Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Turizm Şurasının dördüncü iclası keçirilib

12 İyun 2017
İyunun 12-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Turizm Şurasının dördüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Nazir turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırmaqla yanaşı, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Ə.Qarayev dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışaraq bildirib ki, Turizm Şurasının yaradılmasında da əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir: “Artıq bu Şuranın fəaliyyətinin ilkin nəticələrini görürük. Məlum olduğu kimi aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə olaraq Bakı Şopinq Festivalı keçirildi. Bu festival da öz uğurları ilə yadda qaldı. Artıq ikinci festivalın keçirilməsi istiqamətində hazırlıqlar gedir. Həmçinin qısa zamanda yaradılmasına baxmayaraq Milli Turizm Təbliğat Bürosunun da fəaliyyəti çox uğurla davam edir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir çox ölkələrin mədəniyyət günləri təşkil olunub”, - deyə nazir söyləyib.

Nazir qeyd edib ki, bir neçə gün öncə Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirilib. Görüşdə gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə birgə ölkə turizmi ilə bağlı müzakirələr aparılıb, yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması imkanları nəzərdən keçirilib. “Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq. Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramları cəmləşdirərək saytlar vasitəsilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı”, - deyə nazir bildirib.

Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24,5 faiz artım deməkdir. Qeyd olunub ki, əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə isə məbləğ 91 milyon 134 min manat olub.

Sonra Mədəniyyət və Turizm Nazirliyi Turizm Nazirliyinin rəsmisi Mahir Qəhrəmanov yay turizm mövsümünün açılışı və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının vəziyyəti haqqında məruzə ilə çıxış edib. İclasda, həmçinin şopinq festivalının yekunlarına dair hesabat, növbəti şopinq festivalının təşkili, Turizm reyestri və informasiya saytının ilkin variantının təqdimatı və digər məsələlər də müzakirə edilib.

Eyni zamanda, daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, ölkənin turizm potensialından səmərəli istifadə imkanlarının yaradılması məqsədilə turistlərin məhdudiyyətli ərazilərə gediş-gəlişinin sadələşdirilməsi, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi, habelə elmi tədqiqat işlərinin genişləndirilməsi mövzuları da iclasın müzakirə edilən mövzuları arasında yer alıb.