Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq siyasətində diaspor təşkilatlarının rolunun artması qısqanclıqla qarşılanmamalıdır

19 May 2017
 

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən həmin dövlətin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi bütün soydaşlarımız kimi məni də bir alim kimi çox narahat edir. Azərbaycan Respublikası və Rusiya Federasiyası uzun müddət bir ittifaq dövlətində birləşən və bu gün beynəlxalq cəmiyyətə sıx inteqrasiya edən qonşu dövlətlərdir. Azərbaycan Respublikası digər qonşuları ilə yanaşı, Rusiya Federasiyası ilə də əməkdaşlıq münasibətlərini daim yenidən qurur və daha da inkişaf etdirir. Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsində deyilir ki, ölkəmiz başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Uzun müddət qonşuluq və birgəyaşayış siyasətinə hörmətlə yanaşan Azərbaycan Respublikası bu siyasəti beynəlxalq təşkilatlarda da uğurla aparır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq əməkdaşlıq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda uğurla davam etdirilir. Belə ki, dövlətimiz təkcə insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s.) üzvüdür. Bu təşkilatlar içərisində kifayət qədər sazişlər imzalanan və Azərbaycan Respublikasının da mühüm önəm verdiyi Müstəqil Dövlətlər Birliyi xüsusi yer tutur. Baxmayaraq ki, digər MDB üzvü olan təcavüzkar Ermənistan tərəfindən hələ SSRİ dövründə 1988-ci ildən başlayan növbəti işğalçılıq siyasəti əzəli Azərbaycan torpaqları olan yerlərdən iki yüz mindən çox azərbaycanlının kütləvi deportasiya edilməsi və növbəti genosid faktı ilə nəticələnmişdir. Ermənistanın sonrakı təcavüzü Azərbaycan ərazisinin 20 faizindən çoxunu işğal etməsi və 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsilə nəticələnmişdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, 20 min nəfərdən çox azərbaycanlı öldürülmüş, 50 mindən artıq yaralanmış və əlil olmuş, bir neçə min nəfər itkin düşmüşdür. Məhkəməsiz edamlar, mülki əhalinin kütləvi gülləbaran edilməsi, götürülmüş girovların Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində məcburi qaydada ən ağır işlərdə işlədilməsi, döyülmə, işgəncə və başqa kobud, qeyri-insani rəftar ən adi hala çevrilmişdir. Xocalı soyqırımının dəhşətləri daha ağırdır. Bununla da təcavüzkar Ermənistan tərəfindən nəinki beynəlxalq hüququn ümumtanınmış prinsipləri kobud şəkildə pozulmuş, eyni zamanda insan hüquqları sahəsində mühüm beynəlxalq sənədlər: İnsan hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, Müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyaları və s. beynəlxalq normalar ayaq altına salınmışdır.
Azərbaycan Respublikası dünya dövlətləri ilə nəinki universal və regional əsasda, eyni zamanda ikitərəfli əsasda da sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Belə münasibətlər tam balanslaşdırılmış siyasətə söykənir. Müxtəlif istiqamətlərdə imzalanan ikitərəfli müqavilələr buna əyani sübutdur. Hərdən dövlətlərarası istiqamətlərdə yüksək səviyyədə qurulmuş əlaqələr həmin dövlətlərin bəzi təsisatları (ayrı-ayrı nümayəndələri) və hakimiyyət qolları tərəfindən qısqanclıqla qarşılanır. Belə ki, Rusiya Federasiyasının Ali Məhkəməsi 15 may 2017-ci il tarixdə Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə gözlənilməz qərar vermişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi Ümumrusiya Azərbaycanlıları Konqresinin məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarının tam haqlı olaraq təəssüf və təəccüb doğurduğunu bildirmişdir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvilə əlaqədar Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin bəyanatında isə deyilir ki, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.
Ümumrusiya Azərbaycanlıları Konqresi 2001-ci ildə yaradılmışdır. Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatıdır. Diaspor təşkilatlarının qarşılıqlı olaraq tanınması və onların fəaliyyətinə kömək edilməsi Azərbaycan Respublikası və Rusiya Federasiyası dövlətləri arasında müxtəlif səviyyələrdə dəfələrlə imzalanmış və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin predmeti olmuşdur. Həmin diaspor təşkilatları qonşu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanlıların, o cümlədən Rusiya Federasiyası vətəndaşlarının və rusların hüquqlarının təminatında əhəmiyyətli yer tutur. Bu münasibətlər beynəlxalq konvensiyalarla - 1961-ci il tarixli Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası, 1963-cü il tarixli Konsul münasibətləri haqqında Vyana Konvensiyası ilə tənzimlənir. Eyni zamanda insan hüquqlarının təminatında diplomatik müdafiə institutunun mühüm elementidir. Diplomatik müdafiə isə Beynəlxalq Ədalət Məhkəməsi Daimi Palatasının 1924-cü il Qətnaməsində beynəlxalq hüququn elementar prinsipi kimi təsbit edilmişdir. Diplomatik müdafiə hər bir dövlətin dövlət suverenliyindən irəli gələn bir hüququdur. Diplomatik müdafiə ilə əlaqədar məsələlər Azərbaycan Respublikası Konstitusiyasında da əks olunmuşdur. Belə ki, Konstitusiyanın 53-cü maddəsinin 3-cü hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsinin 2-ci bəndi ilə Rusiya Federasiyası onun ərazisindən kənardakı Rusiya vətəndaşlarını müdafiə edir və onlara himayəçilik edir. Problemin əhatəliliyi bu istiqamətdə dövlətdaxili qanunvericilik aktlarının qəbul edilməsi ilə nəticələnmişdir. Məsələn, 24 may 1999-cu ildə qəbul edilmiş “Xaricdə yaşayan həmvətənlərə münasibətdə Rusiya Federasiyasının dövlət siyasəti haqqında” qanunu və s. Belə bir qanun Azərbaycan Respublikasında da - “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” 27 dekabr 2002-ci il tarixdə qəbul edilmişdir. Qanunun 1-ci maddəsinə görə xaricdə yaşayan azərbaycanlılar dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür: Azərbaycan Respublikası vətəndaşları və onların övladları; əvvəllər Azərbaycan SSRİ-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları; yuxarıda qeyd edilən şəxslər kateqoriyasına aid olmayan, lakin əmlak, dil, mədəniyyət və ya xarici əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslər və onların övladları. Qanunun 2-ci maddəsində xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri kimi aşağıdakılar müəyyənləşdirilmişdir: beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarını həyata keçirməklə, onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirilməsinə kömək göstərmək; xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək.
Problemin digər bir tərəfi. Azərbaycan xalqının digər qonşu xalqlarla yanaşı, rus xalqı ilə də uzun əsrlərə söykənən mehriban qonşuluq, dostluq münasibətləri var. Biz hər zaman bir-birimizin adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına böyük hörmətlə, sevgi ilə yanaşmışıq. Respublikamızda digər dillərlə yanaşı, rus dilinə də böyük hörmət göstərilir. Mənim də işlədiyim Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Azərbaycan bölməsi ilə yanaşı, həm bakalavr, həm də magistratura pilləsində ingilis və rus bölmələri fəaliyyət göstərir. Tələbələrə, magistrantlara, gənc tədqiqatçılara tövsiyə edilən ədəbiyyatlar sırasında Azərbaycan ədəbiyyatı ilə bərabər, ingilis və rus dillərində ədəbiyyatlar da birinci yerdə dayanır. Bakı Dövlət Universitetində fəaliyyət göstərən hüquq üzrə fəlsəfə və elmlər doktoru üzrə dissertasiya şurasının tərkibinə Polşa, Rusiya və Ukraynanın nüfuzlu alimləri daxil edilmişlər. Şurada keçirilən müdafiə və müzakirələrdə bu istiqamətdə ciddi qarşılıqlı araşdırmalar aparılır. Fakültəmizdə digər dövlətlərin universitetləri ilə də sıx əlaqələr qurulmuş və birgə uğurlu tədris aparılır (məsələn, ABŞ-in nüfuzlu Tüleyn Universiteti ilə, Almaniyanın Vürzburq Universiteti ilə və s).
