Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

383 min kvadratmetr sahə, 13 bina, 1042 mənzil...

12 May 2017
 

İslamiadanın qonaq evi olan Atletlər kəndində idmançılar üçün  komfort şərait yaradılıb

 

Tikintisinə bir neçə il əvvəl başlanılan və 2014-cü ilin sonlarında istifadəyə tam hazır olan Atletlər kəndi “Bakı-2015” I Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi. Atletlər və onlarla birgə Bakıya təşrif buyurmuş komanda heyəti xüsusi qonaqpərvərliklə məhz burada məskunlaşdı. Formal olaraq kənd deyilsə də, buranı kiçik şəhərcik də adlandırmaq olar.

Şəhərcik Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, müxtəlif istiqamətlərə nəqliyyatın gediş-gəlişinin rahat olduğu ərazidə - “Koroğlu” metrostansiyasının yanında yerləşir. I Avropa Oyunları zamanı sınaqdan uğurla çıxan Atletlər kəndi bu dəfə İslam ölkələrinin idmançılarını qonaq edəcək. Bu gün start veriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları artıq kənddə məskunlaşdırılıb. Burada “Bakı-2015”də olduğu kimi, “Bakı-2017”də atletlər istirahəti, məşqi və əyləncəsi üçün hər cür şərait yaradılıb.

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə Atletlər Kəndinə artıq ənənə halını alan mediaturlar təşkil edilib. Bu turlar çərçivəsində yerli və əcnəbi jurnalistlər kənddə yaradılan şəraitlə tanış olub, onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Kənddə gəzinti zamanı kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə bildirildi ki, Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Burada 10-15 mərtəbəli 13 binada hər biri 3-5 yataq otağından ibarət ümumilikdə 1042 mənzil var. Buna əsasən demək olar ki, bir mənzildə minimum 6, maksimum 10 atlet qala bilər. Hazırda isə 3 minədək atlet və rəsmi şəxsin qalması üçün hərtərəfli şərait yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi mövcuddur. Bu sahələrdə oyunların translyasiyasını televiziya ilə izləmək və pulsuz internetə çıxış da mümkündür. Kənddə hər binada ayrıca camaşırxana da fəaliyyət göstərir.

Jurnalistlər Oyunlar zamanı istifadə ediləcək tibbi mərkəzdə, həmçinin yeməkxanada, inzibati binada və digər yerlərdə yaradılan şəraitlə də tanış oldular.  Məlum oldu ki, idmançıların və komanda rəsmilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. Oyunlar zamanı atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün kənddə avtobus dayanacağı var. Kəndin Mərkəzi meydanı orada məskunlaşan rəsmi və texniki şəxslərin, eləcə də idmançıların yaxınları ilə görüşləri üçün nəzərdə tutulub. Bayraq meydanı isə rəsmi tədbirlərin təşkili üçündür.

Yeməkxanada idmançılara müxtəlif ölkələrin təamları, əsasən dünya mətbəxi təklif olunur. Burada eyni vaxtda 2 mindən çox atletə yüksək səviyyədə xidmət göstərmək mümkündür. Eyni zamanda təqdim olunan qidaların hər biri “HALAL” sertifikatlıdır. Bundan başqa, əsas yeməkxanada insanlara seçim imkanları da verilib. Belə ki, qidalar növlərinə görə ayrı-ayrı sektorlara bölünüb və hər bir növün adı yuxarı hissədə xüsusi lövhəciklərdə əks olunub. Müxtəlif mətbəxlərə aid olan yeməklər yerli və əcnəbi aşpazlar tərəfindən hazırlanır. Bütün qida məhsullarının və içkilərin yanında onların tərkibi ilə bağlı məlumat lövhələri də yerləşdirilib.

Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə kənddə xüsusi poliklinika fəaliyyət göstərir. Poliklinikada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, laboratoriya, rentgen, fizioterapiya, əczaxana, stomatologiya, kardiologiya, buz vannaları və başqa tibbi xidmət sahələri mövcuddur. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərir. Eyni zamanda günün 24 saatı təcili yardım xidmətindən yararlanmaq mümkündür. Poliklinikada dopinq nəzarəti mərkəzi də mövcuddur. İdmançıların daha ağır zədələnmələr və cərrahiyyə əməliyyatlarına ehtiyac yarandığı təqdirdə paytaxtda yerləşən digər müalicə müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulub.

Kompleksdə məskunlaşan şəxslərin asudə vaxtlarını səmərəli keçirmələri üçün əyləncə mərkəzləri də fəaliyyət göstərir. Burada iki - super və adi əyləncə mərkəzi yaradılıb. Superəyləncə mərkəzində müxtəlif oyun zalları, stolüstü oyunlar üçün şərait mövcuddur. Burada kafe də fəaliyyət göstərir. Adi istirahət mərkəzlərində sadəcə olaraq wi-fi, televiziya kanalları və kompüter oyunlarından istifadə etmək mümkündür.

Atletlər kəndindəki şərait dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkili üçün zəruri infrastrukturun yaradılmasının mühüm göstəricisidir. Görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə əminlik yaradır.

 

Elgün MƏNSİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”