Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənaye nəhənginin müasir gücü

11 May 2017
 

60-cı illərdə Azərbaycanda neft-qaz sənayesi getdikcə tənəzzülə uğrayırdı. Həmin illərdə ümumi neft hasilatı xeyli azalmışdı. Gərgin vəziyyət yaranmışdı.

SSR-nin tərkibində olan Azərbaycana belə bir dövrdə yeni rəhbərin seçilməsi ölkəni ağır iqtisadi vəziyyətdən xilas etdi. Qısa müddət ərzində neft-qaz sənayesini inkişaf etdirmək üçün ardıcıl tədbirlər həyata keçirildi. Xəzərin bütün sektorlarında geoloji kəşfiyyat, qazma, istismar və digər işlərin aparılmasına xüsusi diqqət yetirildi. Xəzər dənizində neft-qaz yataqlarının mənimsənilməsi Heydər Əliyevin tam nəzarəti altına keçdi. Nəticədə dənizdə geoloji kəşfiyyat işlərinin aparılması xeyli genişləndi, yeni neft-qaz yataqları kəşf edildi. Azərbaycanın neft sənayesində dirçəliş mərhələsi başladı.

Ötən əsrin 70-ci illərində Xəzər dənizinin dərinlikləri 40 metrə qədər olan sahələrində real iş imkanı yaratdı. Neft və qazın çıxarılması üçün yeni perspektivlər açılırdı. Heydər Əliyev İttifaq rəhbərləri ilə görüşlərində sübut etməyə çalışdı ki, Xəzərin dərinliklərində yeni geoloji kəşfiyyat işlərinin aparılmasına tam imkan var. Bunun üçün müasir tələblərə cavab verən qazma qurğularının ayrılması vacibdir. Həmin dövrdə aparılan geoloji kəşfiyyat işləri bir daha sübut etdi ki, Xəzərin 200 metrə qədər dərinliyində böyük neft ehtiyatları var. Ən vacib məsələ bu dərinliklərin mənimsənilməsi və böyük neft ehtiyatlarının üzə çıxarılması idi. Bunun üçün dənizdə stasionar dayaq özülləri hazırlayan zavodun tikintisi vacib idi. Ulu öndər Azərbaycanda Bakı Dərin Özüllər Zavodunun tikilməsi təşəbbüsünü irəli sürdü. Doğrusu, ilk mərhələdə bu məsələ kifayət qədər qısqanclıqla qarşılandı. Hətta tikinti üçün digər alternativ şəhərlər də təklif olundu. Amma Heydər Əliyevin prinsipial mövqeyi, gərgin əməyi nəticəsində SSRİ Nazirlər Soveti Bakı şəhərində dərin özüllər üçün dayaq hissələri hazırlayan zavodun tikilməsinə 1974-cü ildə razılıq verdi. SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Ömrümün illəri və izləri” kitabında o illəri belə xatırlayır: “Dünyada tayı-bərabəri olmayan dərin dəniz özülləri zavodunun məhz Azərbaycanda inşa edilməsi üçün SSRİ rəhbərliyinin razılığının alınması və bu nəhəng müəssisənin müvəffəqiyyətlə tikilib işə salınması məhz Heydər Əliyev iradəsinin və prinsipiallığının nəticəsidir. Bircə rəqəmə diqqət yetirin: 450 milyon ABŞ dollarından söhbət gedirdi. Zavodun inşa edilməsi üçün o vaxt sovet hökumətinin bu qədər maliyyə vəsaiti ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq idi”.

Bakı Dərin Özüllər Zavodunun tikintisi 1978-ci ildən başlandı. Sənaye təyinatlı obyektlərin tikintisi ilə yanaşı, Sahil qəsəbəsində sosial-məişət obyektlərinin  kompleks tikintisi də nəzərdə tutulmuşdu. Heydər Əliyev tikintinin bütün mərhələlərində görülən işlərlə yaxından maraqlanır, dəniz neftçilərinin iş yerlərində tez-tez istehsalat müşavirələri keçirirdi. Məhz ulu öndərin diqqəti nəticəsində bütün problemlər ardıcıllıqla və vaxtında həll olundu. Heydər Əliyevin təkidi ilə SSRİ Nazirlər Soveti Bakı Dərin Özüllər Zavodunun tikintisində işlərin sürətləndirilməsinə dair 1980-ci ildə yeni qərar qəbul etdi. Belə bir nadir profilli müəssisədə kadr potensialının yaranması üçün xeyli işlər görüldü. SSRİ-nin müxtəlif şəhərlərindən bu müəssisəyə yeni kadrlar cəlb olunurdu.

Zavodun ən ciddi böhran dövrü 1991-1994-cü illərə təsadüf edir. Həmin illərdə neft sənayesində böyük iqtisadi çətinliklər yaranmışdı. Ən nəhayət, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Bakı Dərin Özüllər Zavodunda da yeni mərhələnin başlanmasına səbəb oldu. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının tam işləməsi neft sənayesində ciddi dönüş yaratdı. Dənizdə quraşdırılacaq müasir hasilat və texnoloji emal platformalarının dayaq blokları üçün zavod yeni sifarişlər qəbul etdi. 1993-cü ildə aparıcı neft korporasiyalarının nümayəndələri ilə görüşündə Heydər Əliyev demişdir: “Mənə belə məlumat verdilər ki, hətta hazırlanmış yeni müqavilələrdə zavodun istehsal etdiyi dərin özüllərdən istifadə etmək məsələsi nəzərdə tutulmayıb. Müəssisənin məhsulları istifadədən kənarda qalıb. Ona görə də biz bu müqavilələrin daha dolğun və düzgün yazılmasını təmin etdik”.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra zavodun üzərinə düşən işlər birə beş artdı. Həmin vaxtdan bu nəhəng müəssisə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsində gərəkli töhfələr verdi. 2004-cü ildən bu sənaye nəhəngi ümummilli liderin adını daşıyır. Artıq neft-qaz sənayesində dünya standartlarına cavab verən yeni və müasir texnologiyanın tətbiqi bu müəssisənin işində ciddi dönüş yaradıb. Zavodun tarixi ilə bağlı ötən illəri xatırlayan müəssisənin rəhbəri Roman Nağıyev deyir ki, 1980-ci illərdə ulu öndər biz gəncləri İttifaqın ən mötəbər təhsil müəssisələrinə göndərəndə bizə gələcəyin kadrı kimi baxırdı. Moskvada oxuyub təhsil aldığım illərdə də ulu öndər bizim taleyimizlə maraqlanır, belə nəhəng müəssisələrin işləməsində yerimizi görürdü. Bu gün fəxr edirəm ki, ulu öndərin tövsiyələri və arzuları həyata keçirilir. O illərin tələbələri bu gün gərəkli kadr kimi istehsalatda uğurlu nəticələr qazanır. Biz neft-qaz layihələrinin həyata keçirilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə rəqabətə girə bilirik.

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”