Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın simvolu

15 İyun 2017
 

XX əsrin sonlarına doğru dünyada cərəyan edən qlobal proseslərin və milli azadlıq hərəkatının nəticəsi kimi dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nda demokratik, hüquqi və dünyəvi dövlət olduğunu bəyan etsə də, qarşıya qoyduğu strateji hədəflərə doğru irəliləmək imkanı qazanmamışdı. Azərbaycanda hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi problemlər hökm sürürdü.

Demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini gələcək inkişaf modeli kimi seçmiş respublikamızda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri elan edilsə də, 1991-1993-cü illərdə rəhbərlikdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması zəminində baş qaldırmış xaotik və ziddiyyətli proseslər - qanunçuluğun, hüquq qaydalarının zəifləməsi, ictimai-siyasi sabitliyin təminatında ciddi problemlərin yaranması, vətəndaşların təhlükəsizliyi üçün real təhdidlərin meydana çıxması, sosial-iqtisadi tənəzzülün dərinləşməsi bu istəyin reallaşmasında ciddi maneəyə çevrilmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin genişlənməsi, digər tərəfdənsə hakimiyyətdə olan diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu xalqın demokratik və hüquqi dövlətdə yaşamaq istəyini əlçatmaz ideyaya çevirmişdi.
1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazirin və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qanunsuz hərəkətləri məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Hadisələrin gedişi təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Belə bir ağır vaxtda Azərbaycanın taleyini düşünən insanlar, nüfuzlu ziyalılar xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşdilər.
Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq ulu öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı düşdüyü acınacaqlı vəziyyətdən çıxarmaq üçün ondan kömək istəyir, Azərbaycanın müxtəlif bölgələrində mitinqlər keçirməklə müdrik siyasətçinin respublika rəhbərliyinə qayıtmasını tələb edirdilər.
Ulu öndərin şəxsiyyətinə olan dərin ictimai inam və etimad bir sıra obyektiv qanunauyğunluqlarla şərtlənirdi: əvvəla, hələ keçmiş İttifaq dövründə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin necə böyük siyasətçi və lider olduğu ölkə vətəndaşlarına yaxşı məlum idi. Məhz həmin illərdə müstəqil Azərbaycan dövlətinin iqtisadi, siyasi və ideoloji-mənəvi dayaqları formalaşmış, dövlət idarəçiliyinin bütün sahələrində uğurla çalışan intellektual elita formalaşmışdı. İkincisi, 1991-ci ilin iyulunda Heydər Əliyevin Moskvadan Naxçıvana dönüşü ilə ölkənin ağır böhrandan çıxarılması yolunda yeni mərhələ başlanmışdı. Naxçıvanda gedən mütərəqqi proseslərin bilavasitə müəllifi olan ümummilli liderin belə bir dövrdə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bir tərəfdən xalqımızın yekdil arzusu, digər tərəfdən tarixin diktə etdiyi qaçılmaz, qarşısıalınmaz bir zərurət idi. Həmin vaxt Azərbaycanın başqa bölgələrindən fərqli olaraq, Naxçıvan Muxtar Respublikası daha çətin, ağır və acınacaqlı günlərini yaşayırdı. Lakin ulu öndərin Naxçıvana qayıdışı sabaha ümidini itirən, ağır vəziyyətdə yaşayan naxçıvanlılarda böyük nikbinlik yaratmış, muxtar respublika qısa müddətdə üzləşdiyi blokada şəraitində bir çox çətinlikləri dəf edə bilmişdi.
Tarixdən məlumdur ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək mümkün deyildir. Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Ulu öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmişdir.
1993-cü ilin iyununda - ölkədə ciddi siyasi böhranın, hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü bir şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyət sükanı arxasına keçmiş ulu öndər Heydər Əliyev cəmiyyətdə demokratiyaya münasibətdə formalaşmış yanlış təsəvvürləri dəyişmək üçün, ilk növbədə, xalqla birlikdə ictimai-siyasi böhranı aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhvali-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmaqdan xilas etmişdir.
Heydər Əliyev qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
“Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq” - deyən ümummilli lider Heydər Əliyev demokratik inkişafa insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm siyasi vasitə kimi yanaşmışdır. Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyətin möhkəm əsaslarını yaratmış, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına qətiyyən təsir etməmiş, əksinə, bu inam gündən-günə möhkəmlənmişdir.
Böyük rəhbər müdrik və qətiyyətli siyasi gedişləri nəticəsində respublikada qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlər həyata keçirmiş, xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir. Beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycanda həmin dövrdə demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Bu zərurəti düzgün qiymətləndirən ümummilli lider Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün ilk növbədə, müstəqil Azərbaycan Konstitusiyasının hazırlanaraq qəbul edilməsini vacib saymışdır.
Ümummilli liderin rəhbərliyi altında 6 ay müddətində hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Beş bölmə, 12 fəsil və 158 maddədən ibarət Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təcəssüm etdirmişdir.
Hələ ötən əsrin sonlarına doğru istiqlaliyyətini əldə edən Azərbaycan məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşmış zəngin iqtisadi və elmi potensiala istinad etmişdir. Fəqət, 1991-1993-cü illərdə respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət - iqtisadi tənəzzül prosesinin dərinləşməsi, ictimai-siyasi sabitliyin kövrək xarakter daşıması elm və təhsil sahəsində də əsaslı problemlərə gətirib çıxarmışdı. Azərbaycan elmi tənəzzül girdabında çırpınır, nüfuzlu alimlər, bütün həyatını təhsilə həsr etmiş adlı-sanlı müəllimlər çörək ardınca xaricə üz tutur, mənəvi depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyev 1993-cü il sentyabrın 28-də ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan
Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Ulu öndər yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.
