Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paraatletimizin əzmkar iradəsi

20 May 2017
 

Yelena Çebanu iki qızıl medalla “Bakı-2017”də Azərbaycanın zəfər estafetini şərəflə davam etdirdi

 

Dünən Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində atletika və paraatletika yarışları davam etmişdir. Qadın paraatletlərinin 200 metr məsafəyə qaçış yarışında Azərbaycan idmançısı Yelena Çebanu ölkəmizin aktivinə daha bir qızıl medal yazdırmışdır.

O, 24,89 saniyə nəticə ilə bütün rəqiblərini arxada qoyaraq finiş xəttini birinci keçmişdir. Bu, idmançımızın İslamiadada qazandığı ikinci qızıl medalıdır. Belə ki, 100 metr məsafəyə qaçışda da Yelena Çebanu birinci yeri tutmuşdur.

200 metr məsafəyə qaçışda indoneziyalı paraatlet Endanq Sitorus 26,73 saniyə nəticə ilə gümüş medal qazanmışdır. Bürünc medala isə Mərakeş təmsilçisi Məryəm Ən-Nuri sahib çıxmışdır.

Bu yarışlarda idmançılarımız 4 gün ərzində 14 medal qazanmışlar. Bunlardan 9-u qızıl, 3-ü gümüş, 2-i isə bürünc idi.

Dünən atletlərin və paraatletlərin digər növlər üzrə yarışlarında da mükafatçılar müəyyənləşmişdir. Kişilərin 400 metr məsafəyə sədlərlə qaçış yarışında Mozambik idmançıları Armando Qreve Maçaya və Kurt Couto qızıl və bürünc medallara yiyələnmişlər. Gümüş medalı isə seneqallı Amadou Ndiaye qazanmışdır.

Qətər atleti Bədir Əhməd Məğur nizə atma yarışlarının qalibi olmuşdur. Özbəkistanlı İvan Zaytsev ikinci, Pakistan təmsilçisi Ərşad Nadim isə üçüncü yeri tutmuşdur.

Uzunluğa tullanma yarışında mərakeşli Yəhya Berravan qızıl medala layiq görülmüşdür. Suriyalı atlet Migel Assen Van ikinci yerdə qərarlaşmış, digər mərakeşli idmançı Mühsin Xoua isə üçüncü yeri tutmuşdur.

Hündürlüyə tullanma yarışında suriyalı Eddin Majd Qazal qızıl medal əldə etmişdir. Qətərli Allamin Həmdi gümüş, iranlı Keyvan Qənbərzadə isə bürünc medal qazanmışdır.

4x100 metr estafet qaçışında (T11/T12/T13) İran komandası İslamiadanın qalibi olmuşdur. Türkiyə komandası ikinci yeri tutmuşdur.

Qadınların lövhə atma yarışında Qvineya-Bisau təmsilçisi Cessika da Silva qələbə qazanmışdır. Burundili atlet Nura Səlim gümüş medala yiyələnmiş, mərakeşli Əminə Muddin isə bürünc medala sahib çıxmışdır.

400 metr məsafəyə qaçışda burundili Eid Salva Nasir finiş xəttini birinci keçmişdir. İkinci və üçüncü yerləri Oluvakemi Adekoya (Burundi) və Yinka Ajayi (Nigeriya) tutmuşlar.

1500 metr məsafəyə qaçışda mərakeşli Rəbabə Ərafi qızıl medal qazanmışdır. Türkiyəli Məryəm Akdak gümüş medala sahib çıxmışdır. Bürünc medala isə əlcəzairli idmançı Əminə Bettiçe yiyələnmişdir.

 

Rizvan CƏFƏROV,

Elçin CƏFƏROV,

“Azərbaycan”