Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV İslamiadası

12 May 2017
IV İslam Həmrəyliyi Oyunları tarixə Azərbaycan Prezidentinin möhtəşəm təşkilatçılıq nümunəsi, liderliyinin beynəlxalq təntənəsi kimi düşəcək

 

“İlk”lərin təşəbbüsçüsü və gerçəkləşdirəni

 

Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir.

İlham ƏLİYEV

 

Dünyada həmişə “ilk”lər yadda qalır: hansısa qitəni, coğrafi ərazini kəşf edənlər, kosmosa uçanlar, Aya ayaq basanlar, yenilik yaradanlar və s.
Əslində, “ilk” olmağın çox böyük çətinlikləri var: bu, bəsirət və uzaqgörənlik, müəyyən risk və hazırlıq, xüsusi istedad, bilik və səriştə də tələb edir!
“İlk”ə nail olmaq üçün hər şeyi ölçüb-biçməli, hesablamalı və öz imkanlarınla düzgün tutuşdurmağı da bacarmalısan!

Dövlət müstəqilliyi qazanan Azərbaycan həm də dünyada bir sıra “ilk”lərin təşəbbüsçüsü və gerçəkləşdirəni kimi də tanınır.
Məhz ümummilli liderimizin qətiyyət və prinsipiallığı sayəsində ilk dəfə olaraq Xəzər nefti müstəqil surətdə dünya bazarına çıxarıldı. Həm də ilk dəfə olaraq qeyri-ənənəvi marşrutla - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə. Azərbaycanda mətbuata senzura nəzarətini də ilk dəfə (həm də yeganə olaraq) Heydər Əliyev ləğv etdi. 
Ulu öndər Heydər Əliyevin inamla başladığı bu yol hazırda yeni vüsətlə davam edir!
Cənab İlham Əliyev də bir sıra “ilk”lərin müəllifidir!
Onun rəhbərliyi dövründə Azərbaycan əvvəllər əlçatmaz görünən bəzi hədəflərə çatmış, transmilli layihələri reallaşdırmış, yeniliklərə imza atmışdır.
Onlardan bir neçəsini qısaca nəzərdən keçirək.

* Azərbaycan 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi;
* Orbitə çıxardığı iki peyki ilə dünya kosmos ailəsinin tərkibinə daxil oldu;
* “Eurovision” mahnı müsabiqəsində qalib gələrək Bakıda bu yarışmaya ən yüksək səviyyədə və yaddaqalan şəkildə evsahibliyi etdi;
* Ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası inşa edərək ümumi enerji potensialını 6300 meqavata çatdıran Azərbaycan elektrik enerjisi ixracatçısına çevrildi;
* Novruz bayramı, Azərbaycan muğamı, saz sənəti, tar ifaçılığı UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına salındı;
* Bir sıra beynəlxalq tədbirlərin - Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dünya dinləri liderlərinin zirvə görüşü, BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu, habelə digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış etməyə başladı;
* Ölkəmiz ilk dəfə keçirilən I Avropa Oyunlarına evsahibliyi edərək bu sahədə yeni standartlar müəyyənləşdirdi;
* Dünyada 500 milyon tamaşaçısı olan “Formula-1” avtomobil yarışını keçirdi.

