Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zəngin ənənələrimiz, möhtəşəm mədəniyyətimiz İslam dünyasını valeh edir

20 May 2017
 

Azərbaycan dünyaya həmrəylik, sülh tərəfdaşlığını göstərir

 

Bakımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasiminin şahidi olduq. Mürəkkəb texnologiyanın köməyi ilə qurulmuş qeyri-adi şou və çox gözəl, incəliyinə qədər düşünülmüş təşkilatçılıq Azərbaycanın inkişafının daha bir təsdiqinə çevrildi. Bu günlərdə idmançılarımız idman tarixinə yeni səhifələr yazırlar. Artıq yüzdən çox medal qazanmışıq. Bu, bütün Azərbaycanın uğurudiur.
İndiyədək ölkəmizdə bir sıra möhtəşəm tədbirlər yüksək səviyyədə keçirilib və bütün dünyada rəğbətlə qarşılanıb. Hər dəfə ölkəmizə gələn mötəbər insanlar xalqımızın qonaqpərvərliyindən, mədəniyyətindən, zəngin maddi və mənəvi sərvətlərindən heyranlıq duyduqlarını dilə gətirirlər. IV İslam Həmrəyliyi Oyunları da möhtəşəm keçirilir. Bunun üçün IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilmişdir.
Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı hər birimizə məlumdur. “Eurovision” mahnı müsabiqəsinin, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olmasının, Sivilizasiyalar Alyansı Qlobal Forumunun, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində onun xüsusi xidmətləri olub. Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında deyib: “Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, son illər artıq Azərbaycanın standartlarını yaratmışıq. Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var. Ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bir daha deyirəm ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir”.
IV İslam Həmrəyliyi Oyunları günlərində respublikamıza gələn qonaqlar üçün xüsusi mədəni proqramların hazırlanması da bizi sevindirir. Oyunlar zamanı bütün teatrlarda, konsert və sərgi salonlarında İslam mədəniyyətinə və ənənələrinə həsr olunan proqramlar həyata keçirilir.
Göründüyü kimi, IV İslam Həmrəyliyi Oyunlarının təşkilati məsələləri bütün incəliyinə qədər düşünülüb. Mədəniyyət müəssisələrində, konsert salonlarında, teatrlarda xüsusi proqramlar həyata keçirilir. Həmin proqramlar daha çox İslam dünyasının və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.
Bu gün ölkəmiz seçdiyi yüksək inkişaf yolu ilə qətiyyətlə addımlayır. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdəki çıxışında bildirib ki, keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.
IV İslam Həmrəyliyi Oyunlarını paytaxt Bakıda keçirən Azərbaycan bu gün dünyaya həmrəylik, sülh tərəfdaşlığını göstərir. Neçə ildir ki, məkrli qonşularımız tərəfindən torpaqlarımızın 20 faizi işğal olunub, həmin ərazilərdə yaşayan vətəndaşlarımız yurdlarından qovularaq qaçqın həyatı yaşayırlar. Təəssüf doğuran məqamlardan biri də budur ki, indi dünyanın bir sıra ölkəsində müharibə gedir. Onların çoxu İslam ölkəsidir, orada həlak olan yerli sakinlərin əksəriyyəti müsəlmanlardır. Müxtəlif bölgələrdə baş verən terror hadisələrində də çox zaman müsəlmanları günahlandırır, bunu İslam dini adı ilə təqdim etməyə cəhd göstərirlər. Hər kəsə məlumdur ki, din qan-qadanın, qəddarlığın və digər insana yaraşmayan əməllərin əleyhinədir. İslam dini də sülhün, insan haqlarının, ədalətin təbliğatçısıdır. IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları olan ölkələr Bakıdan bir daha dünyaya həmrəyliyin, barışın ismarıcını verirlər.

Fidan QASIMOVA,
“Şöhrət” ordenli xalq artisti, professor

 

Tədbirin əsas təşkilatçısının göstərdiyi nümunə hər birimiz üçün örnəkdir

 

Açılış mərasimində sevinc sevincə qarışdı, öz möhtəşəmliyi ilə fərqlənən mötəbər tədbir hamını heyran etdi. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən idman yarışları Azərbaycan idmançılarının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu, dövlətimizin idmançılarımıza olan qayğısının göstəricisidir.
Dünyanın inkişaf etmiş dövlətləri sırasında son illər özünə layiq yer tutmuş dövlətimizin bu qədər diqqət çəkməsi müstəqillik tarixində heç də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə xalqımızın milli sərvətlərinə qayğı, bütün sahələrdə nailiyyətlərə sahib olması siyasətinin əsasını təşkil edib. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə uğurla davam etdirilməsi bütün sahələrdə nailiyyətlərimizin sayını günbəgün artırmaqdadır.
Zəngin tarixə və mədəniyyətə malik olan xalqımızın son illər əldə etdiyi nailiyyətlərinin sırası genişlənməkdədir. Azərbaycana artan maraq ilk növbədə, onun inkişaf yolu ilə irəliləməsi, sakitlik, tolerantlıq adasına çevrilməsi ilə sıx əlaqədardır.
Bir sıra beynəlxalq kütləvi tədbirlərin keçirilməsi də məhz bu amillərə söykənir. 2012-ci ildən başlayan bu əlamətdar hadisələr artıq ənənəyə çevrilib. 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsindən sonra ölkəmizə və xalqımıza, eləcə də müstəqil dövlətimizə maraq daha da artıb. Bu, 2015-ci ildə yüksək səviyyədə keçirilən I Avropa Oyunlarında da özünü göstərdi. Ötən il paytaxt Bakı daha bir neçə beynəlxalq tədbirə evsahibliyi etdi. Hazırda keçirilməkdə olan IV İslam Həmrəyliyi Oyunları da məhz həmin ənənəyə sadiqliyin nümunəsidir. Bu Oyunların ölkəmizdə baş tutması əlbəttə, müsəlman və Şərq aləminin də diqqətini cəlb etməyimiz heç də təsadüfi deyil.
Ömrümün 40 ildən çoxunu musiqi sənətinin təbliğinə və tərəqqisinə həsr etmişəm. Dünyanın 50-dən artıq ölkəsinə qastrol səfəri zamanı harada olmuşamsa, Azərbaycan musiqisi ilə könülləri fəth etməyimizdən qürur hissi keçirmişəm. Həmin hissləri bu günlər burada, öz ölkəmizdə yaşayırıq. Çünki indi Avropa qitəsi ilə yanaşı, İslam dünyası da Azərbaycanı həmrəyliyin, tolerantlığın məkanı kimi tanıyır. Xalqımızın tarixi, mədəniyyəti, məişəti, bir sözlə, milli-mənəvi sərvətlərimizi təqdim etmək üçün bu, bir fürsətdir. Ona görə də Azərbaycanda I Avropa Oyunlarından sonra keçirilən beynəlxalq tədbirlər nəinki idmançılarımız, biz musiqiçilər üçün də əsl bayrama çevrilir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla, ölkəmizin İslam birliyinə həssas münasibətidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində konkret addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün və əmin-amanlığın təmin olunması və möhkəmlənməsində mühüm rol oynayacaq.
Biz, mədəniyyət və incəsənət işçiləri də bu mühüm beynəlxalq tədbirə ciddi hazırlaşmışıq. Mədəniyyət və incəsənət xadimlərinin üzərinə daha çox vəzifə düşür. Milli musiqilərimizlə yanaşı, əcnəbi xalqların da mahnıları konsert proqramlarına əlavə edilib. Bir sözlə, bu günlərdə hər kəsin öz üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Tədbirin əsas təşkilatçısının göstərdiyi nümunə hər birimiz üçün örnəkdir.

Zamiq ƏLİYEV,
xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti

 

IV İslam Həmrəyliyi Oyunları Azərbaycan mədəniyyətinin təbliğində növbəti addımdır

 

Möhtəşəm mərasim Azərbaycanın qibtə ediləcək inkişaf yolu keçdiyini bir daha göstərdi. İndi idman yarışlarını böyük həyəcanla izləyirik. İdmançılarımız böyük ustalıq nümayiş etdirirlər. Nəticələr göz önündədir. Yüzdən artıq medalımız var.. Yeni qələbələr bizi gözləyir.
Biz zəngin mədəniyyətə, yüksək mənəvi dəyərə malik olan bir xalqın nümayəndəsiyik. Tariximizlə qürur duyuruq. Eyni zamanda, Azərbaycan təbiətinin gözəllikləri onu görənləri heyran edir. Bizi bu gün ən çox sevindirən bir də odur ki, respublikamızda sabitlik, əmin-amanlıq hökm sürür. Burada milli kimliyinə, dilinə, dininə görə nəinki insanlar arasında ayrı-seçkilik yoxdur, bu cür məsələlər heç yada da düşmür. Bizim bir vətənimiz var. Və hər birimiz Azərbaycan vətəndaşı olmağımızın qüruru ilə yaşayırıq. Çalışırıq ki, onun adını daha da ucaldaq.
Bizi ən çox sevindirən bir də odur ki, Azərbaycan hazırda yalnız öz sərhədləri çərçivəsində deyil, bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına və möhkəmlənməsinə öz töhfələrini verir. Artıq uzun illərdir ki, torpaqlarımız məkrli qonşularımız tərəfindən işğal olunub. Biz əminik ki, tarixi torpaqlarımızın geri qaytarılmasına, xalqımıza qarşı ədalətsizliklərə son qoyulmasına nail olacağıq. Bizim məqsədimiz təkcə Azərbaycanda deyil, bütün dünyada insanların sülh şəraitində yaşamasıdır. Hələ də davam edən müharibələrdə, törədilən terror hadisələrində bir çox insanın həyatını itirdiyi, gözləri qarşısında doğmalarının həlak olduğu barədə xəbərlər eşidirik. Bunlar bizi kədərləndirir. Bir də ona təəssüflənirik ki, bu müharibələrin əksəriyyəti İslam ölkələrində gedir. Üstəlik, baş verən bir çox terror hadisələrində müsəlmanların adları çəkilir. Harada, kim tərəfindən törədilməsindən asılı olmayaraq, terroru lənətləmək lazımdır. İslam dini də mərhəməti, sülhü, qardaşlığı təbliğ edir.
2017-ci il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilib. Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunları keçirilir. Ölkəmizin paytaxtına toplaşan İslam dövlətlərinin nümayəndələri bütün dünyaya sülh ismarıcı göndərirlər.
Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə yüksək səviyyədə rəhbərlik edir. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Mehriban xanım Əliyeva deyib: “Azərbaycanda çox vacib irimiqyaslı beynəlxalq tədbirlər keçirilir və hər bir belə tədbirin təşkili ən yüksək rəylər qazanıb. Biz öhdəmizə götürdüyümüz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq, ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq”.
IV İslam Həmrəyliyi Oyunları yalnız idmançılarımız üçün yarış meydanı deyil. Bu beynəlxalq tədbir Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin, musiqisinin təbliğində növbəti addımdır. Bu istiqamətdə çox maraqlı layihələr həyata keçirilməkdədir.
IV İslam Həmrəyliyi Oyunları günlərində soydaşlarımız və ölkəmizin qonaqları həm də bir sıra maraqlı mədəniyyət tədbirlərinin tamaşaçısıdırlar.
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə demokratiya, inkişaf yolunda əzmlə irəlilədiyini, bütün dünyada sülhün, sabitliyin qorunmasına çalışdığını və bu yolda uğurlu işlərə imza atdığını bir daha nümayiş etdirir.

Mələkxanım ƏYYUBOVA,
xalq artisti, Prezident mükafatçısı

 

Azərbaycanın yeni uğurlarının şahidi oluruq

 

Açılış mərasimi beynəlxalq standartlarla yanaşı, milli elementlərdən də istifadə edilməsi ilə bənzərsiz və unudulmaz oldu. Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarına start verildi. Biz yenidən ölkəmizin paytaxtında baş tutan mötəbər bir tədbirin sevincini, həyəcan dolu günlərini yaşayırıq. Bu günlərdə idmançılarımız bizə qələbə sevinci bəxş edirlər. Mən çox şadam ki, Azərbaycanın idman şöhrətinin ucaldığı bu günləri yaşamaq bizə nəsib olub. Artıq neçə ildir ki, Azərbaycan belə böyük, beynəlxalq səviyyəli tədbirlərin təşkilini öz üzərinə götürür. Ölkəmizin bir-birindən mötəbər idman hadisələrinin ən yüksək səviyyədə təşkilində qazandığı uğurlar, idman meydanlarında nailiyyətlərimiz göz önündədir. 2015-ci ildə keçirilən I Avropa Oyunları da bunun ən gözəl nümunələrindən biri oldu. İslam Həmrəyliyi Oyunları çox yüksək əhəmiyyətə malik idman yarışıdır.
Azərbaycan artan beynəlxalq nüfuzu və iqtisadi gücü ilə regionda lider dövlətə çevrilir. Eyni zamanda, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Daxili sabitlik, demokratik dəyərlərin yüksək tutulması, iqtisadi-sosial-mədəni sahələrdə görülən işlər əsas verir ki, deyək: Azərbaycan uğurlu bir gələcəyə doğru inamla irəliləyir.
Bizim müstəqil və islami dəyərlərə böyük hörmətlə yanaşan dövlətimiz var. Burada müxtəlif millətlərin və xalqların nümayəndələri yaşayır. Lakin milli kimliyə, dilə, dinə görə ayrı-seçkilik qoyulmasından söhbət belə gedə bilməz. Elə multikultural dəyərlərə sadiqliyi, tolerantlıq məkanı kimi tanınması IV İslam Həmrəyliyi Oyunlarının respublikamızda təşkil olunmasında mühüm rol oynayır. Öz vətəndaşlarının hüquqlarını müdafiə edə bilməyən, onların təhlükəsizliyini qorumaqda, dinc, mehriban, qardaşlıq şəraitində yaşamalarına, çalışmalarına şərait yaratmaqda aciz qalan bir ölkə, əlbəttə ki, heç vaxt başqalarını sülhə, həmrəyliyə səsləyə bilməz. Bu gün iqtisadi, sosial, mədəni sahələrdəki yüksəliş, yaradılan sabit mühit Azərbaycanın buna haqqı olduğunun sübutudur.
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında Mehriban Əliyeva deyib: “Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm və ümidvaram ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın növbəti uğurlarının şahidi oluruq. Əminik ki, digər beynəlxalq yarışmalar kimi, bu beynəlxalq səviyyəli tədbir də ölkəmizin imicini yüksəldəcək.

Cəmilə SƏTTAROVA,
Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

 


Bu, adi idman yarışması deyil

 

Azərbaycan xalqı yalnız idman oyunlarını deyil, ənənəvi mədəniyyətini də dünyaya təqdim edir

 

Azərbaycan idmançıları İslamiada rekordunu hər gün yeniləyirlər. İndiyədək yüzdən artıq medalın sahibiyik. Bu, yalnız idmançılarımızın deyil, hamımızın zəfəridir. IV İslam Həmrəyliyi Oyunları parlaq məqamlarla xatirimizdə qalacaq. Bu möhtəşəm tədbir heç bir kəsin yaddaşından silinməyəcək. Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsidir. Bütün İslam ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olur. Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslamın terrorla əlaqəsi olmaya-olmaya ona şər, böhtan atılması sanki beynəlxalq kampaniya şəkli alıb. Din özü-üzlüyündə terroru rədd edən amildir. İslam dini sülh, mərhəmət dinidir.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bildirdiyi kimi, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, İslam ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.
Ölkəmizdə və kənarda keçirilmiş bir sıra qlobal tədbirlər - “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının qorunması, təbliği və bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də I Avropa Oyunları məhz Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı nəticəsində çox yüksək səviyyədə həyata keçirilib. I Avropa Oyunlarında olduğu kimi, bu dəfə də İslam Həmrəyliyi Oyunları dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman yarışması kimi qalacaq.
Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Ölkəmiz İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımdır.
Mayın 22-dək davam edəcək Oyunlar zamanı bütün İslam dünyasının nəbzi, təbii ki, Azərbaycanda döyünür. Mədəniyyət müəssisələri də bu Oyunlara ciddi hazırlıq işləri görüb. Artıq konsert proqramları icra edilir. Teatrlarda xüsusi proqramların təşkili ilə bağlı işlər həyata keçirilir.
Heydər Əliyev Sarayında həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də xalq artisti Alim Qasımovla əməkdar artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq, Türkiyənin tanınmış rəqs ansamblı - “Anadolu atəşi” də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir bəy Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamı”, Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun, caz ifaçılarının xüsusi konsertləri keçirilir. Mayın 20-dən etibarən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” və “Arşın mal alan” əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur.
Demək, əslində, IV İslam Həmrəyliyi Oyunlarını həm də beynəlxalq mədəniyyət tədbiri hesab etməliyik. Ona görə mədəniyyət və incəsənət xadimləri də Oyunların yüksək səviyyədə, yaddaqalan keçirilməsində üzərlərinə düşən borcu layiqincə yerinə yetirməlidirlər. Bundan əvvəlki tədbirlər nümunə olaraq ənənəyə çevrilib.
Azərbaycanı əbəs yerə Odlar yurdu adlandırmayıblar! Prometey odu bu yerlərdən alıb! Günəş də Şərqdən doğduğu üçün bu qədər odlu-alovludur! Su isə paklıq rəmzidir. İslami dəyərlərdə bu ünsürlərin xüsusi yeri olduğunu Oyunlar dünyaya bir daha təqdim edir. Bu bəşərilik və humanistlik xalqımızın xarakterinə də hopub: bəşəriyyət İslam dünyasının nəyə qadir olduğunu bir daha tanımalıdır.

Mənsum İBRAHİMOV,
“Şöhrət” ordenli xalq artisti, Prezident mükafatçısı, professor