Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan həm bölgədə, həm Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır

31 May 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.

XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə platformasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar edəcəklər.

 

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu VUD dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli xanım Mehriban Əliyeva.

Hörmətli xanımlar və cənablar.

Mən məmnuniyyət və iftixar hissi ilə Sizləri burada - Azərbaycanın paytaxtı Bakıda sayca XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında salamlayıram. Həqiqətən də məhz birinci sərginin keçirildiyi gündən bəri nəinki Azərbaycanın neft və qaz sənayesi, eləcə də ölkə iqtisadiyyatı geniş miqyasda inkişaf edib və dəyişib. Bu inkişaf məhz ölkə rəhbərliyinin təşəbbüsləri və əməyi, eləcə də burada təmsil olunan şirkətlərin birgə səyləri, həmçinin təkcə neft və qaz sənayesinin deyil, ümumilikdə, ölkə iqtisadiyyatının daha geniş kontekstdə inkişafı sayəsində mümkün olub. Bu inkişaf karbohidrogen sektorunda getdikcə mürəkkəbləşən proseslərin fonunda daha mühüm əhəmiyyət kəsb etməkdədir.

Biz bu uğurlara görə, cənab Prezident, Sizə xüsusi minnətdarlığımızı bildiririk. Bizim burada iştirakımızın, təmsil olunmağımızın əsas təşəbbüskarı Sizsiniz, Sizin fədakarlığınızdır. Biz bu uğurlara görə, həmçinin SOCAR-a, Energetika Nazirliyinə və bu sərgi-konfransın keçirilməsində əməyi olan qurumlara minnətdarlığımızı bildiririk.

Builki sərgidə keçən ildəkindən daha çox – 300-dən artıq şirkət öz stendi ilə təmsil olunub. Səhv etmirəmsə, builki sərgiyə 37 yeni şirkət qatılıb. Əminəm ki, bu il də bizim tədbirimiz böyük uğur və müvəffəqiyyətlə müşayiət olunacaq və belə demək olarsa, çox mürəkkəb karbohidrogen sektoruna, ölkə iqtisadiyyatına mühüm töhfə verəcək.

Beləliklə, Sizə sərgi və konfransın təşkilatçıları adından uğurlar diləyirəm. Həmçinin bu təşəbbüsdə əməyi olanların hamısına müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, tribunaya buyursun.

 

X X X

 

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi

 

-Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram, Xəzər neft və qaz sərgisinin açılışı münasibətilə sizi təbrik edirəm. Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm ki, builki sərgi də uğurlu olacaqdır.

Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və Azərbaycanın neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycan ilə 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Birinci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilibdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir. Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik.

Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır.

Eyni zamanda, keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda - Xəzər dənizində çıxarılmışdır. Bu sahədə də - dənizdə neft hasilatının vətəni də demək olar ki, Azərbaycandır, Xəzər dənizidir.

Neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edibdir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin töhfəsi əvəzolunmazdır. Yanacağın 70-80 faizi Azərbaycan neftçiləri tərəfindən təmin edilmişdir və əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi.

1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət almışdır. Bir çox önəmli layihələr icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft və qaz hasilatı kəskin aşağı düşmüşdür. Azərbaycan dinamik inkişaf templərini demək olar ki, itirmişdi. Eyni zamanda, vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakının və Abşeron yarımadasının böyük əraziləri neftlə çirklənmişdir. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir və o cümlədən məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilibdir.

Bax, belə bir vəziyyətdə müstəqilliyə yaxınlaşan Azərbaycan əlbəttə ki, dünya üçün öz cəlbediciliyini itirmişdi. Əgər biz müstəqilliyin ilk illərində yaşanan böhranı da əlavə etsək, - hərc-mərclik, xaos, anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi, erməni işğalı, - bütün bu amillər əlbəttə ki, Azərbaycanı xarici investorlar üçün çox riskli, təhlükəli bir ölkəyə çevirmişdi. Belə olan halda bizim yeganə inkişaf yolumuz xarici investisiyaları cəlb etməkdən ibarət idi. Xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə bir daha öz müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.

1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır və bir neçə il ərzində sabitlik tam bərpa olunmuşdur, Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır. Ancaq o vaxt iqtisadiyyat demək olar ki, dağılmışdı. İnflyasiya 1000 faizdən çox idi. Sənaye istehsalı demək olar ki, dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişildi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi.

