Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xilaskarlıq və quruculuq missiyası

15 İyun 2017
 

Hər bir xalqın taleyində mühüm rol oynayan böyük liderlər, ilk növbədə, zamanın nəbzini tutmaq, hadisələrə obyektiv qiymət vermək, milli resursları düzgün dəyərləndirmək məharəti ilə seçilmiş, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxararaq milli xilaskara çevrilmişlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə çətin vəziyyətdən az itki ilə çıxmaq imkanına malik olmaqla optimal qərarlar qəbul etmiş, həyatlarını riskə atmaqdan belə çəkinməmişlər. 

Azərbaycan xalqının tarixində böyük iz qoymuş ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi çətinlikləri, maneələri, problemləri mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan dahi lider kimi xatırlanır. Ümummilli liderin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır.
Ulu öndər Heydər Əliyev həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi çağdaş tariximizə möhürünü vurmuşdur. Böyük strateqin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi istiqamətində cərəyan edən proseslərin önündə getdiyini birmənalı olaraq təsdiqləyən faktlar kifayət qədərdir. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu öndər Heydər Əliyev Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikamızda geniş vüsət almış azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin keçmiş Naxçıvana rəhbərlik etdiyi dövrdə atılmışdır.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, faktiki olaraq bu niyyətini tam şəkildə reallaşdırmağa nail olmamış, hakimiyyəti ələ keçirən naşı və səriştəsiz qüvvələr ölkənin yeni mərhələdə üzləşdiyi problemlərin öhdəsindən gələ bilməmişdilər. Nəticədə ölkədə siyasi, iqtisadi və mənəvi tənəzzül prosesi dərinləşmiş, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Belə bir ağır durumda hakimiyyətini zorla qorumaq üçün silaha əl atan AXC-Müsavat iqtidarı 1993-cü ilin iyun ayının əvvəllərində Gəncədə ciddi hərbi-siyasi məğlubiyyətlə üzləşdikdən sonra ölkədə vəziyyət daha dramatik hal almış, respublika vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir. Belə bir vəziyyətdə Bakıya gəlməyi və heç bir təhlükədən çəkinmədən Gəncəyə, qiyamçıların gözünü qan tutduğu bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi fenomenal şəxsiyyət bacara bilərdi!
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi isə onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu gün Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də ümummilli liderlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi. Özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Bu da təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsi kimi dəyərləndirilir.
1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. İctimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.
Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazaq iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesinin aztəminatlı təbəqənin maraqlarına toxunmaması üçün dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını da təmin etmişdir.
Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmiş, ümumilikdə bu sektora 60 milyard dollaradək xarici sərmayə yönəldilmişdir.
Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir. 1996-ci ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə səbəb olmuşdur.
Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratmışdır.
Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda pozitiv meyillər özünü göstərməyə başlamışdır. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.
Ulu öndər Heydər Əliyevin uzun illər diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, “Holland sindromu”na imkan verməməkdən ibarət olmuşdur. “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur” - deyən ümummilli lider iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Neftdən qazanılan gəlirlərin indiki və gələcək nəsillərin mənafeyi naminə düzgün istifadə olunması üçün zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə olduqca mühüm addım olmuşdur.
Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. Texniki servis mərkəzləri yaratmaq, fermerlərin maliyyə problemlərinin güzəştli kreditlərlə həllinə kömək etmək, bir sözlə, iqtisadi inkişafda, ÜDM istehsalında aqrar sektorun payının artımına nail olmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər aqrar sektorda sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi, özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 27 faizdən 2003-cü ildə 70 faizə yüksəlmişdir.
Ulu öndər Heydər Əliyev iş adamlarının mənəvi hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın lokomotiv qüvvəsinə çevrilməsinə daim çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. Böyük strateq sahibkarların Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsünə də müsbət yanaşmış, bu yönümdə operativ qərarlar qəbul etmişdi. Ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.
Bütün bunlar ona gətirib çıxarımşdır ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.
Ulu öndər ölkənin dinamik inkişafı üçün sistemli tədbirlər həyata keçirməklə yanaşı, iqtisadi inkişafın elmi-nəzəri əsaslarının formalaşdırılması məsələlərinə də xüsusi diqqət ayıraraq iqtisadçı alimlər qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir: “Əgər son beş ili götürsəniz, bizim iqtisadi sistemin əsasını təşkil edən sənədlər, fərmanlar, qanunlar həddindən artıq çoxdur. Amma bunları tətbiq etmək, bu və digər qanunun, fərmanın müddəalarını cəmiyyət üçün, insanın özü üçün, onun fərdi biznesi üçün faydasını anlatmaq, insanların bunu dərk etməsi böyük bir prosesdir. Biz inanırıq ki, bu prosesi ardıcıl surətdə həyata keçirərək, Azərbaycanın iqtisadiyyatını daha çox inkişaf etdirə və xalqımızın rifah halını yaxşılaşdıra bilərik. Eyni zamanda, bu, nəzəriyyə ilə bağlıdır, dünya təcrübəsi ilə bağlıdır. Dünya təcrübəsini siz - sizin mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni - yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur - ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir”.
