Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Unudulmaz günlər yaşadıq

04 İyun 2017
Hamı yaxşı bilirdi ki, Bakıda keçirilən  IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunacaq. Bunu deməyə əsas da var idi. Götürək iki il əvvəlki ilk Avropa Oyunlarını. Azərbaycan bu idman yarışlarına elə yüksək səviyyədə evsahibliyi etdi ki, dünya heyran qaldı.

 

Bu dəfə də belə oldu. İstər İslamiadanın açılış, istər bağlanış mərasimləri, istərsə də 10 gündən artıq davam edən yarışların təşkili Azərbaycanın nəyə qadir olduğunu bir daha sübut etdi. Sübut etdi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı,  dinlər, mədəniyyətlərarası dialoqun, yaxınlaşmanın, sülhün  təmsilçisidir. Multikultural dəyərlərin bir arada əmin-amanlıqla mövcud olduğu, tolerantlığın hökm sürdüyü ölkədir, yaratdığı bu bəşəri modellə dünyaya nümunədir. 

Hər belə tədbir Azərbaycanın dövlət müstəqilliyini, dünyada tutduğu mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan İslam Həmrəyliyi Oyunları da müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, İslam dünyası təmsilçiləri arasında iqtisadi, sosial, mədəni və idman əlaqələri hələ də yetərli sayılacaq səviyyədə deyil.  Tarix və mədəniyyət baxımından yaxın, doğma olan dövlətlər belə müəyyən səbəblərdən bir-birindən ayrı düşüb... 

Sözsüz ki, İslam Həmrəyliyi Oyunlarından sonra iştirakçı ölkələrin Azərbaycana marağı və meyli artacaq. Eləcə də biz onlarla daha yaxından maraqlanmağa başlayacağıq.  Belə tədbirlərin, görüşlərin, yaxınlaşmaların  sayı artdıqca  əlaqələrimiz də genişlənəcək, əməkdaşlığımız da. Elə həmrəylik də ilkin olaraq buradan başlayır...

Qaldı idmançılarımızın çıxışlarına, onlar hər gün bizə həyəcanlı anlar, bol-bol sevincli günlər yaşatdılar. Nəticədə tarixə çevrilən həmin may günləri yaddaşlara əbədi həkk olundu.

 

İlqar HƏTƏMOV,

Şamaxı