1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, - bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, - heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyarda yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik.

“Əsrin kontraktı”nın icrası da uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik.

Azərbaycana yatırılan sərmayə şəffaf şəkildə saxlanılır və qorunur. Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edə bilmişik.

Sərginin əhəmiyyətindən danışarkən biz “Şahdəniz” layihəsini mütləq qeyd etməliyik. Çünki bəlkə çoxları unudub ki, “Şahdəniz” layihəsi üzrə kontrakt 1996-cı ildə məhz neft-qaz sərgisi zamanı imzalanmışdır. O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, - əlbəttə, əgər biz bərpaolunan enerjiləri nəzərə almasaq, - ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır.

“Şahdəniz” yatağının işlənilməsi artıq neçə ildir ki, davam etdirilir. Biz, eyni zamanda, bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq on ildir ki, istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə, bunun ölkələr arasındakı münasibətlərə də çox müsbət təsiri var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft-qaz kəmərləri böyük sərvətimizdir.

“Şahdəniz” layihəsinin ikinci fazasının işlənilməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir. Mən bu yaxınlarda bu rəqəmləri səsləndirdim. Bir daha o rəqəmləri səsləndirmək istəyirəm ki, sərgi iştirakçıları bunu bilsinlər. “Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir. Biz bu yaxınlarda “Şahdəniz” platformasının üst hissəsini də dənizə yola salacağıq. Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir. Bu kəmər Azərbaycanı Gürcüstan ilə birləşdirir. TANAP layihəsi, - hansı ki, artıq 2012-ci ildə müqavilə bağlanmışdır, - uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir. Biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Dördüncü layihə TAP layihəsidir. Orada da icra səviyyəsi 42 faizdir. Yəni, bu rəqəmlər özlüyündə bir göstəricidir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının tamamlanmasına yaxınlaşırıq.

Bu il Bakıda Cənub Qaz Dəhlizinin üçüncü Məşvərət Şurası keçirilmişdir. Qəbul edilmiş qətnamə bir daha göstərir ki, Azərbaycan bu layihənin lideridir. Məşvərət Şurasında bu layihənin tərəfdaşı olan yeddi ölkənin yüksək vəzifəli nümayəndələri iştirak etmişlər. Həmçinin Balkan ölkələrindən bizim potensial tərəfdaşların təmsilçiləri, Amerika Birləşmiş Ştatlarından, Böyük Britaniyadan yüksək vəzifəli nümayəndələr, Avropa Komissiyasının vitse-prezidenti iştirak etmişlər. Yəni, bu, böyük bir toplantı idi. Bu toplantının nəticəsində qəbul edilmiş qətnamə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə liderlik rolunu qeyd etmişdir.

Onu da qeyd etməliyəm ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfədir keçirilir və bu toplantıların çox böyük əhəmiyyəti var. Çünki bu görüşlərdə bütün görülmüş işlər təhlil edilir və ən önəmlisi ondan ibarətdir ki, gələcək fəaliyyət üçün biz birgə proqram tuturuq və onu icra edirik. Əminəm ki, gələn ilin əvvəlində keçiriləcək dördüncü Şuranın iclasında biz artıq yeni uğurlar haqqında danışacağıq.

Enerji təhlükəsizliyi məsələləri qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir.

Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı, əminəm, heç bir investor sərmayə qoymazdı. Çünki Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif layihələr azı 10 ildir ki, müzakirə mövzusu idi. Bu müzakirələrin ona görə heç bir nəticəsi olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addım atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, artıq ildən-ilə bu müzakirə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt - 2012-ci ildə biz Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra “Şahdəniz-2” layihəsinə start verildi. Ondan sonra TAP layihəsi seçildi və biz artıq işə başlamışıq. Ona görə, Azərbaycan burada həm siyasi iradə göstərir, eyni zamanda, iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası artıq yeni layihələrə də start verdi. Hazırda növbədə “Böyük Abşeron” layihəsinin işə başlamasıdır. Əslində, işlər başlamışdır. Biz “Abşeron” layihəsindən, - təqribən 350 milyard kubmetr qaz ehtiyatları var, - 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq “Ümid-Babək” və “Dayaz sulu” layihələri də icra edilir. Bu layihələrin də yaxın illərdə fəaliyyətə başlaması, yəni, hasilatın başlaması gözlənilir. Yəni, biz öz neft-qaz potensialımızı gücləndiririk. Biz daha da böyük həcmdə təbii qaz, neft ixrac etməyi planlaşdırırıq. Bununla paralel olaraq, biz bu gün tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilmişik. Azərbaycan ərazisindən neft, neft məhsulları Xəzərin şərq hissəsindən dünya bazarlarına çıxarılır. Bizim rolumuz artır. Nəqliyyat infrastrukturumuz genişlənir. Hər şey - həm Xəzər Gəmiçiliyi, həm Bakı Limanı, dəmir yolları, terminallar hazırdır. Biz hər şeyi etmişik. Əminəm ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək. Həm bizim iqtisadi mənfəətimiz, eyni zamanda, bölgədəki, dünyadakı rolumuz artacaq.

