Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uman yerdən küsərlər

19 May 2017
 

Özünü Azərbaycana dost və müttəfiq ölkə kimi təqdim edən Rusiyanın ÜAK-la bağlı qərarının yozumu çox, ağlabatanı yox

 

Azərbaycanın diqqətinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına yönəldiyi bir vaxtda ictimai-siyasi gündəmi tamam başqa bir olay zəbt etdi. Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə qonşu dövlətdə sayına və sanbalına görə fərqlənən Azərbaycan diasporunun Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) adlı təşkilatın qeydiyyatının ləğvi ölkəmizdə sakit və aydın səmada qəfil ildırım kimi qarşılandı.
Bu da təsadüfi deyil. Uman yerdən küsərlər, deyiblər. Rusiyadan nəyi görsək də, nəyi gözləsək də, belə münasibətə layiq olacağımızı ehtimal belə, etmirdik. Niyə də etməliydik ki?! Əvvəla, Azərbaycan hər zaman qonşu və eyni zamanda dünyada baş verən siyasi, iqtisadi və hərbi problemlərin həllində söz sahibi olan ölkə kimi Rusiyaya böyük hörmət nümayiş etdirib və həm də bu hörmət bütün xarici təhdidlərə baxmayaraq, günü bu gün də davam edir.
Həqiqətən, Rusiya bizim üçün sıradan bir ölkə deyil. 200 ildən çox tərkibində olduğumuz, hazırda isə bir çox məsələlərdə özümüzə müttəfiq saydığımız Rusiya Azərbaycanın həmçinin ən sıx iqtisadi əlaqələr qurduğu ölkələr sırasındadır. Bu gün Azərbaycanda şimal qonşumuzun onlarla şirkəti, bank filialları fəaliyyət göstərir, bizim elə bir qlobal enerji layihələrimiz yoxdur ki, onlarda Rusiyanın iqtisadi və milli maraqları nəzərə alınmasın. Elə Azərbaycanın da xüsusən qeyri-neft məhsullarının ixracında Rusiya Federasiyasının payı kifayət qədər yüksəkdir. Üstəlik, artıq azərbaycanlı iş adamları RF-nin müxtəlif sahələrinə investisiya qoymağa başlamışlar. Təkcə keçən il Stavropol diyarının Yesentuki kurort şəhərində Azərbaycan şirkəti tərəfindən tikilib istifadəyə verilmiş nəhəng sağlamlıq kompleksini xatırlatmaq kifayətdir ki, iki ölkənin biznesi arasındakı qarşılıqlı etimadın və etibarın səviyyəsi məlum olsun. Bu etimad və etibar isə təbii ki, iki ölkə və ilk növbədə iki dövlət başçıları arasında dəfələrlə sınaqlardan çıxmış qarşılıqlı səmimi dostluq münasibətlərindən qaynaqlanır.
Rusiyanı Azərbaycan üçün digər ölkələrdən daha çox əhəmiyyətli edən ikinci amil isə başlanmasının 30 ilinə yaxınlaşdığımız Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində onun rolunun danılmaz, bir az da dəqiq ifadə etsək, qaçılmaz olmasıdır. Özü də Rusiyanın bu rolu təkcə onun Minsk qrupunun dörd üzvündən biri olması ilə şərtlənmir. Şimal qonşumuz dəfələrlə regional müharibəyə çevrilmiş bu münaqişə başlanandan ən müxtəlif vasitələrlə “Qarabağın açarı”nın onun əlində olduğunu sübut etmişdir. Son sübut kimi ötən ilin aprelindəki döyüşləri göstərə bilərik: bu gün heç kimə sirr deyil ki, həmin vaxt Ermənistanı Azərbaycanın əlindən Rusiya aldı.
Şimal qonşumuz həm də azərbaycanlıların miqrant kimi ən çox yaşadığı ölkədir. Bu da təbiidir. İki əsr eyni sərhəd daxilində yaşamağımız, sonra isə ərazisinə və təbii ehtiyatlarına görə dünyanın ən böyük ölkəsi ilə qonşu olmağımız, eləcə də belə nəhəng və perspektivli ərazidə canlı işçi qüvvəsinin azlığı uzun illər həmvətənlərimizin şimala miqrasiyasına səbəb olmuşdur. Hazırda Rusiyada rəsmi statistikaya görə, təxminən 2 milyon, qeyri-rəsmi isə daha çox azərbaycanlı yaşayır. Moskvada isə həmvətənlərimiz ruslardan sonra bu şəhərin ən çoxsaylı millətləri sırasına daxildir.
Bu gün Rusiyada yaşayan soydaşlarımızın sırasında general və akademikdən, oliqarx və jurnalistdən tutmuş kiçik və orta bizneslə məşğul olanlaradək var. Bu səbəbdən artıq Rusiya azərbaycanlılarının həmin ölkədəki imici də başqadır. Əgər əvvəl həmin imic meyvə-tərəvəz alverçisi və gülsatan səviyyəsində idisə, hazırda onu Forbesin nəinki Rusiyanın, hətta dünyanın ən zəngin adamlarının siyahısı müəyyən edir. İndi Rusiyada azərbaycanlıların sıfırdan qurub-yaratdıqları elə nəhəng şirkətlər var ki, onlarsız bu ölkənin iqtisadiyyatını təsəvvür etmək belə, çətindir. Bu baxımdan, qonşu ölkədə yaşayıb işləyən soydaşlarımız həm də Rusiyanın ən iri və ən çoxsaylı vergi ödəyiciləridir.
Məhz elə bu səbəblərdən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvini başa düşmək çətindir. Hətta o dərəcədə ki, yozumunu da tapmaq mümkün deyil.
İlk yozum siyasi səbəb ola bilər. Məlumdur ki, bu cür ictimai təşkilatları müxtəlif bəhanələrlə adətən altdan-altdan həmin ölkədəki mövcud hakimiyyətin əleyhinə siyasi fəaliyyətlə məşğul olduqları üçün bağlayırlar. Bu yozumu, yaxud ehtimalı ÜAK-a nəinki yapışdırmaq, heç yaxın buraxmaq ən azından ədalətsizlik və qərəz olardı. Özü də təkcə ona görə yox ki, buna aid ortada heç bir konkret fakt yoxdur. Həm də onun üçün ki, Rusiyada yaşayan azərbaycanlılar adətən siyasətdən kənar olurlar və onların əksəriyyətinin maraq göstərdikləri, məşğul olduqları sahə varsa, o da iş görüb pul qazanmaqdır. Bu səbəbdən ÜAK-ın da fəaliyyəti belə soydaşlarımızın maraqlarını müdafiə etmək, qarşılaşdıqları problemlərin həllində onlara yardımçı olmaqdır, təbii ki, mövcud yerli qanunlar çərçivəsində. Deməli, bu müəmmada siyasi səbəb ehtimalı sıfıra bərabərdir.
İkinci ehtimal qərarın Rusiyada, daha çox isə paytaxt Moskvada məskunlaşıb özünə bu ölkənin bütün dairələrində yer eləmiş erməni diasporunun antiazərbaycan fəaliyyətinin nəticəsində qəbul olunmasıdır. Qeyd edək ki, Azərbaycanın siyasi dairələrində bu ehtimala üstünlük verənlərin sayı yetərincə çoxdur. Bu isə təsadüfi deyil. Uzun illərdir müxtəlif ölkələrdəki erməni diaspor təşkilatları Azərbaycanın əleyhinə iş aparırlar. Yaşadıqları bir çox ölkələrdə siyasi hakimiyyətə təsir etmək imkanları olan həmin təşkilatlar bəzən məqsədlərinə çatırlar da. Belə hallar xaricdə Azərbaycan diasporunun təşkilatlanmadığı vaxtlarda daha çox olurdu. Bu gün isə mənzərə fərqlidir. Azərbaycan hakimiyyətinin səyi nəticəsində əksər ölkələrdə formalaşıb güclənmiş diaspor təşkilatlarımız artıq ermənilərin cavabını vermək iqtidarındadırlar. Rusiya da məhz həmin əksər ölkələr sırasındadır. RF-də bizimkilər həm sayına, həm də iqtisadi və maddi imkanlarına görə ermənilərdən qat-qat üstündür. Bir də, bu gün Rusiya ali hakimiyyəti elə zəif deyil ki, hansısa diaspor təşkilatı ona qərar verdirmək gücündə olsun. Xüsusən də həmin qərarın iki ölkə arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinə kölgə salmaq riski varsa...
Rəsmi Moskvanın bu qərara rəvac verməsini Azərbaycanın qlobal enerji layihələri olan TAP və TANAP-da, eləcə də mühüm nəqliyyat layihəsi kimi qəbul edilən Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində əsas tərəf olmasından razı qalmaması ilə izah edənlər də var. Bəri başdan deyək ki, bu ehtimal da arxasında heç bir məntiq dayanmayan və əlacsızlıqdan ortaya atılan fərziyyədən uzağa getmir. Birincisi ona görə ki, adları çəkilən layihələrin icrasına çoxdan qərar verilib və Kremlin bundan narazılığı olubsa, çoxdan öz mövqeyini bildirmişdi. İkincisi, Rusiya Prezident İlham Əliyevin timsalında Azərbaycan iqtidarının ölkənin maraqları olan yerdə qətiyyətinə çoxdan bələddir və hətta deyərdik ki, bununla artıq barışıb da. Və nəhayət, üçüncüsü, Rusiya kimi ölkənin qlobal maraqlarının təmin olunmaması üstündə ictimai təşkilatın qeydiyyatını ləğv etmək kimi “cəza” tədbiri çox cılız görünür.
ÜAK-ın qeydiyyatının ləğvində sonuncu ehtimal RF Ali Məhkəməsinin qərarında göstərilən təşkilatın kargüzarlığındakı texniki məsələlərdir. Doğrusu, yozumlar arasında daha çox bəhanəyə oxşayan bu ehtimal ən inanılmazıdır. Çünki hətta sadəlövhlük edib inanmaq istəsək də, inanmadığımız bu ehtimalı bəhanəyə çevirən həmin texniki səbəbləri sadəcə tövsiyə ilə aradan qaldırmaq daha məqbul olardı, nəinki bütöv bir təşkilatın qeydiyyatını ləğv etmək.
Bütün hallarda olan-olub, keçən-keçib, ÜAK-ın qeydiyyatının ləğvinin əsl səbəbi Moskvaya məlumdur. Bundan sonra Azərbaycanın cavabının nə və necə olacağını isə ölkəmizin hakimiyyət orqanları bilir. Bizim bildiyimiz isə bu zaman həmişə olduğu kimi, ölkəmizin maraqlarının müdafiəsinin təmin ediləcəyidir.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”