Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zaqatalada pulsuz tibbi müayinələrdən 74 mindən çox rayon sakini yararlanıb

17 May 2017
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Zaqatala rayonunda da mütəşəkkil qaydada başa çatıb. Fevralın 15-də başlanan və üç ay davam edən aksiya çərçivəsində 74 min 304 nəfər rayon sakini müayinədən keçərək, öz sağlamlıqları barədə məlumat əldə ediblər.

Bu barədə AZƏRTAC-a rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Rövşən Əhmədov məlumat verib.

Müayinələr rayonun 5 tibb müəssisəsində - rayon mərkəzi xəstəxanasi, Müalicə-Diaqnostika Mərkəzi, Əliabad qəsəbə, Danaçı və Yeni Suvagil kənd xəstəxanalarında əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında keçirilib. Tibbi müayinələrə yüksək ixtisaslı, peşəkar həkim və orta tibb işçiləri cəlb olunub. Bundan əlavə, səyyar həkim briqadası hərbi hissələrdə xidmət edən əsgər və zabitlərə, həmçinin xəstəxanalara getmək imkanı olmayan xəstə və yaşlı insanlara evlərində xidmət göstərib.

Müayinələr rayonun 61 yaşayış məntəqəsini əhatə edib. Tibbi müayinədən keçənlərin 7 min 145 nəfərinə ambulator müalicə təyin edilib, 92 nəfər stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, 2 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Xəstəlik aşkar edilən bir nəfər sakin isə müalicəsini davam etdirmək üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.

Rayon sakinləri insanların sağlamlıqlarının qorunmasına yönələn bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.