Biz bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha da güclü, mövqelərimiz daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük. Bu ilin dörd ayında Azərbaycan ixracı 41 faiz artmışdır. O cümlədən qeyri-neft ixracımız 22 faiz artmışdır. Kənd təsərrüfatı ixracımız isə 44 faiz artmışdır. Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək.

Mən bütün qonaqları bir daha salamlayıram, sərgi və konfransa uğurlar arzulayıram. Sağ olun.

 

X X X

 

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin DANNİQAN çıxış etdi və Birləşmiş Ştatların Prezidenti Donald Trampın təbrik məktubunu oxudu:

- Sabahınız xeyir.

Cənab Prezident.

Nazirlər, səfirlər, şirkət nümayəndələri.

Xanımlar və cənablar.

Bakıya yenidən gəlməkdən böyük şərəf hissi duyuram. Gözəl Bakıda Xəzər neft və qaz sərgisində iştirak edirəm. Görürəm ki, nə qədər çox iştirakçı var.

Birləşmiş Ştatlar son 20 il ərzində hər il bu tədbirdə böyük məmnuniyyətlə iştirak edib. Son 20 il ərzində biz Azərbaycanda çox böyük dəyişikliklər görmüşük. Bu dəyişikliklər həm siyasi, həm iqtisadi sahələrdə baş veribdir. Birləşmiş Ştatlar əslində bu prosesləri Azərbaycan Hökuməti ilə birgə izləyib. Lap ilk vaxtlardan – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınandan ta Cənub Qaz Dəhlizinin qurulmasına qədər biz Azərbaycana dəstək olmuşuq. Birləşmiş Ştatlar bu dəstəyini bundan sonra da davam etdirmək fikrindədir və istəyir ki, öz tərəfdaşlığını və əməkdaşlığını Azərbaycan Hökuməti və xalqı ilə daha da genişləndirsin.

İndi isə böyük şərəf hissi ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktubunu diqqətinizə çatdırıram. Xanım Robin Danniqan Prezident Donald Trampın məktubunu oxudu.

 

X X X

 

Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş ŞEFÇOVİÇİN videomüraciəti təqdim olundu. Videomüraciətdə deyilir:

- Zati-aliləri cənab Prezident.

Nazirlər, xanımlar və cənablar.

Əfsuslar olsun ki, mən XXIV Xəzər neft və qaz sərgi və konfransında iştirak edə bilmədiyimdən məhz bu videomüraciətlə Sizə səmimi qəlbdən salamlarımı çatdırıram.

Artıq 24-cü dəfədir ki, bu tədbir keçirilir. Ona görə bu səbəbdən mən təşkilatçıları belə yüksək səviyyəli mühüm tədbirin, enerji proqramı ilə bağlı vacib məsələlərin müzakirəsinə həsr olunan tədbirin keçirilməsi münasibətilə təbrik edirəm. Avropa Komissiyasının məsul şəxsi kimi mən ümumi enerji məkanının təhlükəsiz, rəqabətədavamlı, əlverişli və dayanıqlı bir şəkildə təmin olunmasının tərəfdarıyam. Avropa İttifaqı iki mühüm daxili təməl sütun üzərində dayanıb. Avropa İttifaqının üzvləri daxildən və xaricdən bizim enerji tərəfdaşlarımızla əməkdaşlıq etməkdədirlər. Azərbaycan da Avropanın ən mühüm tərəfdaşlarından biridir. Azərbaycan Cənub Qaz Dəhlizini reallaşdırmaqla, Avropa İttifaqının öz enerji mənbələrini strateji cəhətdən şaxələndirməsi üçün əlverişli mühit yaratmaqla öz hədəflərinə nail olmağa çalışır, Avropada geosiyasi balansın və sabitliyin qorunmasına mühüm töhfə verir.

Azərbaycan qazının Avropaya 2020-ci ilədək çatdırılacağına bu gün qəti əminik. Bu da bizim qeyd etdiyim ümumi hədəflərimizə nail olmağa kömək etməklə yanaşı, bütün iştirakçı ölkələrə, həmçinin Avropa İttifaqından kənardakı ölkələrə yardım edəcək. Bu qaz mühüm gəlir mənbəyi, eləcə də sabitliyin, təhlükəsizliyin qarantı olaraq Azərbaycan ilə etibarlı tərəfdaşlıqdan qaynaqlanır. Bu, kifayət qədər geniş miqyası olan bir layihədir. Məhz bu səbəbdən də bizim gündəliyimizdə nəzərəçarpan bir vaxt çərçivəsində mühüm yer tutmuşdur. Əslində, Cənub Qaz Dəhlizi ilə bağlı ümumi bəyannamə məhz cənab Prezident İlham Əliyev ilə altı il əvvəl – 2011-ci ildə imzalanıb. Vaxtı və bu layihəyə qoyulan sərmayəni üst-üstə gəlsək, siyasi səviyyədə görülən və təşviq olunan işlərin həqiqətən tarixi əhəmiyyət daşıdığını aydın şəkildə görə bilərik.

Mən son üç ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər bir iclasında, cənab Prezident İlham Əliyevin, eləcə də Azərbaycan Respublikası Hökumətinin təşkilatçılığı ilə Bakıda keçirilən tədbirlərdə şəxsən iştirak etmişəm. Artıq son illər ərzində istər suyun, torpağın üzərində və altında, sözün həqiqi mənasında, konkret nəzərəçarpan dəyişikliklər olmuşdur. Artıq “Şahdəniz” layihəsinin ikinci fazası, Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin tikintisi üzrə mühüm işlər görülüb. Son illər ərzində qazanılan bu uğurlar müvafiq iştirakçı şirkətlərin, aidiyyəti qurumların, bu sərgi-konfransda iştirak edənlərin, hökumət və agentliklərin nümayəndələrinin çox əlverişli bir mühitdə birgə əməkdaşlığı sayəsində mümkün olmuşdur. Bütün bu kəmər layihələri artıq Avropa İttifaqının ümumi maraqlarını özünə cəlb edib, eləcə də mühüm layihələr siyahısına düşüb.

Trans-Adriatik qaz kəməri bildiyiniz kimi, Avropanı birləşdirən layihə çərçivəsində mümkün olub. Çox sevindirici haldır ki, Avropa, eləcə də maliyyə təsisatları mühüm prosedurlarla qənaətbəxş nəticənin əldə olunmasına rəvac verəcəklər. Beləliklə, mən artıq yeni Avropa İttifaqı-Azərbaycan müfəssəl çərçivə sazişi ilə bağlı nailiyyətləri qeyd etmək istərdim. Bu təşəbbüs cənab Prezident İlham Əliyevin bu ilin fevralında səfəri zamanı irəli sürülüb. Sevindirici haldır ki, sazişin istər Avropa İttifaqında, istərsə də Azərbaycan Respublikasında qarşılıqlı əməkdaşlığa, tərəfdaşlığa mühüm töhfə verəcəyinə inanırıq.

İcazə verin, çıxışımın sonunda Azərbaycan ilə bizim əməkdaşlığımızın sadaladığım bütün prinsiplərinin - enerji birliyinin təhlükəsizlik, rəqabətədavamlılıq və dayanıqlılıq hədəflərinə xidmət etdiyini vurğulayım. Amma bizim görəcəyimiz işlər hələ çoxdur. Xüsusilə də ekologiya və iqlim məsələləri ilə bağlı bir çox işlər görülə bilər. Keçən il Avropa Komissiyası bizim bu məsələlərlə nə dərəcədə ciddi məşğul olduğumuzu gördü.

Alternativ enerji mənbələrinin istifadəyə verilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışan Maroş Şefçoviç bildirdi ki, enerjinin bu təmiz növü ölkələrin sərmayə ehtiyatlarının artmasına, iqtisadiyyatının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Avropa İttifaqı bu sahədəki təcrübəsini başqa ölkələrlə də bölüşməyə hazırdır. Biz Azərbaycanın bu sahədəki təşəbbüslərinə də töhfə verməyə hazırıq.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti videomüraciətinin sonunda dedi: “Sonda ev sahibinə Xəzər neft və qaz sərgi və konfransını yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığımı və təbriklərimi çatdırmaq istəyirəm. Konfrans iştirakçılarına maraqlı və məhsuldar müzakirələr arzu edirəm. Sağ olun”.

 

X X X

 

Çıxışlardan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərlə tanış oldular.

SOCAR-ın stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına şirkətin layihələri barədə məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial və ekoloji proqramlar həyata keçirir. Burada Bibiheybət mədəni ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusu barədə də geniş məlumat var. Stenddə, həmçinin SOCAR-ın axtarış-kəşfiyyat və ehtiyatlar sahələrində gördüyü işlər də əks olunur.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya SOCAR-ın təlim və təhsil proqramları, Bakı Ali Neft Məktəbinin fəaliyyəti, onun Bibiheybətdəki yeni kampusu, elmi-tədqiqat işləri və şirkətin fəaliyyətində əsas götürdüyü nanotexnologiyalar barədə məlumat verildi. SOCAR-ın stendində Azərbaycanın neft emalı və neft kimyası müəssisələri, neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr barədə geniş məlumatlar yer alıb. Bildirildi ki, Azərbaycanda bu günə qədər 1 milyard 971 milyon 500 min ton neft çıxarılıb ki, bunun da 971,5 milyon tonu quruda, təqribən 1 milyard tonu isə dənizdə hasil edilib. 2017-ci ilin sonuna qədər respublika üzrə hasilatın 2 milyard tona çatdırılması nəzərdə tutulur.

BP şirkəti də uzun illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan Hökuməti ilə tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr – “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənubi Qafqaz Boru Kəməri” layihələri Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevirməklə bu sahənin inkişafına töhfə verib. Bu günə qədər BP-Azərbaycan tərəfindən 3 milyard barrel neft və kondensat, həmçinin 80 milyard kubmetr qaz hasil edilib. Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl əməkdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir.

Sonra dövlətimizin başçısı BP-Azərbaycanın əməkdaşları ilə görüşdü.

Prezident İlham Əliyev dedi:

-İndi baxdığımız qısa videoda nümayiş etdirilənlər təqdirəlayiq idi. Bizim əməkdaşlığımızın 23 il tarixi var. İnanmıram ki, dünyanın hansısa yerində belə bir uğurlu əməkdaşlıq olsun. BP bizim strateji tərəfdaşımızdır və indi əməkdaşların 80 faizi yerli vətəndaşlardır. Mən xatırlayıram ki, biz Hyustonda müqavilə bağlayanda şərtlərdən biri o idi ki, tədricən yerli işçilərin sayı çoxalsın, indi bu, reallıqdır.

Dövlətimizin başçısı və birinci xanım Belarusun Neft və Kimya üzrə Dövlət Konserninin - “Belneftekhim”in stendi ilə də tanış oldular. Bildirildi ki, bu konsern 500-dən artıq adda xam neft və kimyəvi məhsul istehsal edir. Konsernə daxil olan müəssisələr xam neftin kəşfiyyatı, hasilatı, daşınması və emalı, eləcə də neft məhsullarının satışı ilə əlaqədar kompleks işləri yerinə yetirir.

Almaniyanın “LİEBHERR” şirkəti də sərgiyə maraq göstərir. Şirkət eyni adla yük qaldırma gücü 42 tondan 308 tona qədər olan müxtəlif növ mobil liman kranları seriyasını təqdim edir.

Fransanın dünyada böyük nüfuz sahibi olan “Total” şirkəti Azərbaycanın ənənəvi tərəfdaşlarından biridir. “Total” Azərbaycanda kəşfiyyat və hasilat işlərinə 1996-cı ildə başlayıb. 2009-cu ilin fevralında şirkət SOCAR-la Xəzər dənizinin dərin sularında yerləşən “Abşeron” bloku üzrə hasilat və pay bölgüsü sazişi imzalayıb. 2011-ci ildə şirkət tərəfindən qazma işləri aparılıb və kifayət qədər karbohidrogen ehtiyatları aşkarlanıb. Bu kəşf “Total”ın Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinin başlanmasına imkan verib. “Total” regionda neft hasilatının ixracat imkanlarını təmin edən Bakı-Tbilisi-Ceyhan şirkətinin də payçısıdır.

