Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

4 oyun - 4 qələbə

20 May 2017
 

Basketbol 3x3 üzrə mübarizədə kişilərdən ibarət komandamız liderliyini davam etdirir

 

IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 üzrə mübarizə davam edir. Mayın 19-da -  yarışların ikinci günündə daha 18 qarşılaşma keçirildi. Xatırladaq ki, idmanın bu növü üzrə həm qadınlar, həm də kişilər mübarizə aparırlar. Eyni zamanda həm kişi, həm də qadınlardan ibarət komandalar iki qrupda yarışırlar.

 Qadınların mübarizəsində “A” qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair və Mali, “B” qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar. Bu qrupda dünən 3 oyun keçirildi. İlk oyunda Türkmənistan basketbolçuları  Əlcəzair yığmasını sınağa çəkdilər və 15:10 hesabı ilə qalib gəldilər. Ümumilikdə üçüncü qarşılaşmasına çıxan Azərbaycan millisi Mali yığmasına məğlub oldu - 11:8. Mali təmsilçiləri bu hesabla ikinci oyunda Türkmənistan basketbolçularından da üstün oldular.

Qadın basketbolçuların  “B” qrupunun dünən keçirilən ilk oyununda Suriya yığması İndoneziya millisini məğlub etdi - 14:12. Türkiyə isə Fələstinə böyük fərqlə qalib gəldi - 21:4. İkinci oyuna çıxan suriyalılar bu dəfə Pakistan millisini 21:5 hesabı ilə məğlub etdilər. Dünən ikinci görüşünü keçirən Fələstin millisi bu dəfə İndoneziyaya 18:3 hesabı ilə uduzdu. Günün ikinci oyununu keçirən Türkiyə yığması bu dəfə Pakistan millisini böyük fərqlə məğlub etdi - 21:2

Qadınların “A” qrupunun lideri Mali, “B” qrupunun lideri isə Türkiyədir.

Dünən kişilərdən ibarət komandalar növbəti oyunlarını keçirdilər. Bu komandaların “A” qrupunda Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan, “B” qrupunda İndoneziya, Qətər, Kot d`İvuar, Mali və İordaniya yığmaları medal uğrunda yarışırlar. Mayın 19-da  ilk oyunlar “B” qrupunda keçirildi. Kot d`İvuar İndoneziyanı 21:7, Qətər Malini 20:11 məğlub etdi. Kot d`İvuar ikinci görüşündə İordaniyanı 18:11, Mali isə İndoneziyanı 21:7 hesabı ilə məğlub etməyi bacardı. Qətər növbəti oyunda İordaniya yığması üzərində  21:8 hesabı ilə üstün oldu.

“A” qrupunda da oyunlar gərgin mübarizə şəraitində keçdi. İlk oyunlarda Türkmənistan Türkiyədən 21:13, Azərbaycan isə Səudiyyə Ərəbistanından 21:10 hesabı ilə üstün oldu. Günün ikinci oyunlarını keçirən Türkmənistan və Azərbaycan komandaları bu dəfə müvafiq olaraq 19:12 və 22:13 hesabı ilə Pakistanı məğlub etdilər. Türkiyə millisi isə ikinci oyununda Səudiyyə Ərəbistanı yığmasına 21:11 hesabı ilə qalib gəldi.

Hazırda kişilərin mübarizəsində Azərbaycan yığması iki gündə qazandığı 4 qələbə ilə “A” qrupunda liderdir. “B” qrupunda tsə Qətər millisi öndə gedir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”