Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

04 May 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd edildi, ISESCO-nun ilk gündən Forumun təsisçisi və fəal iştirakçısı olduğu, Forumun keçirilməsinə böyük dəstək verdiyi bildirildi.

Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulandı, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olundu.

Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ISESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirildi, əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri ISESCO tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan planlar barədə Prezident İlham Əliyevə məlumat verdi.