Azərbaycan Respublikası müxtəlif istiqamətlərdə digər dövlətlərlə imzaladığı ikitərəfli sazişlərə və beynəlxalq müqavilələrə həmişə sadiqdir. Rusiya Federasiyası ilə imzaladığı ikitərəfli sazişlər dairəsi isə daha genişdir. Bura miqrasiya problemləri, sosial təminat məsələləri, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq, iqtisadi sferada əməkdaşlıq və s. kimi çoxlu sahələr daxildir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun digər dövlətlərlə bərabər, Rusiya Federasiyasında həyata keçirdiyi mühüm irimiqyaslı layihələr iki dövlət arasındakı münasibətlərin inkişafına xüsusi dəstək vermişdir. Azərbaycanda yaşayan rus millətinin nümayəndələri öz ana dillərində çox yüksək səviyyədə təhsil alır, dillərini, milli xüsusiyyətlərini yaşadır, dini ayinlərini tam azad icra edirlər. Biz təkcə rus millətinin nümayəndələrinə deyil, digər millətlərə, xalqlara da bu cür hörmət və ehtiramla yanaşırıq. Onların hər birindən də özümüzə qarşı eyni münasibəti görürük. Azərbaycan Respublikası multikultural və tolerant bir ölkədir. Burada tam mədəni müxtəliflik hökm sürür. Bu bizim tariximizdən, adət-ənənələrimizdən və soykökümüzdən irəli gəlir.
Rusiya da çoxmillətli, çox zəngin və qədim tarixə malik bir dövlətdir. Bu nöqteyi-nəzərdən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi başa düşülən deyil. Axı bu ən azı insan hüquqlarının təminatına ciddi zərbə vura bilər. Qloballaşma və beynəlxalq münasibətlərin humanistləşməsi müstəvisində insan hüquqlarına vətəndaşlıq prizmasından deyil, “hər kəsin” və ya “hamının” hüquqlarının təminatı prizmasından yanaşılması isə bütün dövlətlərin geri çəkilə bilmədiyi öhdəliklərdəndir. Rusiya Federasiyası həm də ATƏT-in Minsk qrupunun üzvü kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində vasitəçi kimi çıxış edir. Başqa sözlə desək, Azərbaycan ictimaiyyətini narahat edən məqamlardan biri də budur ki, Rusiya Federasiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.
Ümumrusiya Azərbaycanlıları Konqresi iki milyonadək azərbaycanlını təmsil edir. Uzun illərdir ki, fəaliyyət göstərən bu təşkilat heç vaxt öz işində ciddi nöqsanlara yol verməmişdir. Rusiya hökuməti tərəfindən ona qarşı kəskin addımlar atılmamışdır. Ümumrusiya Azərbaycanlıları Konqresi heç bir zaman Rusiya Federasiyasının qanunlarından kənara çıxmamışdır. Əksinə, iki dövlət arasındakı əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verməyə çalışmışdır. Rusiyanın bəzi antiazərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, eləcə də bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini yenə də böyük fəallıqla davam etdirirlər. Belə bir təşkilatı ləğv etməklə Rusiya Federasiyasında yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini şübhə altına alırlar. Əlbəttə ki, Rusiya Federasiyasının dövlət siyasəti bunları qəbul etmir və dövlətimizlə sıx əməkdaşlıq münasibətlərini inkişaf etdirmək məqsədini daim diqqətdə saxlayır. Ona görə də biz ümidsiz deyilik. Əminik ki, Rusiya Federasiyasında fəaliyyət göstərən antiazərbaycançı dairələr məqsədlərinə nail ola bilməyəcəklər. Mayın 15-də verilən qərarın - Rusiya Federasiyası Ədliyyə Nazirliyinin iddiasına əsasən, bu ölkənin Ali Məhkəməsinin verdiyi qərarın son olduğunu düşünmürük. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatı məsələsinə yenidən, daha yüksək instansiyalarda baxılacağına, bu işdə Rusiya Federasiyasının mühüm dövlət orqanlarının hərəkətə keçəcəyinə və bu dəfə ədalətli qərar çıxarılacağına ümid edirik. Bu, uzunmüddətli Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin tələbi, o cümlədən beynəlxalq hüquqa əməl edilməsi və insan hüquqlarının təmini zəruriliyi ilə birbaşa bağlıdır.

Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru, hüquq üzrə elmlər doktoru