Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev zəfərimizin səbəbkarıdır

20 May 2017
 

Qalib idmançılarımız Prezidentin dəstəyini, qayğısını və inamını uğurlarının əsas təminatçısı kimi qəbul edirlər

 

Artıq 8 gündür ki, Bakı İslam həmrəyliyinin zəfər meydanına çevrilib. IV İslam Həmrəyliyi Oyunlarında hər keçən gün bir-birindən maraqlı mübarizələrlə yadda qalır. İslamiadanın hər anı bir tarix, hər günü bir zəfərdir.
Azərbaycan atletləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında olduğu kimi, bu yarışda da ölkəmizi layiqincə təmsil edir, qazandıqları qızıl medalların sayına görə Azərbaycanın dünyada böyük idman dövlətlərindən biri olduğunu sübuta yetirirlər.
Milli Olimpiya Komitəsinin məhz Azərbaycan idmançılarının şanlı qələbələrinə həsr etdiyi “Zəfər Günləri” adlı silsilə tədbirlərdə isə əsl bayram əhvali-ruhiyyəsi yaşanır. Atletlərimizi dəstəkləyən, onların qazandıqları uğurlara sevinən, qaliblərlə görüşmək istəyən və “Bakı-2017” kimi tarixi hadisənin şahidi olmağa can atan insanlar dünən də MOK-un inzibati binasına toplaşmışdılar. Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, eyni zamanda qadınlardan ibarət yığmamızın baş məşqçisi Faiq Qarayevin iştirak etdiyi mərasimdə yarışların altıncı günündə medal qazanan idmançılar xüsusi hədiyyələrlə mükafatlandırıldılar.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Oyunların altıncı günündə Azərbaycan idmançıları 17 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 4-ü gümüş, 4-ü isə bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı boks və güləş yarışlarında mübarizə aparan idmançılarımız yazdırıblar. Onlar 6 qızıl, 3 gümüş və 2 bürünc medala sahib olublar: “Hər gün idmançılarımız bizə sevincli anlar yaşadırlar. Xüsusilə Azərbaycanın qızlardan ibarət voleybol komandası möhtəşəm qələbəsi ilə xalqımızı sevindirdi. Oyunların başa çatmasına üç gün qalır. İslamiadanın sonuna doğru daha gərgin idman mübarizəsi gedəcək və zəfər günlərimiz çox olacaq”.
Sonra medalçılar MOK-un simvolik hədiyyələri ilə təltif edildilər və xoş təəssüratlarını bölüşdülər. Qalib idmançılar vurğuladılar ki, zəfərlərinin səbəbkarı Prezident İlham Əliyevdir. Atletlərimiz dövlət başçısının dəstəyini, qayğısını və inamını uğurlarının əsas təminatçısı kimi qəbul edirlər.

 

Qələbəmi bir müsəlman kimi səcdəyə gedərək qeyd etdim

 

Elvin Mürsəliyev,
yunan-Roma güləş yarışlarının qalibi:

- Ölkəmizdə keçirilən belə bir mötəbər yarışda qızıl medal qazanmağın sevinci ayrıdır. Bu yarışlarda, demək olar, ən güclü idmançılar rəqiblərim idi. Birinci görüşdə iranlı, ikinci görüşdə qırğızıstanlı, sonuncu mübarizədə türkiyəli idmançı ilə qarşılaşdım.
Finaldakı rəqibim məni tanıyırdı. Bundan əvvəl onların baş məşqçiləri bizdə məşqçi işlədiyinə görə onlar mənim güləşimə bələd idilər. O yorulanda hər 30 saniyədən bir həkim vasitəsilə istirahət edirdi. Ona qalib gəldim və bir müsəlman olaraq qələbəmi səcdəyə gedərək qeyd etdim.
İslamiadanın qalibi olmaq qürurverici haldır. Hər kəsə təşəkkür edirəm. Oyunları Prezident İlham Əliyevin izləməsi idmançılarımıza mübarizədə əlavə stimul verir. Hər zaman idmançılara dəstək olan dövlət başçısının arenalara gedərək yarışları izləməsi atletlərimizi çox sevindirir.

 

Məqsədimiz birinci yeri tutmaq idi, buna da nail olduq

 

Ayşən Abduləzimova,
voleybol komandamızın üzvü:

- Məqsədimiz birinci yeri tutmaq idi və buna da nail olduq. Biz İslamiadaya çox ciddi hazırlaşmışdıq. Türkiyə millsi ilə qrupda qarşılaşmışdıq. Həmin vaxt zəif oynasalar da, finalda çox israrlı idilər. Əvvəlcədən də bilirik ki, bizim türklərlə oyunlarımız rəqabətli keçir. Onlar heç vaxt asan oyun vermirlər. Oyunda çətinliklə qalib gəldik.
Bu Oyunlar dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından önəmli oldu. Biz özümüzü sınadıq və hazır olduğumuzu düşündük. Qarşıda vacib yarışlar var. Tezliklə dünya çempionatının seçmə oyunları başlayır. Ondan sonra isə Avropa çempionatı olacaq. Çalışacağıq ki, bu beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edək.

 

Azərbaycana qızıl medal qazandırdığım üçün qürur duyuram

 

Teymur Məmmədov,
boks yarışlarının qızıl medalçısı:

- Olimpiya oyunlarının mükafatçısı, Avropa Oyunlarının qalibi kimi İslam Həmrəyliyi Oyunlarına çox ciddi yanaşmışdım. Çünki rəqiblərim məni yaxşı tanıyırdılar. Elə mən də onların oyunlarını izləyirdim.
Yarımfinalda rəqibim suriyalı Eldin Qoussun ilə əvvəllər qarşılaşmamışdım. İlk dəfə idi ki, onunla rinqdə döyüşürdüm. Ancaq rəqibimin yarışlarını izləyirdim, müşahidə edirdim və taktikasını öyrənirdim. Döyüş heç də asan olmadı. Finaldakı rəqibimlə də tanış idim. Onunla 6-7 il əvvəl qarşılaşmışdım və uduzmuşdum. Bütün gücümü sərf edərək ona qalib gəldim. Azərbaycana qızıl medal qazandırdığım üçün qürur duyuram.

 

Qələbə mənim üçün 2020-ci il Yay Olimpiya Oyunlarına tramplin oldu

 

İslam Abbasov,
yunan-Roma güləş yarışlarının çempionu:

- Azərbaycana qızıl medal qazandırdığım üçün özümü xoşbəxt hesab edirəm. Vətəndə keçirilən Oyunlarda qızıl medal qazanmaq qürurvericidir. Qələbəmi yaxınlarıma, dostlarıma, əsasən də valideynlərimə həsr edirəm.
Bu İslamiada mənim üçün 2020-ci il Yay Olimpiya Oyunlarına bir tramplin oldu. Dünya çempionu olmaq asandır, amma bu titulu qoruyub saxlamaq çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır və qarşına çıxanda gərgin mübarizə aparır.
Bundan sonra qarşıdan gələn dünya çempionatına hazırlaşacağam. Əlbəttə, hər bir idmançının məqsədi olimpiya medalına sahib çıxmaqdır.
İnşallah, 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada medal qazanıb azarkeşlərimi bir daha sevindirəcəyəm.

 

Əksəriyyət idmana qayıdacağıma inanmırdı

 


Ramin Əzizov,
taekvondo yarışlarının çempionu:

- Özümü çox xoşbəxt hiss edirəm. Qızıl medal qazanmaq hər bir idmançının arzusudur. İstəməzdim hislərimi büruzə verim. Heç bir idmançıya zədə arzulamıram. İdmançının zədə ilə sınağa çəkilməsi yaxşı hal deyil. İki dəfə ayağım sınmışdı. Əksəriyyət idmana qayıdacağıma inanmırdı. Əsas odur ki, özümü sübut etdim.
Keçirdiyim görüşlərdən ən maraqlısı elə final oldu. Oyunda son 3 saniyə mənə yuxu kimi gəlir. Desəm ki, baş məşqçimiz Reza Mehmandust sehrbazdı, inanmazsınız. Onun sonda dediyi taktika 100 faiz düzgün çıxır. Necə demişdisə, elə də oldu. Axır saniyələrdə ancaq onun söylədiklərini etdim. Bu da mənə uğur gətirdi.

 

Qazandığım uğur karyeramın zirvəsidir

 

Kamran Məmmədov,
yunan-Roma güləş yarışlarının çempionu:

- Bu yarış ölkəmizdə keçirildiyi üçün üzərimizdə böyük məsiliyyət var idi. Ciddi hazırlaşmışdıq ki, vətənimizi layiqincə təmsil edək. Fikirləşirəm ki, gözləntilərim qarşılığı oldu. İslamiadada qazandığım uğur karyeramın zirvəsidir.
Finalda bütün gücümü topladım və Azərbaycana qızıl medal qazandırdım. Məşqçilərim və azarkeşlər məndən bunu gözləyirdilər. Növbəti yarışlara hazırlaşacağam. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri" beynəlxalq turnirində və dünya çempionatında iştirak edərək yüksək nəticə göstərmək əzmindəyəm.

 

Bütün rəqiblərimdən güclü olduğuma əmin idim

 

Cavid Çələbiyev,
boks yarışlarının qalibi:

- Bütün boksçularımız kimi, mən də İslam Həmrəyliyi Oyunlarına tam gücümlə hazırlaşmışdım. Çünki rəqiblər güclü idilər. Zəhmətim hədər getmədi və nəticəsi müsbət oldu. İslam ölkələrinin boksçuları arasında öz çəkində çempion olmaq çox uğurludur.
Qızıl medal qazandım. Çəkdiyim əziyyətlərə görə bütün rəqiblərimdən güclü olduğuma əmin idim. Bundan sonra yarışlara 60 kiloqram çəki dərəcəsində qatılacağam. Mən “Qəbələ" klubunu təmsil edirəm və bu qızıl medalı da kluba həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əməyi var.

Rəşad BAXŞƏLİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan"