Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avstriya radiosunda Bakının turizm imkanları haqqında veriliş yayımlanıb

29 May 2017
Avstriyanın geniş dinləyici kütləsinə malik “Radio Arabella” radiostansiyasının yayımladığı “Dünya ətrafında səyahət” verilişinin növbəti buraxılışı Bakıya həsr olunub.

Tanınmış turizm eksperti Peter Aqatakisin müəllifi olduğu veriliş Bakı şəhərində dənizkənarı Bulvardan reportajla başlayır. Müasir göydələnlər, dənizkənarı park, tarixi abidələr və yeni inşa olunmuş memarlıq inciləri ilə diqqəti cəlb edən şəhəri mükəmməl tətil hədəfi adlandıran Peter Aqatakis burada Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdəti, qeyri-adi memarlıq üslubu və dünyanın ən böyük gölü Xəzərlə tanış olmağın mümkünlüyünü qeyd edir.

Cənubi Qafqaza turist səfərləri təşkil edən Valter Tretenhahn verilişdə Bakı haqqında fikirlərini bölüşüb. O, Xəzərin sahilində yerləşən bu metropola ilk gəlişin hələ Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xoş təəssüratlarla başladığını bildirib. Aeroportun yeni terminalının dünyanın ən gözəl memarlıq əsərlərindən biri olduğunu qeyd edən ekspert Bakıda Avstriya memarlarının izlərinə də rast gəlməyin mümkünlüyünü də ifadə edib. Buna misal kimi, Avstriya memar bürolarından birinin layihəsini verdiyi Xalça Muzeyinin adını çəkib, turistlər üçün maraqlı məkan kimi təqdim olunub.

O, həmçinin qeyd edib ki, dünyanın bir çox ölkələrində qonaqlara göstərilən xoş münasibətin arxasında daha çox ticari maraqlar dayansa da, bu şəhərdə turistlər əsl qonaqpərvərliklə qarşılanırlar, öz şəhərlərində qonaqları salamlamaqdan məmnun olan bakılılar onlarla ürəyiaçıq ev sahibi kimi rəftar edirlər. Həmçinin bu şəhərdə tam asayiş və təhlükəsizliyin hökm sürdüyünü qeyd edən V.Tretenhahn günün istənilən vaxtında şəhərdə sərbəst hərəkətin mümkün olduğunu bildirib.

Veriliş haqqında internetdə yerləşdirilmiş məlumatda Bakıya üçgünlük tur qazanmaq üçün uduş da elan edilib.

 

AZƏRTAC