Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Taekvondoçularımız İslamiadanın ən güclüsüdürlər

19 May 2017
 

İslamiadada taekvondo yarışlarına yekun vurulub. Bakı İdman Sarayında təşkil olunan yarışlarda ümumilikdə 9 medal (6 qızıl, 2 gümüş və 1 bürünc) qazanan taekvondoçularımız ölkəmizin  idman şərəfini layiqincə qoruyub, bayrağını ucaldıblar.

Yüksək vətənpərvərlik və mübarizə əzmi nümayiş etdirilərək üçrəngli bayrağımızı zirvələrə qaldırıb, İslamiadada taekvondo yarışlarında ən güclü olublar.

Mayın 18-də taekvondoda yarışların son günü daha 5 çəkidə qaliblər müəyyənləşib. Yığmamızın 4 üzvü dayanq üzərinə çıxıb.

87 kq çəki dərəcəsində yarışan Ramin Əzizov 1/4 finalda iordaniyalı Anas Sadeklə döyüşüb. 27:8 hesabı ilə qalib gələn Ramin yarımfinala yüksəlib. Finala gedən yolda rəqib türkiyəli Sərdar Yüksəl olub. 13:5 hesabı ilə qalib gələn idmançımız həlledici mərhələyə çıxıb. Ramin qızıl medal uğrunda döyüşdə İran təmsilçisi Əhməd Məhəmmədi ilə qarşılaşıb. Çətin keçən döyüşün yekununda 16:13 hesabı ilə qalib gələn Ramin IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Kişilərin mübarizəsində 63 kq çəki dərəcəsində yarışan Məhəmməd Məmmədov turnirə 1/8 finaldan başlayıb. İndoneziyalı İbrahim Zarmana 9:2 hesabı ilə qalib gələn idmançımız dörddəbir finala yüksəlib. Bu mərhələdə rəqib mərakeşli Ömər Xəyyami olub. Rəqibini 26:10 hesabı ilə məğlubiyyətə uğradan Məhəmməd yarımfinala yüksəlib. Finala gedən yolda qazaxıstanlı Alimjan Serikbayevlə üzləşən təmsilçimiz 7:8 hesabı ilə uduzaraq İslamiadanı bürünc medalla başa vurub.

74 kq çəkidə yarışan digər təmsilçimiz Səid Quliyev isə yarışa dörddəbir finaldan başlayıb.  Surinam idmançısı Toş Van Diyk Niyaz ilə döyüşən idmançımız yekunda 17:19 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qadınların mübarizəsində 62 kq çəkidə yarışan təmsilçimiz Darya Şkurko 1/4 finalda mərakeşli həmkarı Sukayna El-Auni ilə münasibətlərinə aydınlıq gətirib. Gərginliyi ilə diqqət çəkən döyüşdə mərakeşli daha güclü olub. 8:10 hesabı ilə uduzan xanım idmançımız İslamiadada mübarizəni dayandırıb.

Xatırladaq ki, bundan əvvəlki günlərdə taekvondo yarışlarında komandamızın heyətində Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) qızıl, Qaşım Maqomedov (54 kq) və Fəridə Əzizova (67 kq) gümüş medallara sahib çıxıblar.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Foto F.BAĞIROVUN