Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əmək Məcəlləsində dəyişikliklər qəbul olunub

13 İyun 2017
İyunun 13-də parlamentin növbədənkənar plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliklərə görə, Əmək Məcəlləsinin işəgötürənin əsas vəzifələri və məsuliyyəti maddəsinə “X” bəndi əlavə edilir. Həmin bəndə əsasən “bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödənilməsini təmin etmək” məzmunu əlavə edilir.

Qeyd olunub ki, işəgötürənin əsas vəzifələrinə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s. daxildir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.