Budur, dövlət başçısı cənab İlham Əliyev daha bir “ilk”ə, bu dəfə “ikiqat ilkə” imza atır!
İlk dəfədir ki, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilir!
Həm də ilk dəfədir ki, bu Oyunlara bir neçə il öncə I Avropa Oyunlarının təşkilatçısı olan dövlət evsahibliyi edir!
İlk olmağın məsuliyyət və çətinliyi daha böyük və daha çoxdur!
Əvvəla, “ilk”lər keçilmiş yollarla getmirlər! Onlar yeni cığır açırlar!
İkincisi, özlərindən sonrakılar üçün bir mayaka çevrilirlər!
Ən nəhayət, gördükləri işlər, müəyyən etdikləri standartlar “növbətilər” üçün nümunəyə çevrilir.
Azərbaycanın təşkil etdiyi I Avropa Oyunları məhz belə olmuşdur!
I Avropa Oyunlarına öz möhürünü vuran Azərbaycan tarixə təkcə Oyunlara həyat vəsiqəsi verən dövlət kimi deyil, həm də onun standartlarını müəyyən edən təşkilatçı kimi də düşmüşdür!
Azərbaycan Prezidenti cənab İlham Əliyev idmana təkcə müxtəlif ölkələrdən olan gənclərin yarışması kimi baxmır, idmanı həm də təsirli “siyasi vasitə” kimi qiymətləndirir. 
Bu vasitə insanları və dövlətləri bir-birinə yaxınlaşdırır, mehribanlaşdırır, ünsiyyət və fikir mübadiləsinə şərait yaradır, ən nəhayət, sülhə dəvət edir!
O sülhə ki, müasir dünyada ona böyük zərurət duyulur!
Əslində, insanlar öz güclərini bir-birlərinə idman yarışlarında, sülh şəraitində göstərməlidirlər! 
Bir-birlərinin qanını axıtmaq, daha müasir və kütləvi vasitələrlə insanları qırmaq üçün yeni, dağıdıcı silahlar icad etmək bəşəriyyətə fəlakətlərdən başqa heç nə vermir!
İnsanlar silah alverindən yox, bir-birinə gərək olan və həyat şəraitlərini yüksəldən mal-məhsullardan və texnologiyalardan pul qazanmalıdırlar!
İdman yarışında qələbə həm iştirakçılara, həm də tamaşaçılara sevinc və xoş anlar bəxş edir!
Döyüş cəbhəsindəki qələbə isə hər iki tərəfə itki və kədər, məğlublara isə daha çox faciə və fəlakət gətirir!
Hansı yaxşıdır?!
Bəşəriyyət bunlardan hansını seçməlidir?!
Cənab İlham Əliyev daim dünyaya sülh, dinclik, əmin-amanlıq, əməkdaşlıq, iştirakçı tərəflərin hər birinə fayda və inkişaf gətirən vasitələr seçir və təqdim edir!
Həm də bunların ən mükəmməl nümunələrini göstərir!
Ötən il Azərbaycanda multikulturalizm ili idi.
Dünyada ksenofobiya, islamofobiya meyillərinin gücləndiyi, nasizmin dirçəldiyi bir vaxtda insanlar arasında, ölkələr daxilində sülh və əmin-amanlığa, birgəyaşayışa xidmət edən multikultural prinsiplərin vacibliyi irəli sürüldü. Azərbaycan öz nümunəsində bunun mümkünlüyünü və faydasını da ortaya qoydu. Müxtəlif millətlərə və dinlərə məxsus, ayrı-ayrı ölkələrdə yaşayan ağıllı insanlar multikulturalizmin Azərbaycan modeli ilə yaxından tanış oldular, heyranlıqlarını gizlətmədilər.
Bütün bunlar dünyaya təsirsiz ötüşmədi!
Hətta monokultural siyasətə üstünlük verənlər belə, öz dövlətlərinin təhlükəsiz gələcəyi, ziddiyyətlərin qarşısının alınmasında və terrorizmlə mübarizədə uğur qazanılmasında multikulturalizmin üstünlüyünü etiraf etməyə başladılar!
Dövlətlərarası müharibədə cəbhə xətti olur və düşmənlə vuruşmaq asandır!
Dövlətdaxili ziddiyyət və toqquşmalarda isə nə cəbhə, nə də təmas xətti görünür, daha çox günahsız insanlar həlak olur və ziyan çəkir, zorakılığa, terrorizmə silah gücünə qalib gəlmək çətinləşir. 
Dünyada nə qədər sabitlik, əməkdaşlıq, bir-birini anlamaq və kömək etmək istəyi olarsa, bir o qədər az qan axıdılar, insanlar silaha əl atmadan bir-birini başa düşər və eşidər, bəşəriyyət daha sürətlə irəli gedər, ümumi problemlərini uğurla həll edər!
Yəqin ki, bu həqiqəti çoxları bilir. Amma nədənsə qloballaşan dünyada sülh niyyətli siyasətçilərin və dövlət başçılarının səsi çox zəif eşidilir. 
İkili standartların mövcudluğu, silah biznesindən böyük gəlirlər götürüldüyü, sivilizasiyalararası anlaşılmazlıqların kəskinləşdiyi dövrdə vəziyyət ilbəil daha təhlükəli hal alır. 
İslam dünyası ölüm və fəlakətlər gətirən “bahar”lardan, qoca Avropa isə “miqrant” adlı qaçqınlardan əziyyət çəkir.
Öz evlərində rahat yaşamalarına imkan verilməyən qaçqınlar getdikləri yerlərdə də problemlərlə üzləşir, üstəlik, müəyyən problemlərin səbəbkarlarına çevrilirlər...
Belədə ən doğru yol hərənin öz ölkəsində sakit və əmin-aman yaşaması, dövlətlərin isə əməkdaşlığa üstünlük verməsidir!
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin “İslam həmrəyliyi ili” elan edilməsi həm də dünyanın və insanların bugününə, sabahına xidmət edən olduqca dəyərli təşəbbüsdür!
Bu, təkcə İslam dünyasını əhatə edən çağırış deyil! Bütün mədəniyyət daşıyıcıları olan dövlətlər, bütün dinlərə sitayiş edən insanlar bir-birini anlamağa, əməkdaşlığa dəvət olunur. 
Sirr deyil ki, qanlı toqquşmalar gedən cahanda məhəlli müharibələr, hətta üçüncü dünya müharibəsinin alovlanma təhlükəsi də var!
Amma sanki hamı seyrçi mövqeyindədir...
Tarixi əsrlərlə ölçülən dövlətlər də, müstəqilliyə yeni qədəm qoymuş ölkələr də!
Bütün bu məsuliyyəti dərk edərək ağırlığı öz çiyinlərinə götürməklə irəli duran Azərbaycan Prezidenti İlham Əliyevdir!
İlham Əliyev İslam dünyasını həmrəy olmağa, bir-birlərilə əməkdaşlığa dəvət edir!
İlham Əliyev İslam dövlətləri rəhbərlərini və liderlərini umu-küsünü bir qırağa qoymağa, geriyə deyil, irəliyə baxmağa səsləyir!
İlham Əliyev İslam dünyasına tarixdə olanlardan və müasir dünyada baş verənlərdən düzgün nəticə çıxarmağa, xalqlarının və dövlətlərinin xoş gələcəyi naminə uzaqgörən, düşünülmüş və ağıllı qərarlar qəbul etməyə çağırır!
Və həm də bu yöndə ilkin addımlar atılmasına zəruri şərait də yaradır!
IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi və təşkilatçısı olan müstəqil Azərbaycan bu gün dünya İslam dövlətləri arasında canlı körpüyə çevrilib!
İdman missiyasını üzərinə götürən Azərbaycan səmərəli görüş yerinə, danışıqlar və anlaşmalar mərkəzinə çevrilib!
Necə deyərlər, təşəbbüs də var, təklif və nümunə də, münasib şərait də! Üstəlik, bu xeyirxah niyyətin gerçəkləşəcəyinə inam da!
Görüş yeri isə Azərbaycandır!
Xəzərdən başlayan su səyahətinə startvermə mərasimində çıxışı zamanı dövlət başçısı cənab İlham Əliyev İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini bir daha diqqətə çəkdi: “Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar 24 iyul 2013-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında verilmişdir.
Yarışa onun mahiyyətindən doğan süar da seçilmişdir: “Həmrəylik bizim gücümüzdür”.
IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə də I Avropa Oyunlarının keçirilməsində böyük zəhmət sərf edərək uğur qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. On yarış günü ərzində 54 dövlətdən gəlmiş 3 mindən artıq atlet 21 idman növü üzrə öz gücünü sınayacaqdır.
Yarışların yüksək səviyyədə keçəcəyinə kimsədə zərrə qədər də şübhə yoxdur! Əvvəla, bu sahədə Azərbaycanın kifayət qədər təcrübəsi, beynəlxalq tələblərə cavab verən stadion, qurğu, arena və idman kompleksləri vardır. Üstəlik, idmançıları və məşqçiləri, habelə nümayəndə heyəti üzvlərini və əcnəbi azarkeşləri hər cür şəraiti olan hotellər, onları yarış yerlərinə çatdıracaq nəqliyyat vasitələri, yarışların təşkilində fəallıq göstərən yüzlərlə könüllü gözləyir. Gələnlərin asudə vaxtlarının mənalı təşkili də diqqət mərkəzindədir. Əminik ki, yenə də qonaqpərvər Azərbaycan xalqı, respublikanın gəzməli və görməli yerləri, milli mətbəximiz qonaqların xoşuna gələcəkdir.
Şübhə etmirik ki, bu gün Bakıda start götürən IV İslam Həmrəyliyi Oyunları da sülhə, həmrəyliyə və əməkdaşlığa xidmət edəcək, qarşıya qoyulan məqsədə - İslam dünyasının sıx birliyinə nail olunacaqdır!

 

Bəxtiyar SADIQOV