Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nəhayət ki...

20 May 2017
 

Azərbaycan stolüstü tennisdə ilk beynəlxalq qələbəsini qazandı

 

Dünən Sərhədçi idman arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində stolüstü tennis üzrə yarışlar davam etmişdir.

Qadınların fərdi yarışında ölkəmizi təmsil edən Jinq Ninq medallar uğrunda  mübarizəyə səkkizdəbir final mərhələsindən başlamışdır. Ardıcıl 3 qələbə qazanan idmançımız finalda Türkiyə təmsilçisi Mələk Hu ilə qarşılaşmışdır.

Hu daha üstün oyun nümayiş etdirərək həlledici görüşdə 4:0 (11:13, 4:11, 10:12, 4:11) hesabı ilə qalib gələrək qızıl medala layiq görülmüşdür. Azərbaycan tennisçisi Jinq Ninq isə İslamiadanın gümüş medalına yiyələnmişdir.

Stolüstü tennisçilərin yarışında daha bir medalı komandamıza Miao Vanq qazandırmışdır. O, yarımfinal görüşündə Mələk Huya məğlub olduqdan sonra üçüncü yer uğrunda İran tennisçisi Neda Şahsavari ilə qarşılaşmışdır. Bu görüşdə idmançımız yüksək ustalıq nümayiş etdirərək rəqibini 4:1 (13:11,11:3, 8:11,11:7, 19:17) hesabı ilə məğlubiyyətə uğratmışdır. Beləliklə, Miao Vanq İslamiadanın bürünc medalına sahib çıxmışdır.

Dünən həm də stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların qalibi müəyyənləşmişdir. Finalda iranlı idmançılar Noşad Deronkolaei Alamian və Nima Darounkoalei Alamian qarşılaşmışlar. Gərgin keçən həlledici görüş Noşad Deronkolaei Alamianın 4:3 hesablı qələbəsi ilə nəticələnmişdir. Qalib İslamiadanın qızıl medalına layiq görülmüşdür.Gümüş medala isə Nima Darounkoalei Alamian yiyələnmişdir. Üçüncü yer uğrunda qarşılaşmadan qalib ayrılan Qətər idmançısı Pinq Li bürünc medala sahib olmuşdur.

Bu gün stolüstü tennisçilərin qadın və kişi komandalarının mübarizəsi ilə yarışlar davam edəcək.

 

Rəşad BAXŞƏLİYEV,

Rizvan CƏFƏROV,

“Azərbaycan”