Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni iqtisadi strategiyanın uğur formulu

10 İyun 2017
 

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri və yeni açdığı ticarət evləri ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edir

 

“İqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bizim güclü iqtisadiyyatımız, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik”.
Bu fikirləri XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında Prezident İlham Əliyev söyləyib.
Dünya iqtisadiyyatında getdikcə mürəkkəbləşən proseslərin fonunda Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət ölkəmizin iqtisadi tərəqqisinə, dünyada köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Əldə olunmuş nailiyyətlər bir daha təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Məhz bunun səbəbidir ki, bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınan Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı gündən-günə artır. Azərbaycanın işğalçı Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda problemi yoxdur.

 

149 ölkə ilə qarşılıqlı ticari əməkdaşlıq, 4,12 milyard dollarlıq dövriyyə

 

Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. İxracın həcmi artıq neçə illərdir ki, idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. Ölkəmizdə ixracyönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edib. Məsələn, təkcə 2017-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4,12 milyard dollar olub. İdxalın həcmi 1,51, ixracın həcmi isə 2,61 milyard dollar təşkil edib. Bu dövr ərzində Azərbaycan 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 1,2 milyard dollar olub. Bu ilin dörd ayında isə Azərbaycan ixracı 41 faiz artıb.
Ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır. Bu gün qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Dövlət başçısının dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir. Ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlığını möhkəmləndirir.

 

Rusiyadan sonra Çində də ticarət nümayəndəmiz fəaliyyətə başladı

 

Son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması ilə bağlı işlərin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.
Bu ilin yanvar ayının 26-da dövlət başçısı xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin, təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədi ilə xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımızda ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.
Hər hansısa bir ölkəyə təyin olunan ticarət nümayəndəsi həmin ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, ölkəmizin mallarının və xidmətlərinin ixracının artırılması, respublikamızın biznes mühitinin, investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür.
Nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, əcnəbi iş adamlarını ölkəmizə dəvət etmək, sahibkarlarımızın xarici ölkələrdəki maraqlarını qorumaqdır.
Artıq Azərbaycanın iki ölkədə ticarət nümayəndəsi fəaliyyət göstərir. İlin əvvəlində Rusiya Federasiyasında, iyun ayında isə Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Çində ticarət nümayəndəsinin təyin olunması ölkəmizin qeyri-neft ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqi və Çin investisiyalarının cəlb olunması baxımından əhəmiyyətlidir. 2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 milyard dollar olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. 2017-ci ilin ilk 4 ayında iki ölkə arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 milyon dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın ilk ixrac missiyası da ötən ilin noyabr ayında Çinə göndərilmişdi. İlk missiya çərçivəsində 12 şərab istehsalçısı Honqkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmişdi. İxrac missiyası zamanı Çinlə şərab ixracı ilə bağlı müqavilə imzalanmış və buna əsasən Çinə şərab ixracına başlanılmışdır. Həmçinin Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan “Savalan” markalı şərab qızıl medala layiq görülmüşdür.

 

İxrac missiyalarının bütün xərcləri dövlət büdcəsi hesabına ödənilir

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli fərmanına əsasən, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, fərmanın icrası ilə bağlı bir neçə ölkəyə ixrac missiyası təşkil olunub, sahibkarların bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.
İxracın təşviq edilməsi sahəsində dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq, sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək büdcə vəsaitləri hesabına təşviq verilir.
Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində “İxracatçılar klubu” yaradılıb, “Export.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.
Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bu missiyaların fəaliyyətinə toxunaraq qeyd edib ki, artıq ixrac missiyalarımız öz səmərəsini göstərir. Missiyaların çox böyük faydası var və il boyu bu missiyalar təşkil edilməlidir: “Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir”.

 

Ölkəmizin təbliği və ixracatçılar üçün yeni imkanlar açan ticarət evləri

 

Artıq dünyada şöhrət qazanan “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün praktik addımlar atılır. Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada, Qazaxıstanda ticarət evlərinin açılması ilə bağlı işlər aparılır. Qazaxıstanın Aktau şəhərində müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev mərkəzə baxış keçirərkən onun fəaliyyətini yüksək qiymətləndirib və burada xüsusi gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti orqanlara tapşırıq verib.
Aprel ayında Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bu məsələyə toxunan Prezident İlham Əliyev Azərbaycanın bir çox ölkələrdə ticarət evləri yaradacağını söyləyib. Dövlət başçısı qeyd edib ki, ticarət evləri həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar açacaq: “Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır”.
Bütün bu göstəricilər transmilli enerji və kommunikasiya layihələrinin əsas hərəkətverici qüvvəsinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını göstərir. Eyni zamanda, ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyinə, respublikanın gerçək potensialı ilə uzlaşdığına dəlalət edir. Şübhəsiz, müasir dövrdə hər bir ölkənin iqtisadi inkişaf tempini və qlobal maliyyə təhdidlərinə səmərəli müqavimət potensialını xarakterizə edən başlıca amillərdən biri də məhz makroiqtisadi dayanıqlılıq səviyyəsidir. Son illər əksər nüfuzlu beynəlxalq maliyyə institutları, eləcə də reytinq agentlikləri Azərbaycanın bu sahədə öncül ölkələrdən biri olduğunu birmənalı etiraf edirlər.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”