Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələri barədə fikir mübadiləsi aparılıb

07 May 2017
Mayın 6-da Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andreas Loverdos ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan Andreas Loverdos Azərbaycana ötən səfərlərindən danışıb, hələ gənc siyasətçi olduğu dövrdə ulu öndər Heydər Əliyevin ona dəyərli tövsiyələr verdiyini minnətdarlıqla xatırlayıb. Qonaq Mədəniyyətlərarası Dialoq Forumu barədə təəssüratlarını bölüşərək qeyd edib ki, bu Forum ölkələrarası və parlamentlərarası əlaqələrin güclənməsinə ciddi təkan verir.

Səməd Seyidov ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb. AŞPA-da Yunanıstan nümayəndə heyətinin Azərbaycan nümayəndə heyətini dəstəklədiyini razılıqla bildirib. Ölkəmizin uğurlu neft strategiyasından danışan komitə sədri hazırda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib. Bildirib ki, Azərbaycan tolerant ölkədir, burada etiqad bəslədiyi dinə və ya məzhəbə görə vətəndaşlar arasında ayrı-seçkilik yoxdur.

 

x x x

 

Həmin gün Milli Məclisdə Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndəsi Andreas Loverdos ilə görüşü keçirilib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər ikitərəfli dialoqun inkişafına və münasibətlərimizin möhkəmlənməsinə xidmət edir. Qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmlənməsində dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir.

Hadi Rəcəbli Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə söhbət açıb. Burada müzakirə olunan məsələlərin bütün dünya ölkələri üçün aktual olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanda müxtəlif xalqların, dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Multikultural dəyərlər ölkəmizdə hər zaman önəmli hesab olunub.

Andreas Loverdos dövlətlərarası münasibətlərin inkişafında parlamentlər səviyyəsində əlaqələrin xüsusi yer tutduğunu söyləyib. Bildirilib ki, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Yunanıstanlı deputat qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu deyib. Qonaq ölkəmizə ilk səfərlərini, burada keçirdiyi görüşləri xoş təəssüratlarla xatırlayıb. Bu illər ərzində Azərbaycanda müşahidə olunan inkişafdan məmnunluğunu ifadə edib.

Andreas Loverdos Bakıda keçirilən Forumun əhəmiyyəti barədə danışaraq bildirib ki, yüksək səviyyədə təşkil olunmuş bu tədbir ölkələr arasında münasibətlərin dərinləşməsinə, millətlərarası dialoqun inkişafına zəmin yaradacaq.