Ümummilli lider həmin mərhələdən ictimai həyatın ən müxtəlif sahələrində, o cümlədən elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısını almış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan elminin milli əsaslar üzərində dünyaya inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmışdır.
Heydər Əliyev milli təhsilin inkişafı və onun qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə inteqrasiyasını da ciddi vəzifə kimi qarşıya qoymuş, bu sahədə aparılacaq islahatların mahiyyətini açıqlamışdır. Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı baxımından vətəndaşların təhsil hüququnun reallaşdırılmasına böyük önəm verdiyini çıxışlarında hər zaman xüsusi vurğulamışdır. Təhsil hüququ Azərbaycan Konstitusiyasında hər bir vətəndaşın vacib hüquqlarından biri kimi elan olunmuşdur. Dövlət vətəndaşların pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin etmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan Respublikasında təhsil fəaliyyətinin əsas prinsipi olmuşdur.
Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi, diaspor və lobbi quruculuğu istiqamətində də ardıcıl addımlar atmışdır. Xatırlatmaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarında 31 dekabr tarixinin respublikada bayram kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında vəsatət qaldırmışdı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra isə müstəqil ölkəmiz dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etmiş və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmağa başlanmışdır.
Ulu öndərin irəli sürdüyü azərbaycançılıq ideologiyası bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər edir. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.
Dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsini irəli sürən ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini daim diqqətdə saxlamış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır. Ümummilli lider dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.
Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrətən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, İlahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş İttifaqda, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O, təkcə güclü idarəçi deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran nüfuzlu siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çətin vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi. O, anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, ulu öndər ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun kursu əsasında inkişaf edirdi... Hüquq nəzəriyyəçisi kimi dövlət quruculuğunun əsas yükü onun çiyinlərində idi... Usta diplomat kimi ölkəmizin dünya birliyində layiqli yer tutması onun xidmətləri idi... Böyük sərkərdə kimi müstəqil Azərbaycanın Milli Ordusunu o qurmuşdu... Milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin ən böyük bilicisi kimi bu dəyərlərin həm də ən böyük hamisi idi. Bəzən təəccüblənməmək olmur: o, bütün bunları, bunca azman fəaliyyəti bir insan ömrünə necə sığışdıra bilirdi? Amma bu suala cavab var. Ulu öndərin “Xalqın, vətənin taleyi hər bir insanın öz taleyinə çevrilməlidir” kəlamında gizlənir bu cavab. Heydər Əliyev heç vaxt öz şəxsi həyatını yaşamadı. Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi.
Heydər Əliyev Vətəni, Milləti, Dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Və elə bunlara görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi, onun milli qürur, fəxr-fəxarət ünvanına çevrildi.
Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı yeniləşdirdi, təzələdi, onun hər bir sahəsində mədəni inqilab yaratdı. Üçrəngli bayrağımız Naxçıvanda ilk dəfə salona onun səyi ilə gətirildi. Müstəqillik dövrünün yeni Konstitusiyası qəbul edildi, özəlləşdirmə böyük uğurla həyata keçirildi, torpaq sahibkarlara verildi, ilkin olaraq onlara yardımlar göstərildi, neft sənayesi milliləşdirildi, Azərbaycan ədəbi dili inkişaf etdirildi, milli kadrların yetişməsi üçün münbit şərait yaradıldı və onlar dövlət qulluğuna cəlb edildi.
...O, Azərbaycanın simvolu idi. Azərbaycanı əksər hallarda ona görə tanıyırdılar. “Heydər Əliyev” və “Azərbaycan” - bu iki məfhum birlikdə işlədilirdi. Siz heç SSRİ dövrünə aid tarixi xronikaya baxmısınızmı?! O xronikada 71 illik sovet epoxasının tarixindən qırmızı xətt kimi keçən çox mühüm bir detal var: cəmi 11 nəfərdən ibarət sovet Siyasi Bürosundakı yeganə türk-müsəlman dövlət adamının olması. Bu adam Heydər Əliyev idi...
Siz Azərbaycanın müstəqil dövlət kimi mövcud olduğu son illərdə ABŞ, Rusiya və Fransa prezidentlərinin, Böyük Britaniya və Yaponiya baş nazirlərinin, Almaniya kanslerinin Heydər Əliyevlə görüşlərindən kadrlara baxmısınızmı?! Dünyanın taleyini həll edən bu nəhəng dövlətlərin liderlərinin Heydər Əliyevə böyük dövlətçilik təcrübəsi olan bir şəxsiyyət kimi necə böyük sayğı və rəğbətlə yanaşdığını görən hər bir azərbaycanlı öz milli kimliyi, öz vətəni, öz dövləti ilə niyə fəxr eləməsin ki?!
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Ümummilli lider bütün sahələrdə dərin bir irs qoyub getmişdir. Onun siyasətinin istər ölkədə, istərsə də dünya müstəvisində öz ədəbi, öz əxlaqı vardır. Onun nitqi, insanpərvərliyi, hərəkət və davranışları unikal idi, bütün siyasətçilərə nümunə idi.
Böyük strateqin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, qanunun aliliyini və hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının fundamental əsaslarını özündə təcəssüm etdirir. Respublikamızın demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığı böyük nailiyyətlər də məhz ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Hazırda bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. Dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.
Müasir dünyada iqtisadi inkişaf potensialı hər bir dövlətin gücünü müəyyən edən başlıca amildir. Bu reallıqdan çıxış edən cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkənin və xalqın bütün problemlərinin - sosial çətinliklərin aradan qaldırılmasından tutmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinədək - hər bir maneənin dəf edilməsinin ən optimal yolu məhz iqtisadi tərəqqidən keçir. Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri güzgün müəyyənləşdirməklə, yeni dövrün ən səciyyəvi cəhəti kimi ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Cənab İlham Əliyev 14 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik