Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kənddə işin başdan aşan vaxtıdır

15 İyun 2017
 

Salyan rayonunda əkin-biçin sahələrində bunun şahidi olduq

 

İndi kəndlinin işi, həqiqətən, çoxdur. Bir tərəfdə kombaynlar yetişən taxılı biçir, digər tərəfdə pambıq sahələri, üzümlüklər becərilir, başqa bir tərəfdə yonca kipləri bağlanır, bostan-tərəvəz sahələri suvarılır, digər işlər görülür. Başqa sözlə, torpaq mülkiyyətçisi, fermer günəşin çıxmasını sahədə qarşılayır, gün batana, hava qaralana kimi çalışır. İşin çoxluğu onu qorxutmur, əksinə, zəhmətinin bəhrəsini gördükcə sevinir, fərəhlənir.
Bu günlərdə Salyan rayonunun kəndlərində zəhmət adamları ilə görüşüb söhbət edərkən bunun bir daha şahidi olduq. Yeri gəlmişkən Salyan respublikamızın ən iri kənd təsərrüfatı rayonlarındandır. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə burada hər il təqribən 42 min tondan çox taxıl, 56 min tondan çox pambıq istehsal edilmiş, heyvandarlığın sənaye üsulu ilə inkişaf etdirilməsi üçün kökəltmə birliyi yaradılmış, kənd təsərrüfatının digər sahələrində də uğurlar əldə olunmuşdur. Qazanılan nailiyyətlərin müqabilində neçə-neçə əmək qabaqcılı o dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına, orden və medallara, fəxri adlara layiq görülmüşdülər. Onlardan biri Sabir Əhmədov idi. O, uzun müddət “Yeni Muğan” kolxozunda pambıqçılıq briqadiri işləmişdi. Əldə etdiyi uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adını almışdı, SSRİ Dövlət Mükafatı laureatı idi, SSRİ Ali Sovetinə deputat seçilmiş və digər nailiyyərlər qazanmışdı. S.Əhmədov keçən il dünyasını dəyişmişdir. O dövrün qəhrəmanlarının çoxu indi həyatda yoxdur. Lakin sonrakı nəsillər bu ənənələri yaşatmaq əzmindədirlər. Əmək adamları respublikamızda aqrar sahənin inkişafına dövlət dəstəyini görüb yenidən torpağa üz tutmuş, rayonun keçmiş şöhrətini qaytarmaq üçün səylə çalışırlar.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Tarıyel Atamalıyevlə birlikdə pambıqçılıq sahəsində yaxşı ənənələri olan Parça Xalac inzibati ərazi nümayəndəliyinin əhatə etdiyi kəndlərə gedirik. Qeyd edək ki, haqqında qısa söhbət açdığımız S.Əhmədov da nümayəndəliyin ərazisindəki Seydan kəndində yaşayıb. Piratman Gəncəli kəndi də getdiyimiz yolun üstündədir. Kəndləri birləşdirən şüşə kimi asfalt yol keçən il istifadəyə verilib. Yolun hər iki tərəfi əkin sahələridir. Kənardan gövdəli qovaq ağacı görünür. T.Atamalıyev sürücüyə: “Balakan” MMC-nin həyətinə sürərsən, gəlmişkən aqronom pambıq becərənlərin də pulunu versin”, - dedi. Maşın sağa burularaq şosenin beş addımlığında dəmir torla əhatələnmiş əraziyə daxil olub cəmiyyətin mənzil-qərargahına yaxınlaşdı. İdarə rəisi bildirdi ki, “Balakan” MMC 2011-ci ildə yaradılıb. Çuxanlı, Piratman Gəncəli və Parça Xalac kəndlərində 450 hektardan çox əkin sahələri var. 7 il bundan öncə 7 hektar nar bağı salıblar. Keçən il həmin bağdan 50 ton məhsul götürüblər. Bir hissəsini daxili bazarda reallaşdırıb, qalanını Balakən rayonundakı şirə zavoduna təhvil veriblər. İlin əvvəlində “Salyan Kənd Təsərrüfatı” MMC və “MKT-Salyan”la müqavilə bağlayaraq 308 hektarda “Xarizma” və “Bəyaz altun” sortlarından olan pambıq əkiblər.
“Balakan” MMC-nin nümayəndəsi İsa Alqayev və aqronom Vüqar Qafarovla da tanış olduq. Aqronom dedi ki, pambıq sahələrində indiyədək 2 dəfə kultivasiya, 1 dəfə alaq otlarından təmizləmə və seyrəltmə aparılıb. İki gündən sonra yemləmə gübrəsinin verilməsinə başlayacaqlar. Kifayət qədər azot tədarük ediblər. İşçi sarıdan heç bir çətinlik yoxdur. Sahələrdə hər gün 80-100 nəfər çalışır.
Sonra rahat şose ilə buradan çox da uzaq olmayan Parça Xalac inzibati vahidliyinin ərazisinə getdik. Kür qırağı olduğundan buradakı torpaqlar münbit və məhsuldardır. Seydan kəndi də bu nümayəndəliyin tərkibindədir. Yuxarıda adını çəkdiyimiz məşhur pambıq ustası Sabir Əhmədovun bir vaxtlar əkib-becərdiyi sahələrə baxırıq. Ənənə davam edir. Nümayəndəliyin ərazisində 159 hektar pambıq əkilib. Pambıq əkənlərdən biri də Qardaşxan Bunyadovdur. O, özünün 2,5 hektar torpaq sahəsindən başqa, 11 hektar da icarəyə götürüb və hamısında da pambıq əkib. Sahələrinin nisbətən gec əkiləni də var. Bir tərəfdə cərgələr arasında kultivator işləyir, digər tərəfdə isə qızlar-gəlinlər alaq otlarını vurur, çiyidin çox düşdüyü yerlərdə seyrəltmə işləri aparırdılar. Torpaq mülkiyyətçisi heç bir problemin olmadığını, müqavilə bağladıqları təşkilatların onları texnika, gübrə ilə vaxtlı-vaxtında təmin etdiyini dedi.
Kürqaraqaşlı kənd inzibati nümayəndəliyinin tərkibindəki Beşdalı, Cəngən, Xocalı və Ərəbqardaşbəyli yaşayış məntəqələri rayonun başqa bir istiqamətində, Salyan-Neftçala magistral şosesi ilə Kür çayının buradan burula-burula axıb getdiyi aralıq ərazidə yerləşir. Bu kəndlərdə 5 min 500 əhali yaşayır. Kənd ərazi nümayəndəsi Abas Məmmədov dedi ki, burada 735 nəfər torpaq mülkiyyətçisi və fermer vardır. Kürqaraqaşlı Salyanın inkişaf etmiş kəndlərindəndir. Bu kənddən çox sayda ziyalılar, alimlər çıxmışdır. Heyvandarlıq üzrə görkəmli alimlər Feyruz Məlikov, Ağaxan Ağabəyli, şair, əməkdar incəsənət xadimi Əliağa Kürçaylı, müxtəlif ixtisaslardan olan onlarca elm xadimləri, mütəxəssislər bu torpağın yetirmələridir. Sovetlər birliyi zamanında buradakı “Oktyabr” kolxozu rayonda ən yüksək göstəricilər əldə etmişdir. Ərazidə torpağın hər hektarından səmərəli istifadə etmək vərdişə, günün tələbinə çevrilmişdi. Ata-babalarından qalan belə iş təcrübəsini indi gənc nəslin nümayəndələri həvəslə davam etdirirlər. Onlardan bir neçəsi ilə tarlada iş üstündə görüşdük.
“Klass” kombaynının işlədiyi sahədə Xocalı kənd sakini, torpaq mülkiyyətçisi Vaqif Zeynalov gülə-gülə dedi ki, hər hektardan 40 sentner arpa götürürük. Özü də arpa yaxşı qiymətə gedir. Hər kiloqramını 25-27 qəpikdən sahədə alırlar. “Küləkli leysan olmasaydı, nəticə daha yüksək olardı”, - deyib tala-tala torpağa yatan sahələri göstərdi.
Şor su kanalının kənarından keçən torpaq yolla irəliləyərək pambıq əkilən sahələrə çatanda orada becərmə işləri aparılırdı. Torpaq mülkiyyətçisi Həzi Şabanovla görüşüb “İşiniz avand, məhsulunuz bol olsun!” - deyirik. O da: “Xoş gəlmisiniz, - deyir, sonra, - bunun məhsul olması üçün hələ çox var. İndi çalışıb-vuruşuruq, - deyə sözünə davam edir, - pambıq elə bitkidir ki, gərək ona gündəlik qayğı göstərəsən. Kətmənləməsini, seyrəltməsini, kultivasiyasını, gübrəsini, suvarmasını, ucvurmasını, ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında, özü də keyfiyyətlə aparasan. Belə olduqda yüksək nəticə göstərmək olur”.
Həzi Şabanov 16 hektarda pambıq əkib. Bunun 2,8 hektarı pay torpağıdır, qalanını isə icarəyə götürüb. O da təminat sarıdan heç bir problem olmadığını söylədi. “MKT-Salyan” filialının mütəxəssislərinin onlara gündəlik olaraq baş çəkməsindən, əməli köməklik göstərməsindən razılıq etdi.
Kürqaraqaşlı nümayəndəliyi üzrə bu il 700 hektarda buğda, 150 hektarda arpa yetişdirilmişdir. Kombaynlar arpa zəmilərini biçib qurtardıqdan sonra buğda sahələrinə keçəcəklər. Nümayəndəliyin ərazisində keçən il 175 hektar pambıq əkildiyi halda, cari ildə bu rəqəm 551 hektara çatdırılmışdır. Bu, ilk növbədə ölkə rəhbəri İlham Əliyevin kənd təsərrüfatına, onun mühüm sahəsi olan pambıqçılığın inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir. Torpaq mülkiyyətçilərinə, fermerlərə, habelə sahibkarlara subsidiyaların, güzəştli qaydada mineral gübrələrin, kreditlərin, süni mayalanma ilə alınan hər buzovdan ötrü 100 manat pulun, cins inəklərin, texnikanın verilməsi, pambığın qiymətinin artırılması kənd adamlarını, bu sahə ilə məşğul olan iş adamlarını daha da ruhlandırmışdır.
Rayonda 22 min 578 hektar taxıl sahəsi vardır. Bunun da 9 min 743 hektarı buğda, 12 min 835 hektarı arpadır. Biz rayonda olarkən 3 min hektar sahənin arpası biçilmişdi. Hər hektarın məhsuldarlığı orta hesabla 29,8 sentner təşkil edirdi ki, bu da keçən ilin eyni tarixinə olan məhsuldarlıqdan 1,7 sentner çoxdur.
Artıq havalar get-gedə istiləşir. Bu, pambıqçıları daha çox sevindirir. Onlar aprel və may aylarında havaların soyuq keçməsi nəticəsində yaranan geriliyi aradan qaldırmaq üçün səylə çalışırlar. Məqsəd cari ildə 7 min 60 hektar sahədən ən azı 15 min ton “ağ qızıl” yığmaqdır.

Seyran CAVADOV,
“Azərbaycan”