Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

14 May 2017
 

Cəlilabad rayonunun Göytəpə şəhərində üçotaqlı fərdi yaşayış evim var. Evin yaşayış sahəsi 106 kvadratmetrdir. Göytəpə Şəhər Bələdiyyəsi məndən evin hər kvadratmetrinə 10 qəpik olmaqla əmlak vergisi tələb edir.

82 yaşım var. Məlumatıma görə, əmək pensiyaçıları bu vergidən azaddırlar. Bilmək istəyirəm: mən bu vergidən azadam, ya  yox, ümumiyyətlə,  bu hal qanunla necə tənzimlənir?

 

Qiyas CƏFƏROV, 

Cəlilabad rayonu, Göytəpə şəhəri,

F.Bayramov küçəsi,102

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1-ci maddəsi fiziki şəxslərin ödəməli olduğu əmlak vergisinin qayda və dərəcəsini müəyyənləşdirir. Həmin maddəyə əsasən, rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin (həmin sahənin 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadrat metrinə görə 10 qəpik əmlak vergisi ödənilməlidir. Göytəpə də rayon tabeli şəhər olduğundan yuxarıda göstərilən vergi dərəcəsi (kvadratmetr üçün 10 qəpik) tətbiq edilməlidir. Beləliklə, 106 kvadratmetr sahəsi olan evə görə əmlak vergisinin məbləği (106 kv.m. - 30 kv.m. (yəni vergi tutulmayan sahə) = 76 kv.m. x 10 qəpik) 7,6 manatdır.

Siz pensiyaçı olduğunuzdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.3-cü maddəsi ilə müəyyən edilmiş güzəştin təsir dairəsinə düşürsünüz. Bu  maddəyə görə (binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla) məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların, müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin (müddətli hərbi xidmət dövründə)  ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Deməli, siz bu vergidən  azadsınız. Sizin  evin əmlak vergisi məbləği - 7,6 manat güzəşt məbləğindən (30 manat) az olduğundan  xüsusi mülkiyyətinizdə olan evə görə əmlak vergisi ödəməməlisiniz.

  

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi