Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

16 May 2017
Mayın 16-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitə sədri Eldar İbrahimov bildirib ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli və “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 2017-ci il 30 mart tarixli sərəncamlarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sərəncamlarda ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələləri əksini tapıb.

Dəyişikliyə görə, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “İctimai çimərliklərdə” sözləri ilə əvəz ediləcək.

Bildirilib ki, Məcəllədə edilən dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılmasını tələb edir, əhalinin çimərliklərdən istifadə imkanlarının artırılmasını nəzərdə tutur.