Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olunub

18 May 2017
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Komissiyasının təşkilatçılığı ilə reallaşan "EU4Business" adlı beynəlxalq toplantıda çıxış edib.

Bu barədə İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı kiçik və orta sahibkarlığın maliyyə çıxışı, innovativ inkişafı və qloballaşması haqqında danışıb, Azərbaycanda yeni yaradılan "Azexport" portalı və Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, bu təşəbbüs Azərbaycanın rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Vüsal Qasımlının təqdimatı tədbir iştirakçılarının marağına səbəb olub və Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılması müsbət hal hesab edilib. Onların qənaətinə görə, Rəqəmsal Ticarət Qovşağı elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq.

Tədbirdə tərəfdaş ölkələrdən yüksək səviyyəli rəsmilər, müxtəlif təşkilatlardan nümayəndələr iştirak edib.

Qeyd edək ki, "EU4Business" təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının kiçik və orta sahibkarlığa dəstəyini ehtiva edir. Bu təşəbbüsə kiçik və orta sahibkarlığın inkişafına xidmət edən 27 regional və ikitərəfli layihə, 6 milli hökumətin biznesə dəstək təşkilatları daxildir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.