Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

28 May 2017
 

Yaşadığım mənzil kommunal mənzildir: 2 otaq mənə, 1 otaq isə qardaşıma məxsusdur. Qardaşım öz otağını satmaq istəyir. Mən  yad adamın həmin otağı almasını istəmirəm. Bu halda mənim razılığım olmadan otaq başqasına satıla bilərmi, qanunvericiliyə əsasən bu, necə tənzimlənməlidir?                                               

 

Ağasəlim İMANOV,

Bakı şəhər sakini

 

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 41.6-cı maddəsinə görə, kommunal mənzildə otaq satıldıqda, həmin kommunal mənzildə digər otaqların mülkiyyətçiləri mülki qanunvericiliklə müəyyən edilmiş şərtlərlə özgəninkiləşdirilən otağı satın almaqda üstün hüquqa malikdirlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.2-ci maddəsinə görə isə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə,  satıcı öz payını istədiyi şəxsə sata bilər.

Göründüyü kimi, bu halda  sizin razılığınızdan deyil, qardaşınızın otağını satın almaqda üstünlük hüququnuzdan söhbət gedir. Yəni, qardaşınız öz otağını ilk növbədə sizə təklif etməlidir; əgər siz otağı almaqdan bilavasitə imtina etsəniz və ya təklifdən sonra 45 gün ərzində otağı almasanız, onda otaq başqa şəxsə satıla bilər.

Əgər qardaşınız otağı sizin satın almaqda üstünlük hüququnuzun pozulması ilə satarsa, onda siz üç ay ərzində alıcının hüquq və vəzifələrinin sizə keçirilməsini məhkəmə qaydasında tələb edə bilərsiniz (Mülki Məcəllə, maddə 218.3).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi