allerqologiya və immunologiya, pediatriya, kardiologiya, onkologiya, anesteziologiya və reanimatologiya, epidemiologiya, ginekologiya, stomatologiya, morfologiya və s. üzrə beynəlxalq səviyyəli elmi-tədqiqat işləri aparılmış, alınan nəticələr dünya alimləri tərəfindən yüksək dəyərləndirilmişdir.
Ulu öndər o dövrdə respublikanın səhiyyə sisteminin və Azərbaycan Dövlət Tibb İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsini də diqqətdə saxlamışdır. Həmin dövrdə yüzlərlə iri müasir səhiyyə obyekti inşa edilmiş, respublikada olan tibb müəssisələrinin yarıdan çoxu yeniləşdirilmiş, elmi-tədqiqat institutları, sağlamlıq və müalicə-profilaktika müəssisələri fəaliyyətə başlamışdır. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Əlillərin Reabilitasiya Mərkəzi, Kliniki Urologiya Xəstəxanası, habelə kimya-əczaçılıq zavodu və müasir profilli tibb müəssisələri açılmış, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binalar tikilmişdir. Yeni açılan tibb müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycan Dövlət Tibb İnstitutuna tələbə qəbulu artırılmış, ucqar kənd rayonlarından gələn abituriyentlərə güzəştlər tətbiq edilməyə başlanmışdır. Bir faktı da xatırlatmaq yerinə düşər ki, 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmiş, bu münasibətlə institut əməkdaşları bir sıra fəxri elmi adlara, dövlət təltiflərinə layiq görülmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdu. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin və tibb elminin tanıdılması demək idi.
Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə diqqətini daha da artırmışdı. Ulu öndər Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edir, ittifaqın yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirirdi. Həmin görüşlərdə səhiyyədə olan problemlərin müzakirəsini aparır, onların həlli üçün çıxış yollarını peşəkarcasına göstərirdi.
Ümummilli lider müstəqil Azərbaycana rəhbərliyi dövründə məhz bu zəngin potensiala, elmi və maddi-texniki bazaya istinad edərək səhiyyə islahatlarını da uğurla həyata keçirmişdir. 1993-cü ilin iyun ayında - mürəkkəb bir dövrdə respublika rəhbərliyinə qayıdan böyük rəhbər səhiyyə sistemində də mövcud problemlərin həlli istiqamətində ardıcıl islahatlar aparmışdır. Sistemə dövlət büdcəsindən ayrılan vəsaitlər tədricən artırılmış, bu sahənin fəaliyyətini tənzimləyən 10-dan çox qanun qəbul edilmiş, habelə müstəqil respublikamız bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşularaq vətəndaşların sağlamlığının təminatı ilə bağlı üzərinə mühüm öhdəliklər götürmüşdür. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının 41-ci maddəsində sağlamlığın qorunması hüququ birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddədə deyilir: “Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır”.
1993-2003-cü illərdə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” və s. qanunların, eləcə də “Dövlət sığortası haqqında” Əsasnamənin qəbulu bu baxımdan xüsusi vurğulana bilər. 1993-cü ildə Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının poliomielitə qarşı mübarizə, 1995-ci ildə “MEKAKAR” proqramlarına qoşulmuşdur. 1998-ci il martın 13-də isə Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalamaqla bu sahənin inkişafına böyük töhfə vermişdir. 1993-2001-ci illərdə elmi-tədqiqat institutlarının işində və elmi araşdırılmaların təşkilində də müsbət dəyişikliklər olmuşdur.
Ulu öndərin tibbi kadrların hazırlanması sahəsində ixtisaslaşmış təhsil və elm məbədi olan Azərbaycan Tibb Universitetinə diqqət və qayğısını da onun ruhuna böyük ehtiramla xatırlatmaq istərdim. Ölkəmizin bütün sahələrində olduğu kimi, Azərbaycan Tibb Universiteti də müstəqilliyin ilk illərindən dövlət rəhbərinin dəstəyi ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il sentyabrın 28-də ulu öndərin ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak etməsi isə bu elm ocağının tarixində ən unudulmaz hadisələrdən biri kimi qalmışdır. Böyük rəhbər 2000-ci ildə Azərbaycan Tibb Universitetinin 500 yerlik akt zalının açılışında, eləcə də universitetin yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişdir. Yeni istifadəyə verilmiş unikal akt zalının tribunasından çıxış edən Heydər Əliyev yeni dövrdə tibb təhsilinin qarşısında duran vəzifələrdən söz açmışdır. Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alan ümummilli liderin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyətli hərbi-tibb fakültəsi yaradılmışdır. Həmin illərdə Azərbaycan Tibb Universiteti Qara dəniz hövzəsiətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilmişdir. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində stomatoloji klinika təşkil edilmiş, bununla da universitetin klinikalarının yaradılması ənənəsinin bünövrəsi qoyulmuşdur. Bu gün həmin klinika istər təcrübəli kadr potensialına, istərsə də müasir maddi-texniki bazasına görə Azərbaycanda aparıcı tibb müəssisələri sırasındadır. Tibb Universitetinin stomatoloji kafedraları məhz həmin klinikada yerləşir, orada ən müasir aparat və alətlərdən istifadə edilməklə, müxtəlif əməliyyatlar icra olunur. Əminliklə demək olar ki, maddi-texniki bazasına görə bu klinika MDB məkanında öncül yerlərdən birini tutur.