Ötən 14 ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevin də yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil edir. Cənab İlham Əliyevin ulu öndərin mükəmməl siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, eləcə də praqmatik, müasir lider imicinə malik olması, müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına möhkəm zəmin yaratmışdır.
Ötən 14 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi; Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması; neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi; eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi; regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması; işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması; əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi; infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.
Bu nöqteyi-nəzərdən regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir.
Ümumilikdə, 2003-2017-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir.
Respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənərək cəmiyyətin sosial sifarişini əks etdirir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Bu mənada, Azərbaycanda sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.
Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətində insan amilinin mühüm yer tutduğunu təsdiqləyir. Təsadüfi deyildir ki, hökumətin son 14 ildə həyata keçirdiyi bir çox infrastruktur layihələri məhz sosial mahiyyət kəsb etmişdir. Dəniz səviyyəsindən 3000 min metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaqla təmin edilməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin tamamilə ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun “İnsan kapitalı indeksi” hesabatında Azərbaycan 124 ölkə arasında 63-cü yeri tutmaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır.
Sevindirici məqam ondan ibarətdir ki, regional inkişaf tədbirləri çərçivəsində yerli gəlirləri daxili imkanları hesabına təmin edən rayon və şəhərlərin sayı bu il 30-u ötmüşdür. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edirlər.
Faktiki olaraq, Azərbaycanda vətəndaşların həyat səviyyəsinin yüksəldiyini bir neçə mühüm göstərici əyani surətdə əks etdirir. Belə ki, yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi son 12 il ərzində altı dəfə azalaraq, 2005-ci ildəki 29,3 faizdən 2017-ci ildə 5 faizə qədər düşmüşdür. Digər sosial göstərici olan işsizlik səviyyəsi hazırda 5 faiz təşkil edir.
“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev keyfiyyətcə yeni mərhələdə vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir. Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurlar yüksək dəyərləndirilir, habelə “ASAN xidmət” dünyada yeni və unikal model kimi səciyyələndirilir.
Xüsusi vurğulamaq lazımdır ki, qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “İnkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir. Qonşu ölkələrdəki neqativ iqtisadi proseslərin təsiri fonunda hökumət respublikanın valyuta ehtiyatlarını qorumaq, ixracı stimullaşdırmaq üçün obyektiv səbəbdən manatın məzənnəsində dəyişiklik etməli olsa da, ümumi inkişaf tempi qorunub saxlanılmışdır.
Dövlət başçısı cənab İlham Əliyevin açıqladığı antiböhran paketi Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq, neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişaf strategiyası seçdiyini göstərir. Bu mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə çevik və qlobal böhran dövrünün çağırışlarına adekvat cavab verə biləcək hökumət idarəetmə modelinin formalaşdırılması, şəffaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə olunmasıdır.
Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.
2017-ci ilin birinci rübündə respublikamızın ticarət dövriyyəsinin 15 faiz, ixracın 50 faiz, o cümlədən qeyri-neft ixracının 10 faiz ətrafında artması, idxalın 17 faiz azalması ölkənin tədiyyə balansının qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyinin təmini baxımından mühüm makroiqtisadi göstəricilərdir. İlin ilk rübünün müsbət nəticələri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır.
Xüsusi vurğulamaq istərdim ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin son illərdə dəfələrlə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Ümumilikdə, son illər sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin yenilikçi iş üslubunun əyani göstəricisi kimi diqqəti çəkir. Bu kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində son 2 ildə şəhər ərazisindəki əksər park və meydanların yenidən qurulması əhalinin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir.
İqtisadçı alim kimi hələ 1990-cı illərdə Sumqayıt şəhərinin respublikamız üçün əhəmiyyətini 3 mühüm parametr üzrə dəyərləndirmişdik - yaşayış məkanı; ərazi-təsərrüfat kompleksi və ictimai iqlim zonası kimi. Sumqayıt şəhərinin son illərdə keçdiyi dinamik inkişaf yolu bu təsnifatın reallığa adekvatlığını bir daha təsdiqləmişdir. Bu gün Sumqayıt şəhəri böyük yaşayış məntəqəsi olmaqla yanaşı, nəhəng sənaye və ərazi-təsərrüfat kompleksinə çevrilmiş, burada sağlam ictimai mənəvi iqlim formalaşmışdır.
Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son 5 ildə Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə burada Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdur.
Sonda vurğulamaq istərdik ki, ölkəmizi anarxiya və xaosdan tərəqqi yoluna çıxarmış ulu öndər Heydər Əliyevin irəli sürdüyü ideyalar ötən illərdə inkişaf prosesində lokomotiv rolunu oynamışdır. Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşacağı isə qətiyyən şübhə doğurmur.

Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru