Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir televiziyasında Azərbaycana həsr edilən veriliş yayımlanıb

02 İyun 2017
Misir Ərəb Respublikasının birinci televiziya kanalında yayımlanan "Yarım saat turizm" verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Şahzadə Məhəmməd Əli Saray-Muzeydə lentə alınmış verilişdə “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycan ilə Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb.

Verilişdə, eyni zamanda, Misir ilə Azərbaycanın oxşar adət-ənənələrindən bəhs olunub, Misirin Azərbaycanın müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr qurduğu ilk dövlətlərdən olması diqqətə çatdırılıb.

Bundan əlavə, Misir tarixində mühüm rol oynamış görkəmli azərbaycanlıların fəaliyyətinə də toxunulub.

Misirlə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin daim inkişaf etdiyini bildirən S.Nəsirov mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.