2003-cü ilin oktyabrında ölkəmiz üçün milli transformasiyanın zamanın çağırışlarına adekvat olan yeni dövrü başlamış, Azərbaycan öz tərəqqisinin daha sürətli mərhələsinə çıxmış, iqtisadi strukturun intensiv formalaşması prosesinə start verilmişdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanın iqtisadi-sosial inkişafına, əhalinin sosial müdafiəsi sahəsində tarixi nailiyyətlər əldə etməsinə gətirib çıxarmışdır. Fəaliyyətində ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi vəhdətinə nail olan cənab İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd və vəzifələr sırasında əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi, ölkədə yoxsulluq probleminin birdəfəlik həllinə nail olunması, insanların layiqli həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının qorunması prioritetlik təşkil edən məsələlərdəndir. Bu vəzifələrin yerinə yetirilməsi ölkə Prezidentinin qayğısı sayəsində ölkəmizin Milli Məclisinin Səhiyyə komitəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də digər tibb müəssisələrinin birgə fəaliyyəti ilə yerinə yetirilir. Məhz bunun nəticəsidir ki, sürətli inkişaf hər bir ölkə vətəndaşının, ailənin həyatında özünü qabarıq şəkildə göstərir. Beynəlxlaq miqyasda da açıq etiraf olunduğu kimi, ölkəmizdə son bir neçə ildə əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlmiş, insanların maddi gəlirləri mütəmadi artmış, sosial və digər xidmətlər əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyi ilə müşayiət edilmişdir. Prezident İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı mübarizəyə diqqət yetirilir və bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin qarşısını alır. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı da Prezident lham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitin son illər sosial müdafiə, elm, təhsil, səhiyyə və sair sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi bunun real təsdiqidir.
Ölkə rəhbərliyinin milli səhiyyə sisteminə xüsusi diqqət və qayğısı daim yaxından hiss edilir. Bu siyasətin nəticəsidir ki, son illərdə ölkəmizin bütün səhiyyə obyektlərinin, tibb elmi və tibb təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu müasirləşmiş, elmi potensialı daha da güclənmişdir. Bu istiqamətdə aparılan işlərə müvafiq olaraq cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 2007-ci ildə ATU-da daha bir möhtəşəm klinikanın - Onkoloji Klinikanın açılışı oldu. Bu da ölkəmizdə onkoloji xidmətin, eləcə də tibb elmi və tibb təhsilinin inkişafına güclü təkan verdi. Möhtərəm Prezident İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının yaradılması haqqında” sərəncamı da dövlət başçısının təhsil və səhiyyə məsələlərinə necə böyük həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Universitetin cəmiyyətdəki yerini yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2010-cu il aprelin 28-də “Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalamışdır. Universitetin 80 illik yubileyi ilə əlaqədar ölkə başçısının iştirakı ilə 2010-cu ilin oktyabr ayında bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılışı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli sərəncamı əsasında universitetin Cərrahiyyə Klinikası da inşa olunmuş, 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılış mərasimi keçirilmişdir. 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin təkcə bu ali təhsil ocağının deyil, bütövlükdə Azərbaycan Respublikasının səhiyyə sisteminin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilmiş diqqət və qayğısının əyani göstəricisidir.
Müstəqil dövlətçiliyimizin qurucusu və memarı Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir.
Azərbaycan Respublikasının fədakar səhiyyə sistemi işçiləri əmindirlər ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəffəqiyyətlə davam etdirən, onu yeni layihələrin tətbiqi və dərin islahatlar ilə daim irəliyə aparan Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz yaxın illərdə daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir.

Əhliman ƏMİRASLANOV,
Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri