Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yüksək təşkilatçılıq, böyük qonaqpərvərlik və möhtəşəm idman bayramı

19 May 2017
 

Xarici jurnalistlər İslamiadanın ideal səviyyədə təşkil olunduğunu bəyan edirlər

 

“Azərbaycan nəinki İslam Həmrəylik Oyunlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil edə bilər. I Avropa Oyunlarından sonra bu sahədə ölkə ikinci böyük təcrübəni qazandı”.
Bunları Qətərin “Alkass” idman kanalının əməkdaşı Bassem Al-Ravass dedi. Onunla yanaşı, IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən Bakıya gələn digər əcnəbi jurnalistlər də Azərbaycan, onun təşkilatçılıq qabiliyyəti barədə yüksək fikirdədirlər.
Hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının dünya miqyasında nümayişində və çapında sözsüz ki, xarici jurnalistlərin rolu danılmazdır. Oyunlara akkreditasiya olunan bütün jurnalistlər mayın 12-dən etibarən iş başındadırlar. Yerli media nümayəndələri ilə yanaşı, xarici jurnalistlərin də Bakıda öz işlərini rahat şəkildə görmələri üçün Əsas Media Mərkəzində, eləcə də yarışların keçirildiyi arenalarda hər cür şərait yaradılıb.
Hər bir arenanın Media İş Otağında jurnalistlər ödənişsiz çay, kofe, müxtəlif şirniyyat növləri, sərinləşdirici içkilər, eləcə də yüksək sürətli internetlə təmin olunublar.
İslamiada başlayandan bəri Əsas Media Mərkəzində və ayrı-ayrı yarış meydanlarında apardığımız müşahidələr göstərir ki, Oyunların yüksək səviyyədə işıqlandırılmasında yerli media nümayəndələri kimi əcnəbi jurnalistlər də fəallıq göstərirlər. Xüsusən də yarışa start veriləndən sonra gərgin iş rejimi başlayır. Hər kəs rəqib komandalar, nəticələr və digər gözləntilər barədə informasiyalar hazırlayır, çalışdığı media orqanına operativ şəkildə çatdırmağa çalışır.
Yarış günlərində bir neçə xarici jurnalistlə həmsöhbət olduq. Onlar media nümayəndələri üçün yaradılan şəraitdən və Bakıdakı təəssüratlarından həvəslə danışdılar:

 

Azərbaycanı Olimpiya Oyunlarının təşkilatçısı kimi görmək istəyirəm

 

Mousa Elbatran,
Qətərin “Al Vatan” qəzetinin müxbiri

- Azərbaycanın idman sahəsində çox yaxşı nailiyyətləri var. Bizim üçün yaradılan şəraitdən çox məmnunuq. Burada olduğumuz müddətdə heç bir problemlə üzləşməmişik. Əksinə, bizə xüsusi diqqət göstərilir. Oyunlar barədə informasiyanı çox rahatlıqla əldə edib çalışdığımız media orqanına göndərə bilirik.
İlk dəfədir ki, Azərbaycandayam. Burada hər şey mənim üçün qeyri-adidir. Oyunların keçirildiyi arenalar hər cür şəraitlə təmin edilib. Bakıya gəldikdə isə, olduqca maraqlı şəhərdir. Burada müasirlik və qədimliyin ahəngini görmək olar. Hər gün şəhər haqqında yeni nəsə öyrənir, daha çox gəzməyə çalışıram.

Bassem Al-Ravass,
Qətərin “Alkass” idman kanalının əməkdaşı

- Bu, Azərbaycana ikinci səfərimdir. İlk dəfə 2014-cü ildə jurnalistlərlə bağlı beynəlxalq tədbirdə Bakıda olmuşam. Fikirləşirəm ki, Azərbaycan nəinki İslam Həmrəylik Oyunlarını, hətta Yay Olimpiya Oyunlarını da təşkil edə bilər. I Avropa Oyunlarından sonra bu sahədə ölkə ikinci böyük təcrübə qazandı. Ölkəmiz “Formula-1” kimi dünya miqyaslı yarışa uğurla evsahibliyi etdi. Növbəti illərdə Azərbaycanı Olimpiya Oyunlarının təşkilatçısı kimi görmək istəyirəm. Ölkəniz buna tam hazırdır. İnsanlarınız da çox qonaqpərvərdir və idmanı sevirlər.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi heyrətamiz oldu. Düşünürəm ki, Prezident İlham Əliyev və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva idmana uğurla rəhbərlik etdikləri kimi, ölkəni də ləyaqətlə idarə edirlər. Bu, Azərbaycanın gələcək inkişafı üçün çox önəmlidir.

 

Bakı İslamiadası ən yaxşılardandır

 

Samanta Lopez,
Meksika Beynəlxalq İdman Yayım Şirkətinin müxbiri

- Bakıya İlk səfərimdir. Şəhər çox gözəldir, insanları mehribandırlar. Oyunların açılış mərasimi çox rəngarəng və maraqlı keçdi. Buraya gəldiyimə görə hədsiz məmnunam. Sözün həqiqi mənasında, Bakını çox sevdim. Bu şəhərdə daha çox qalmaq və işləmək istərdim.
İslamiada yüksək səviyyədə təşkil olunub. Hər şey çox gözəldir. Jurnalistlər üçün yaradılan şəraitdən də razıyam, iş prosesində heç bir çətinliklə üzləşmirik. Hər şey öz axarı ilə gedir. Oyunlar zamanı çox güclü təhlükəsizlik tədbirləri görülür. Təşkilatçılıq yüksək səviyyədə olduğundan deyə bilərəm ki, Bakı İslamiadası ən yaxşılardandır. Bu günlər ərzində İçərişəhərdə, Milli parkda və Xalaça muzeyində oldum. Qarşıdakı günlərdə də imkan düşdükcə şəhəri gəzib dolaşacam.

 

Geriyə yaxşı təəssüratlarla qayıdacam

 

Ubeda Lucia,
İspaniya İdman Yayım Şirkətinin operatoru

- Burada jurnalistlərin rahat və təhlükəsiz şəraitdə işləməsi üçün yaxşı şərait var. Materialları çox rahat şəkildə hazırlayıb yayımlaya bilirik. İnternetdən Azərbaycan və Bakı haqqında çoxlu məlumatlar əldə etmişəm. Zəngin ölkədir. Yəqin ki, bütün gözəl yerləri görmək və çəkmək üçün təkrar-təkrar buraya səfər etmək lazımdır. Əsasən də zövqlə tikilmiş və qeyri-adi arxitekturaya malik binalar diqqətimi çəkdi. Şəhərin təmiz havası var. Ümid edirəm ki, çox yaxşı təəssüratlarla qayıdacam.
Azərbaycanın yeməkləri də dadlıdır. Burada xoş bir ab-hava var. Bu da işləmək üçün insana müsbət təsir göstərir.
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı isə onu deyə bilərəm ki, hər şey yüksək səviyyədədir. Bununla bağlı informasiyalar da yayımladığımız materiallarda öz əksini tapır.

 

Burada gender bərabərliyinin şahidi oldum

 

Pamela Besin,
İngiltərə Beynəlxalq İdman Yayım Şirkətinin müxbiri

- Əslən braziliyalıyam. Amma Londonda yaşayıb işləyirəm. Hər şeydən əvvəl, düşünürəm ki, İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri üçün çox önəmlidir. Oyunlar zamanı 50-dən çox ölkə bir araya gəlir. Burada əsas məqsədlərdən biri İslam ölkələrini birliyə, sülhə, əməkdaşlığa səsləməkdir. Bu Oyunların mənim üçün daha maraqlı tərəfi odur ki, yarışlarda xeyli sayda qadın idmançılar da iştirak edir. Avropada düşünə bilərlər ki, İslam ölkələrində xanım idmançılara çox nadir halda rast gəlinir. Bu baxımdan, Bakıya çoxlu sayda xanım idmançının gəlməsi mənə maraqlı göründü. Burada gender bərabərliyinin şahidi oldum.
Oyunlar zamanı jurnalistlər üçün hər hansı bir problem yaradılmır. Hər şey çox yaxşı təşkil olunub. Xüsusən də könüllülərin işini yüksək dəyərləndirirəm. Nəyi bilməsək, onlardan soruşuruq. Çox həvəslə suallarımızı cavablayır, bizə yaxşı kömək edirlər. İdman arenalarında təhlükəsizlik məsələlərinə də ciddi əməl edilir. Ona görə də burada özümüzü çox rahat hiss edirik. Bakıya ilk səfərim olsa da, insanlar arasında da özümü rahat hiss edirəm.
Bakı xüsusi arxitekturaya malikdir. Maraqlı və hündür göydələnlər, eləcə də tarixi binalar var. Böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşən Bayraq meydanını görəndə nəhəng ölçülü bayrağın o qədər yüksəklikdə necə dalğalanması məni çox heyrətləndirdi. Həmçinin mətbəxinizi, xüsusən də kababınızı çox bəyəndim.
Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları 4 qitədə, 50-dən çox ölkədə canlı yayımlanır. Oyunları işıqlandırmaq üçün 1000-ə yaxın yerli və xarici mətbuat orqanı akkreditə olunub. Əcnəbi jurnalistlərin sayına gəldikdə isə, 153-ü müxbir, 60-ı fotoqraf, 22 operator olmaqla ümumilikdə 200-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.

Elgün MƏNSİMOV,
Foto A.MƏMMƏDOVUNDUR
“Azərbaycan”