Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oğlumla fəxr edirəm!

30 Aprel 2017
 

Ehtiyatda olan hərbçiyəm. Uzun müddət hərbi komissarlıqda işləmişəm. Hərbi qulluğa, cəbhə bölgəsinə, döyüşə minlərlə gənc yola salmışam. Hər əsgərimizə də öz balam kimi yanaşmışam. Xidmət dövründə 150 şəhid qarşılayıb, son mənzilə yola salmaq kimi ağır missiyanı da yerinə yetirməli olmuşam. Şəhid yaxınlarına münasibətim onların ailə üzvləri qədər əziz, yaxın olub. İndi özümə belə münasibət bəsləyirlər: oğlum ötən il aprel döyüşlərində şəhid olandan bəri dövlətimiz, millətimiz ailəmizə mənəvi dayaq durub, dərdimizə məlhəm olub...

Oğlum Fərman aprel döyüşləri zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Özü də tək getməyib, yeznəsi Sadiq Əliyev də ona qoşulub. Məqsədləri ermənilərin dinc əhalini atəşə tutduqları yaşayış məntəqələrində dağıntılar altında qalanlara, yaralılara yardım etmək olub. Tərtərin Şıxarx qəsəbəsi istiqamətində düşmənin ağır artilleriya atəşi nəticəsində dağılan evlərdən və tikililərdən insanları çıxarmış, yaralıları öz maşınlarında xəstəxanalara daşıyıblar. Növbəti dəfə atəş zonasına qayıdarkən yolda hərbçi kapitan Mübariz Rəhimovla rastlaşıblar. Əvvəlcə onu xidməti əraziyə çatdırmaq qərarına gəliblər. Yolda artilleriya atəşi altına düşüblər. Mərmilərdən biri avtomobilin önündə partlayıb. Arxa oturacaqda əyləşən kapitan M.Rəhimov xəsarətsiz ötüşsə də, Fərman və Sadiq ağır qəlpə yaraları alıblar. Buna baxmayaraq, Sadiq avtomobili Tərtər xəstəxanasına qədər idarə edə bilib. Lakin orada huşunu itirib. Həkimlərin səyi nəticəsində Sadiq xilas edilib, amma Fərman çox qan itirdiyindən əməliyyat stolunda dünyasını dəyişib, şəhid olub... Fərman evli idi, bir qızı qaldı.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Azərbaycan övladlarının sayəsində bu gün müstəqil dövlətə malikik. Qarabağ və işğal olunmuş rayonlarımızın azadlığı uğrunda bugünə kimi minlərlə şəhid vermişik. Torpaqlarımızı geri qaytaranadək yenə də buna hazırıq. Təki Vətən yaşasın və var olsun!

Vətəni müdafiə etmək, yolunda candan keçmək hər kəsin vətəndaşlıq borcudur. Buna rəğmən dövlət şəhidlərə və onların ailələrinə xüsusi həssaslıqla yanaşır. Hərb tariximizə şanlı səhifə kimi yazılmış aprel döyüşlərinin iştirakçılarına, şəhid və yaralılara, onların ailələrinə, maddi zərər dəymiş mülki əhaliyə dövlət səviyyəsində dəyər verilir, diqqət ayrılır. Qəhrəmanlığı, igidliyi, şücaəti ilə fərqlənən hər bir döyüşçü, eləcə də şəhid və yaralılar Prezident İlham Əliyevin sərəncamları ilə orden və medallarla, fəxri adlarla təltif olunublar.

Oğlum Fərman da diqqətdən kənarda qalmayıb: Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülüb. Oğlumun medalını mənə müdafiə naziri Zakir Həsənov təqdim edib. Bu günlərdə Fərmanın daha bir təltifi mənə verildi. Oğlumla fəxr edirəm! Doğrudur, övlad itkisi çox ağır dərddir! Ancaq Vətən, dövlət, torpaq naminə şəhidlik zirvəsinə yüksəlmiş hər bir igidimiz bizim milli qürur mənbəyimizdir. Dövlət və xalq tərəfindən şəhidlərimizə verilən qədir-qiymət ailə dərdimizi yüngülləşdirir, bizi nikbinləşdirir, mətin edir.  Ölkə rəhbəri cənab İlham Əliyevə göstərdiyi həssas münasibətə, qayğıya görə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

 

Elçin ƏSƏDLİ,

şəhid atası