Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilkə imza atdı

20 May 2017

Olqa Bıkovskaya suyatullanmada ölkəmizə beynəlxalq yarışlarda  qızıl medal qazandıran  ilk idmançı oldu

 

Mayın 18-də Su İdmanı Sarayında start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışları davam etdi.

4 gün sürəcək bu yarışlar çərçivəsində 3 metrlik tramplin, 10 metrlik platforma, sinxronlaşdırılmış 3 metrlik tramplin və sinxronlaşdırılmış 10 metrlik platforma üzrə 8 medal dəsti uğrunda mübarizə aparılacaq.

Yarışların ilk günündə kişi idmançıları arasında 3 metr hündürlükdə tramplindən suyatullanmada ölkəmizi təmsil edən atlet Dmitri Sorokin bürünc medala sahib oldu. Dünən isə Su İdmanı Sarayında yarışların ikinci günündə qadınlar arasında 10 metr platformadan suyatullanma və kişilər arasında 3 metr hündürlükdən sinxron suyatullanma üzrə medalçılar müəyyənləşib.  Azərbaycan, Türkiyə, İran, İndoneziya və İraqın 14 idmançısının medallar uğrunda mübarizə apardığı yarışlarda milli komandamızın üzvləri ölkəmizə bir qızıl, bir bürünc medal qazandırıblar. 

Öncə qadınlar arasında 10 metr platformadan suyatullanma yarışlarına start verilib. Ölkəmizi təmsil edən Olqa Bıkovskaya təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəlib. Millimizin üzvü finalda indoneziyalı Della Harimurti və türkiyəli Sinəm Sağlam ilə mübarizə aparıb. Olqa Bıkovskaya yüksək texnika və akrobatik bacarığı ilə yerinə yetirdiyi hərəkətlər üzrə ümumilikdə 275,80 xal toplayıb. Bu xal idmançımızın qızıl medalını təmin edib. Çünki indoneziyalı Della Harimurti 167,70, türkiyəli Sinəm Sağlam isə 161,95 xal toplayaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Olqa Bıkovskaya Su İdmanı Sarayında ölkəmizə qızıl medal qazandıran ilk idmançı kimi tarixə düşüb.

Sonra kişi idmançıları arasında 3 metr hündürlükdə tramplindən suyatullanma üzrə yarışlara start verilib. Azərbaycan, İran, İraq və İndoneziyanın 8 atletinin mübarizə apardığı yarışda ölkəmizi Artyom Danilov və Dmitri Sorokin cütlüyü təmsil edib. Təmsilçilərimiz yerinə yetirdikləri akrobatik hərəkətləri 297,90 xalla başa  vurublar. Bu nəticə ilə idmançılarımız yalnız bürünc medalla kifayətlənməli olublar. 334,08 xal toplayan iranlı Şahnam Nazarpour-Mojtaba Valipour cütlüyü qızıl medallara sahib çıxıb. İndoneziya təmsilçiləri - Tri Priambodo və Rafi Aldiansyah cütlüyü isə 330,30 xalla yarışları gümüş medalla başa vurub.

Beləliklə, suyatullanma yarışlarının ilk 2 günündə millimizin 3 idmançısı 1 qızıl, 2 bürünc medal qazanıblar.

Bu gün isə yarışların 3-cü günü kişilər arasında 10 metrlik platformadan suyatullanma yarışları keçiriləcək. Azərbaycan, Türkiyə, İran və İraq millilərinin idmançılarının mübarizə aparacağı yarışlarda ölkəmizi Artyom Danilov təmsil edəcək.

 

R.BAXŞƏLİYEV,

E.HACALIYEV,

“Azərbaycan”