Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Abadlaşan, yeniləşən Qobustan

15 İyun 2017
 

Milli qurtuluşdan başlanan yol bu məkanın da inkişafına hərtərəfli təkan verdi

 

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmliləri arasında 1993-cü ilin 15 iyununu zirvə hesab etmək olar. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.” Bu fikirlər Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova məxsusdur.
Adil Məmmədov xüsusi vurğuladı ki, Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.
Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, həmin tarix xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Məhz ötən dövrdə qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı İlham Əliyevin əlindədir.
Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu tək Azərbaycan vətəndaşları yox, beynəlxalq aləm də təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna istinad edərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm çoxşaxəli, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni, inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana tam təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır.
Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda yaşanan çətinliklər məlum olduğu kimi bütün bölgələrdə hiss olunmaqda idi. Qobustan həmin dövrlərdə yeni rayon statusu almışdı. Ölkədə yaşanan maddi çətinliklər şübhəsiz ki, bu rayona da təsirsiz ötüşmürdü. Lakin zaman öz sözünü deməkdə idi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan iqtisadi inkişaf Qobustana da öz təsirini göstərdi. Hazırda Qobustan rayonu ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olunmuş, inkişaf etməkdə olan rayonlardan biridir.
Qobustan rayonu özünü çörək və çörək məhsulları ilə 80 faiz, kartofla 23,1 faiz, tərəvəz və bostan məhsulları ilə 20,1 faiz, meyvə və giləmeyvə ilə 67 faiz, ət və ət məhsulları ilə 191 faiz, süd və süd məhsulları ilə 180 faiz, yumurta ilə 119 faiz, kərə yağı ilə 20 faiz təmin edir.
Hazırda rayonun mərkəzi olan Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin qurulması işləri sürətlə gedir. Yaxın zamanlarda 8700 nəfər əhalinin və 1700-dək təsərrüfatın hər birində yüksək keyfiyyətlərə cavab verən içməli su xətti və çirkab suların axıdılması üçün kanalizasiya sistemi istifadəyə veriləcək.
Əhalinin təbii qazla təminatı məsələləri də son beşillikdə gündəlikdə duran məsələlərdən biri olub. Son beş ildə Xilmilli, Poladlı, Yekəxana, Bədəlli kəndlərinə, Üzümçü qəsəbəsinə və Qobustan şəhərinin yeni massiv ərazisində ilk dəfə təbii qazın verilməsi təmin edilib, 40 km-dən artıq korroziyaya uğramış xətlərin yüksək təzyiqə davamlı polietilen borularla əvəzlənməsi əhalinin fasiləsiz və normal təbii qazla təmin olunmasına şərait yaratmaqla yanaşı, itkiləri də minimuma endirib. Hazırda Qobustan rayonu təbii qazın dəyərinin ödənilməsi və itlkilərin azlığı baxımından respublikada ən qabaqcıl yerlərdən birini tutur. Rayon əhalisinin 93 faizi təbii qazdan istifadə edir. Şıxzahırlı, Cəngi, Təsi və Sədəfli kəndləri qazlaşdırılandan sonra rayonun 100 faiz təbii qazla təmin olunmasına nail olunacaq. Bununla bağlı hazırda danışıqlar aparılır.
Rayonda yol təsərrüfatı da sürətlə inkişaf edir. 2013-cü ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında tikintisinə başlanılan, ümumi uzunluğu 17 min 250 metr olan, 5 yaşayış məntəqəsi sakininin istifadə etdikləri Təklə-Sündü-Xilmilli avtomobil yoluna asfalt örtüyü vurulub, 23 su ötürücüsü və 9 dayanacaq quraşdırılıb.
Ümumiyyətlə, son illərdə rayonda ümumi uzunluğu 40 kilometrdən artıq olan, 22 min 700 nəfərə qədər əhalinin və ya ümumi əhalinin 52 faizinin yaşadığı, 10 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 2 avtomobil yolu yüksək səviyyədə asfaltlaşdırılıb. 5 yaşayış məntəqəsinin və 5000-ə yaxın əhalinin istifadə etdiyi Qobustan-Poladlı yolunun tikintisi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilib.
Qobustan rayonunda məktəb binalarının yenilənməsi də sürətlə davam etdirilir. Ötən dövrdə rayonda mövcud olan 30 ümumtəhsil məktəbindən 13-ü üçün yeni məktəb binası tikilib, 4-ü isə əsaslı təmir edilib, 1 kənddə 200 yerlik 10 sinif otağı inşa edilib, 6 məktəb binasının tikintisi və 4 məktəb binasının əsaslı təmiri son beş ildə həyata keçirilib. Bundan əlavə, Nabur və Xilmilli kəndlərinin istilik sistemləri qaydaya salınıb. Dizel yanacağından təbii qazla işləyən sistemə keçirilməsi daxili imkanlar hesabına təmin edilib. Hazırda elektrik enerjisi ilə qızdırılan Okean Baday oğlu Seyidov adına Bədəlli kənd tam orta məktəbinin binasının qazla işləyən sistemə keçirilməsi üçün Heydər Əliyev Fondu tərəfindən müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, təzə məktəblərdən 4-ü Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunub.
Məlum olduğu kimi, Qobustan aqrar rayondur və burada taxılçılıq daha çox inkişaf edib. Rayonun ümumi məhsul buraxılışının həcmində aqrar sahənin xüsusi çəkisi 42,5 faiz təşkil edir. 2014-cü ilin məhsulu üçün rayonda 29 min hektardan artıq sahədə taxıl əkilsə də, quraqlıq səbəbindən demək olar ki, məhsul əldə etmək mümkün olmamışdı. Kəndlərdə keçirilən səyyar görüşlərdə, ayrı-ayrı qəbullarda vətəndaşları narahat edən əsas məsələlərdən biri toxumla təminatın olmaması idi. Müvafiq təşkilatlarla aparılan danışıqlar nəticəsində rayona “Azər Toxum” MMC-dən yüksək keyfiyyətli kifayət qədər toxum ayrılmış, dəyəri isə dövlət hesabına ödənilib. Elə bunun nəticəsində 2015-ci ildə rayonda 50,0 min ton, 2016-cı ildə isə 55,0 min tondan artıq məhsul istehsal edilib. Məhsuldarlıq 2010-cu illə müqayisədə 2016-cı ildə 11 sentner artaraq 22,3 sentnerə çatıb.
2017-ci ildə rayon büdcəsinin 87,7 faizinin yerli gəlirlər hesabına formalaşması, 2018-ci ildə isə tamamilə dotasiyasız bir rayona çevrilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, Qobustan rayonu 2017-ci ildə dotasiya alacaq 32 rayon içərisində dotasiyanın ən az xüsusi çəkiyə malik olduğu rayondur.
Rayonda tikinti, quruculuq-abadlıq işləri də müvəffəqiyyətlə davam etdirilir. Təklə kəndində “Aqrolizinq” ASC Qobustan rayon bölməsi üçün inzibati binanın, Qobustan şəhərində 50 yerlik cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslər üçün adaptasiya mərkəzinin, bölgə təcrübə stansiyası üçün anbar və idarə binasının, Siyəzən Magistral Qaz Kəmərləri İdarəsinin Qobustan rayonunda idarə binası, kənd təsərrüfatı İdarəsi üçün inzibati bina, Qobuland hoteli, statistika idarəsi, Cəmcəmli kəndində yeni elektron avtomat telefon stansiyası, Yekəxana kəndində poçt binası, Ərəbşalbaş kəndində yerli sahibkar tərəfindən şadlıq evi, rayonda 10-dan artıq ticarət obyekti, yerli sahibkarlar tərəfindən Sündü, Ərəbşahverdi, Poladlı kəndlərində xeyir-şər evləri tikilib istifadəyə verilib. Hazırda “KapitalBank”ın Qobustan rayon filialı üçün inzibati binanın tikintisi davam etdirilir.
Bir sözlə, Qobustanda həyat qaynayır. Hər kəs bacardığı işin qulpundan yapışır. Məhz elə ümummilli liderin də istədiyi bu idi. O da həyatı, sağlamlığı bahasına qurduğu, memarı olduğu Azərbaycanın hər guşəsini abad, insanlarını firavan görmək istəyirdi...

Əli SƏLİMOV,
“Azərbaycan”