ABB şirkəti xidmət sektorunda, sənaye, nəqliyyat və infrastruktur sahəsində elektrikləşdirmə, sənaye avtomatlaşdırma və qabaqcıl robot texnologiyaları üzrə dünya lideridir. Bütün müştəri seqmentləri arasında quraşdırılmış avadanlıq bazası vasitəsilə sayı 70 mindən çox olan nəzarət sistemlərinə birləşən 70 milyondan artıq cihazı ilə ABB sənaye rəqəmsallaşması işində mühüm rol oynayır.

Norveçin 30-dan çox ölkədə fəaliyyət göstərən “Statoil” şirkəti 1992-ci ildə Azərbaycan bazarına daxil olub. Həmin vaxtdan ölkəmiz bu şirkətin beynəlxalq inkişafında mühüm rol oynayıb. Belə ki, şirkətin Xəzərdə nəhəng layihələrdə aparılan planlaşdırma, işlənmə və əməliyyat proseslərində rolu hər iki tərəf üçün mənfəətli olub. Azərbaycan üçün yeni neft-qaz hasilatı dövrü başlayıb, “Statoil” isə geniş beynəlxalq enerji arenasında etibarlı tərəfdaş kimi tanınıb.

Hallibörton şirkəti enerji sektorunda fəaliyyət göstərən ən böyük məhsul və xidmət təchizatçılarından biridir. Şirkət karbohidrogenlərin axtarılması və geoloji məlumatların idarə edilməsi ilə yanaşı, qazma işləri və layihələrin qiymətləndirilməsi, quyuların tikilməsi, tamamlanması və digər xidmətlərin göstərildiyi müddət ərzində istehsalın optimallaşdırılmasına maksimum dərəcədə töhfə verməklə dünyanın neft və qaz sektorunda önəmli rol oynayır.

SOCAR-Türkiyə stendinə baxan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, SOCAR Türkiyənin ən böyük xarici investorlarından biridir. Builki sərgidə ilk dəfə olaraq AMEA-nın yüksək texnologiyalar parkı da iştirak edib. Bu park 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb.

Bu parkın fəaliyyəti fiziki və hüquqi şəxslər üçün biznes və texnoloji inkubatorlar, fondlar və elmi-tədqiqat mərkəzləri vasitəsilə əlverişli şəraitin yaradılmasına, onların dəstəklənməsi, təmini və idarə olunmasına yönəlib.

Özbəkistanın “Uzbekneftegaz NHC" korporasiyası da builki sərgiyə qatılıb. Bu qurum 200-dən çox şirkəti, o cümlədən 20 birgə müəssisəni, 6 səhmdar cəmiyyətini və bir sıra digər təşkilatları özündə birləşdirən müasir, çoxpilləli korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhələlərini əhatə edən qarşılıqlı əlaqəli və yaxşı işlənmiş layihələri səmərəli idarə etməyə imkan verir.

Çinin “Şanqay Şinkaye petrolium” şirkəti də sərgiyə böyük maraq göstərir. Şirkət Çinin fərdi olaraq neft avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan dövlət müəssisələrindən biridir.

İtaliya da sərgidə öz stendi ilə çıxış edir. Bu ölkənin 7 şirkəti sərgiyə neft-qaz sahəsinə aid məhsullarını çıxarıb. İtaliya şirkətləri ölkəmizdə neft-qaz sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edir.

Əlli il əvvəl təsis edilən İran milli qaz şirkəti təbii qazın emalı, ötürülməsi, paylanması və yeraltı anbarlarda saxlanılması ilə məşğuldur. Şirkət İran və qonşu ölkələr arasında qazın alqı-satqısını da həyata keçirir.

“Türkiyə Petrolları” şirkəti “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərən şirkətlərdəndir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.

Sərgilərlə tanış olduqdan sonra Prezident İlham Əliyev sərgi və konfransın xatirə kitabını imzaladı.

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı iyunun 3-də başa çatacaq.