Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tennisdə dörddəbir finalçılar bəllidir

20 May 2017
 

Dünən Bakı Tennis Akademiyasında tennis yarışlarının səkkizinci günündə kişilər və qadınlar arasında cütlüklərin mübarizəsində dörddəbir final mərhələsinin görüşləri keçirilib. Bu dəfə də tennis azarkeşləri maraqlı qarşılaşmaları izləyiblər.

Qadın cütlüklərin yarışında Cavairiah Noordin-Selva Racu Teiviya dueti (Malayziya) Meheq Kohkar-Sara Mansur dueti (Pakistan) ilə görüşdə 6:4 və 6:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

Azərbaycan təmsilçiləri Amina Dik-Umayra Həşimova ilə Ayla Aksu-Berfu Cengiz cütlüyü arasında keçirilən görüşdə qardaş ölkənin təmsilçiləri 6:1 və 6:0 hesabla yarımfinala vəsiqə qazanıblar.

Gün ərzində ümumilikdə 12 görüş oynanılıb. Kişilər arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin dörd oyunu keçirilib. Kişi cütlüklərin mübarizəsində  Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü (Türkiyə) Musa Alkotop-Al Asvad Hamzeh (İordaniya) dueti üzərində 6:1, 7:5 qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Başqa görüşdə isə Rəsul Qocayev-Filip Nikolic (Azərbaycan) dueti Amine Ahuda-Ayoub Çakrouni (Mərakeş) cütlüyünə 4:6, 3:6 hesabla məğlub olaraq yarımfinala çıxa bilməyiblər.

Kişilərin yarışında İran təmsilçisi Əmirvala Mədənçi səkkizdəbir finalda mərakeşli Ayoub Çakrounini 5:7, 7:5, 6:2 hesabla məğlub edərək dörddəbir finala yüksəlib. Səudiyyə Ərəbistanı təmsilçisi Ammar Alhaqbanini 6:3 və 6:4 hesabı ilə mübarizədən kənarlaşdıran Özbəkistan tennisçisi Saidalo Səidkərimov növbəti mərhələyə adlayıb. Dörddəbir final mərhələsinə yüksələn növbəti kişi idmançı Qətər təmsilçisi Zayid Mübarək Şannan olub. O, növbəti mərhələyə vəsiqəni Malayziya idmançısı Abdul Razak Əhməd üzərində 6:4, 5:7 və 6:2 hesablı qələbə ilə təmin edib.

Türkiyə təmsilçisi Anil Yüksəl isə səkkizdəbir finalda Georgi Poçay (Türkmənistan) üzərində 6:0, 6:4 qələbə qazanaraq dörddəbir finala çıxıb.

 “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

 

E.HACALIYEV,

“Azərbaycan”