Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıdan Şuşaya yol Cocuq Mərcanlıdan keçir

14 İyun 2017
 

İlham Əliyev Böyük Qayıdış Konsepsiyasının icrasına başlayır

 

Lələtəpə...
Cocuq Mərcanlı...
Bir zamanlar bu doğma toponimlərin adı çəkiləndə illərdir köksümüzdə gəzdirdiyimiz yaranın qaysağı qoparaq qəlbimizi göynədirdi. Vətən, yurd həsrətindən böyük, üzücü, çəkiləsi çətin olan dərd varmı görəsən bu dünyada?!
Qara günlərin ömrü az olar desələr də, düz 23 il çəkdi bu həsrət. Çəkildi qara buludlar bu torpaqların üzərindən... Yeni doğan günəşin üfüqləri təkcə Azərbaycana deyil, bütün dünyaya yayıldı. Qürur rəmzimizə çevrilən bu adlar həm də qəlbimizdə yanan ümid çırağına çevrildi...

 

Böyük Qayıdışın ilk müqəddiməsi

 

Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrildi və “Böyük Qayıdış”a Cocuq Mərcanlıdan başlanıldı.
Bu gün bütün ölkə vətəndaşlarının diqqəti Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yönəlib. Çünki 23 ildən sonra bu kənddə həyat yenidən canlanmağa başlayıb. Cəmi 5 ay erməni silahlı birləşmələrinin nəzarəti altında olan bu kənd demək olar ki, yerlə-yeksan edilmişdi. Daşı-daş üstündə qalmayan Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunmuşdu. Lakin ətrafdakı yüksəkliklər düşmən əlində olduğu üçün kənddə təhlükəsiz yaşayış qeyri-mümkün idi. Azərbaycan Ordusunun ötən ilki aprel zəfəri nəticəsində minlərlə hektar torpağımızın, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması Cocuq Mərcanlıya qayıdışın təməlini qoydu.
Prezident İlham Əliyev öncə kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, sonra isə Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı ilə 4,3 milyon manat vəsait ayırdı. Sevincinin həddi-hüdudu olmayan 400-dən çox Cocuq Mərcanlı ailəsi doğma kəndə qayıtmaq üçün ərizə ilə müraciət etdi. Bütün bunlar isə 1 milyondan çox məcburi köçkündə öz ata-baba yurdlarına dönəcəklərinə ümid və inam hissini gücləndirdi. Dövlət başçısının bu sərəncamları Azərbaycanın Böyük Qayıdış Konsepsiyasına şübhə ilə yanaşanlara tutarlı cavab oldu. Eyni zamanda, bütün dünya bildi ki, erməni vandallarının 5 aya darmadağın etdikləri Cocuq Mərcanlını Azərbaycan dövləti 4 aya yenidən qurdu.
Özü də daha möhtəşəm, daha əzəmətli!

 

Baharın 23-cü anında yurd həsrətinə son qoyulur

 

Yaxın günlərdə Cocuq Mərcanlı sakinlərinin vətən, yurd həsrətinə son qoyulacaq. Çünki kənd artıq yaşayış üçün tam hazır vəziyyətdədir. Bu gözəl mənzərənin şahidi olmaq üçün yenidən Cocuq Mərcanlıya üz tutduq.
İlk dəfə buraya ayaq basanda (15 fevral) gördüyümüz mənzərə ürək dağlayırdı. Kənddə yaşayışdan əsər-əlamət qalmamışdı. Yalnız uçub-dağılmış bir-iki evin divarlarından başqa gözə heç nə dəymirdi. Sanki bir zamanlar həyatın tam gücü ilə qaynadığı bu kənddə 283 ev təsərrüfatı, məktəb, kitabxana, poçt, icra nümayəndəliyi, qara mal, qoyunçuluq fermaları, anbar və kolxoz heç olmayıb. İndi isə qarşımızda möhtəşəm bir mənzərə var: yeni libasa bürünmüş Cocuq Mərcanlı...
İllərdir işğal altında olan böyük qayıdışın “ilk qaranquşu”nun yeni 50 mənzili sakinlərinin yolunu gözləyir.

 

Kəndə gedən yol və daxili küçələr asfaltlanıb, gecə işıqlandırma sistemi qurulub

 

Horadizdən Cocuq Mərcanlıya gedən avtomobil yolunun tikintisi artıq başa çatıb. Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 1,5 metr təşkil edir. Zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılıb.
Yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini rahatlaşdırıb.
Kəndin daxili küçələri, məhəllələrarası ərazilər də tam asfaltlanıb. Bütün xarici və daxili təbii qaz, elektrik, həmçinin telefon xətlərinin çəkilişi başa çatıb. Küçələrdə gecə işıqlandırma sistemi qurulub.

 

“Cocuq Mərcanlı” yarımstansiyası digər kəndləri də fasiləsiz elektrik enerjisi ilə təmin edəcək

 

Kəndin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kilovoltluq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kilovoltluq ikidövrəli elektrik xətti çəkilib. Transformatorlarının gücü 2x6,3 MVA olan yeni “Cocuq Mərcanlı” yarımstansiyasının 35 və 10 kilovoltluq tərəflərində montaj işləri başa çatıb. Kənddə yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kilovoltluq şəbəkə yaradılıb.
Ərazidə bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kilovoltluq 1000 kVA gücündə yeni komplekt transformator məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

 

Təmirli mənzillər, yeni məktəb binası və Şuşa məscidinin bənzəri

 

23 ildir məcburi köçkünlük həyatı yaşayan çocuq mərcanlılar tam təmirli yeni mənzillərdə yaşayacaqlar. Burada tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Sakinlərin ixtiyarına veriləcək təmirli mənzillər mətbəx avadanlıqları, yataq dəstləri ilə təchiz olunub. Mənzillərin qarşısında həyətyanı sahə də mövcuddur.
Bu ərazidə bərpa prosesinin ikinci mərhələsində daha 100 yaşayış evi, mədəni-maarif obyektləri, uşaq bağçası, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək.
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi də şagirdlərin yolunu gözləyir. Hazırda Biləsuvar rayonunda fəaliyyət göstərən məktəb sentyabr ayının 15-də öz doğma ünvanına köçəcək. Bu, xüsusən Cocuq Mərcanlını görməyən uşaqların həyatında xüsusi iz buraxacaq. Çünki onlar məhz ata-analarının təhsil aldıqları kənddə oxumağa başlayacaqlar.
Məktəbin binasında ulu öndər Heydər Əliyevin məcburi köçkünlərlə görüşləri, Prezident İlham Əliyevin cəbhə bölgələrinə səfərləri və Milli Ordumuzun qəhrəmanlıq salnamələrini əks etdirən şəkillərdən ibarət fotostendlər hazırlanıb. Burada 6 sinif, 1 müasir bilgisayarlarla təchiz olunmuş informatika, müəllimlər otağı və gənclərin çağırışaqədərki hazırlıq kabineti mövcuddur.
Prezident İlham Əliyevin göstərişinə əsasən, burada Şuşa məscidinin bənzəri olan yeni Cocuq Mərcanlı məscidi də inşa olunub. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetrdir. Minarələrinin hündürlüyü 26 metr olan məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilib.
Azərbaycan Prezidentinin məscidin tikintisi ilə bağlı verdiyi göstəriş Ermənistana, onun havadarlarına, beynəlxalq aləmə ciddi bir siqnaldır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Eyni zamanda dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsinə bir töhfədir. Bu məscidin minarəsində səslənəcək azan şəhidlərimizin ölməz ruhunu şad edəcək.
Əlbəttə, Cocuq Mərcanlının bərpası digər işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinin və oralarda başlayacaq yenidənqurma işlərinin müjdəsidir. Təbii ki, indi ən çox sevinən yeni mənzillərə köçəcək çocuq mərcanlılardır.
Bu səbəbdən də Cocuq Mərcanlıdan qayıdarkən yolüstü Biləsuvardakı məcburi köçkün qəsəbələrinə baş çəkərək Cəbrayıldan olan sakinlərlə görüşdük. Doğma yurda qayıtmaq ümidlərini bir gün də olsun itirməyən cəbrayıllıların hər birinin çöhrəsində qayıdışdan doğan sevinc dərhal hiss olunurdu.

 

Prezidentin sayəsində evimizə qayıdırıq

 

Cocuq Mərcanlı həsrəti ilə yaşayanlardan biri hazırda Biləsuvardakı 9 saylı məcburi köçkün qəsəbəsində məskunlaşan kənd təsərrüfatı üzrə texniki nəzarət müfəttişi Atakişi Atakişiyevdir. Köçkünlükdən sonra çox əziyyətlər görən Atakişi Atakişiyevin arzusu ömrünün qalan hissəsini doğma kəndində yaşamaqdır: “Biləsuvara 2007-ci ildə ailəmlə köçmüşəm. Buna qədər çox əziyyətlər çəkdik. Əvvəlcə Saatlıdakı çadır şəhərciyində məskunlaşmışdıq. Amma şəraitsizlik ucbatından yerimizi dəyişməli olduq və qonşuluqdakı kəndə yaxın yerə köçdük. Sonra Saatlının Varxankənd kəndində bir yer tapdıq. Nəhayət, Biləsuvarda bu şəhərcik salınanda dövlət tərəfindən üçotaqlı evlə təmin olunduq. Burada şəraitimiz nə qədər yüksək olsa da, öz kəndimizdə yaşamaqdan böyük xoşbəxtlik ola bilməz”.
Atakişi Atakişiyev deyir ki, hətta vəfat edən yaxınlarını da apararaq Cocuq Mərcanlıya yaxın ərazidə dəfn ediblər. Çünki kəndə qayıtmaq ümidlərini heç vaxt itirməyiblər: “Budur, ümidimiz real olmaq üzrədir. Kimisi indi, kimisi növbəti mərhələdə kəndə qayıdacaq. Hələlik 50 ailə köçəcək, amma sonra yeni evlər də tikiləcək. Tezliklə kəndimizdə həyat əvvəlki axarına qayıdacaq. Sakinlərimiz əvvəllər olduğu kimi, yenə də öz işləri ilə məşğul olacaqlar. Buna görə Prezident İlham Əliyevə hamımız ömrümüz boyu dualar edəcəyik. Bizi çadır şəhərciklərindən şəraitli evlərə köçürdü. Bu gün onun sayəsində doğma yurdumuza qayıdırıq. Bizim ən böyük arzumuzu çin etdiyi üçün Prezidentə minnətdarıq və həmişə də onun ətrafında sıx səfərbər olacağıq”.
Cocuq Mərcanlı sakini Mahirə Abdullayeva uzun müddət kolxozda çalışıb. Deyir ki, dünyada torpaq həsrətindən ağır heç nə yoxdur: “Hara getsən də doğma yurd səni özünə çəkir. Bu yaxınlarda Cocuq Mərcanlıda olmuşduq. Qayıdandan sonra özümə gələ bilmədim. İndi təsəvvür edin, biz bu 23-24 ildə hansı hissləri yaşamışıq.
Həsrətimizə son qoyduğu üçün Prezident İlham Əliyevə minnətdarıq. Onun sayəsində ordumuz erməniləri kəndimizin ətrafından qovub çıxardı və bu gün Cocuq Mərcanlıda rahat yaşayış mümkün olub. Kəndimizin yerində əvvəlkilərdən də yaraşıqlı, geniş evlər tikilir. Bizim üçün bundan böyük mükafat nə ola bilər?!”
Mahirə Abdullayevanın iki övladı var, biri ailəlidir. Özünün də, oğlunun da ailəsi kəndə qayıtmaq üçün müraciət edib: “Hamı kəndə qayıtmaq istəyir. Başqa cür yaşamaq çox ağırdır. Rəhmətlik anam kəndə qayıtmağı çox arzulayırdı. Amma qismət olmadı, həyatdan nisgilli köçdü. Ona görə onun övladlarının, nəvələrinin kəndə qayıtmağı bizim üçün böyük təsəllidir”.

 

Bir gün də olsun inamımızı itirmədik

 

Cocuq Mərcanlıdan olan Bənövşə Şirinova da Biləsuvardakı köçkün şəhərciyində məskunlaşıb. Doğma yurda qayıtmaq arzusu ilə dolub-coşan Bənövşə xanım heç bir gözəlliyin doğma yurdu əvəz etmədiyni deyir: “Baxın, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sayəsində gözəl evlərlə təmin olunmuşuq. O vaxt bu qəsəbələrin salınması barədə Heydər Əliyev fərman vermişdi. İlk qəsəbənin açılışına isə İlham Əliyev gəlmişdi. Deməyim odur ki, biz onların sayəsində darısqal və şəraitsiz yerlərdən normal evlərə köçürüldük. Burada da hər bir ailəyə 12 sot həyətyanı sahə və 60 sot pay torpağı verilib. Amma yurd nisgili bizi heç vaxt tərk etməyib. Bir gün də olsun Cocuq Mərcanlıya qayıtmaq inamımızı itirmədik. Elə gün olmur ki, biz kəndimizdən danışmayaq. Yurd itkisi ən ağır dərddir. Biz bunu yaşadığımız üçün bilirik. Yaşamayanlar bu itkinin ağırlığını bizim qədər hiss edə bilməzlər. Dərdlərin böyüyü elə yurd itkisidir”.
Bənövşə Şirinova deyir ki, kəndin bərpa olunacağını eşidəndə sevincindən göz yaşını saxlaya bilməyib: “Buna sevinməmək, kövrəlməmək mümkün deyildi. Böyük dərdin əlacı tapılanda böyük sevinc doğurur. Bu günlərdə biz sevincliyik. 24 ildə üzümüz ilk dəfədir ki, ürəkdolusu gülməyə başlayıb. Dövlətin bizim üzərimizdə haqqı çoxdur, biz də çalışacağıq ki, bundan sonra ölkəmizin inkişafına öz töhfəmizi verək”.

 

Cocuq Mərcanlıda daha xoşbəxt olacağıq

 

Biləsuvardakı 8 saylı qəsəbədə məskunlaşan İlyas İbadov vaxtilə Cocuq Mərcanlının icra nümayəndəsi işləyib. Onun sözlərinə görə, Cocuq Mərcanlının bərpası ilə Qarabağa qayıdışın təməli qoyulub: “Bütün məcburi köçkünlərin doğma yurda qayıdış inamlarını artıran bu sərəncam bir daha göstərdi ki, Prezident İlham Əliyev üçün ən prioritet məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Bütün Cocuq Mərcanlı sakinləri Prezidentə minnətdardırlar. Ən böyük arzumuz təbii ki, məcburi köçkünlərin öz evlərinə qayıtmalarıdır. Ona görə Tanrıdan ən böyük diləyimiz onların da bizim kimi doğma yurda qayıdış sevincini yaşamalarıdır. İnanıram ki, onlar da gün gələcək, bizim kimi böyük sevinc hissini yaşayacaqlar. Bilirik ki, cənab İlham Əliyev torpaqlarımızı azad etmək üçün gərgin iş görür. Biz bu yolda dövlət başçımıza uğurlar diləyirik”.
Həmsöhbətimiz İsrayıl Səfərovun sözlərinə görə, ömrünün ən gözəl illərini Cocuq Mərcanlıda keçirib. Kəndin yenidən qurulması isə onun həmin günlərə yenidən qayıtmaq inamını özünə qaytarıb: “Prezidentin sərəncamından sonra biz bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız onun rəhbərliyi ilə nəyin bahasına olursa-olsun, tezliklə azad ediləcək, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Dövlətimiz sağ olsun, burada bizə ev verib. Biz də özümüzə normal güzəran yaratmışıq. Şəraitimiz pis deyil. Amma inanın ki, Cocuq Mərcanlıda harada və hansı şəraitdə yaşamağımızdan asılı olmayaraq daha xoşbəxt olacağıq”.
Qeyd edək ki, Cocuq Mərcanlının adını Cəbrayılın işğalda olmayan yeganə kəndi kimi Azərbaycanda eşitməyən yox idi. Bu barədə danışan İsrayıl Səfərov bildirdi ki, Prezident İlham Əliyev kəndə yeni həyat verdi. “Mən arabir gedib o yerlərə baş çəkmişəm. Hər dəfə o dağılmış, uçulmuş evləri görəndə ürəyim ağrıyırdı, dözə bilmirdim. Amma indi xoşbəxtəm, hədsiz sevinirəm. Yeni evlər tikilir, geniş küçələr salınır. Keçən il Lələtəpə alınanda dedim ki, bu gedişlə mütləq kəndə qayıdacağıq. Budur, arzumuz baş tutur və qarşıdakı aylarda ilkin mərhələdə tikilən evlər təhvil veriləcək”.
Cocuq Mərcanlıda yeni həyat başlamaq üzrədir. Kənd yenidən qurulduğundan, vaxtilə boş qalmış insan nəfəsi dəyməyən torpaqlara canlanma gəldiyindən burada təbiət daha gözəldir. Bundan sonra heç bir qüvvə, heç bir düşmən onları doğma kənddən didərgin sala bilməz. Çünki bugünkü Azərbaycan dövləti 1993-cü ilin Azərbaycanı deyil. Çünki Heydər Əliyevin azad etdiyi, Prezident İlham Əliyevin yeni həyat verdiyi Cocuq Mərcanlının arxasında güclü Azərbaycan dövləti dayanıb.

Rəşad BAXŞƏLİYEV,
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”