Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

18 May 2017
Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin həyatında mühüm rol oynayırlar. Ayrı-ayrı toplumlara, eləcə də azərbaycanlılara qarşı münasibətdə qərəzə yol verənlər Rusiyanın nüfuzuna zərbə vururlar.

Bu fikirləri türkiyəli professor Aygün Attar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə dair qərarla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Aygün Attar bildirib ki, tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb. “Əminəm ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətini, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolunu düzgün dəyərləndirən qüvvələr daha mütərəqqi mövqe nümayiş etdirəcəklər. Heç kim unutmamalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılan təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir”, - deyə türkiyəli professor qeyd edib.

 

AZƏRTAC