Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarixə yazılan illər

30 Aprel 2017
 

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra çox uğurlara imza atıb. O cümlədən idman sahəsində. İdmanla bağlı təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2015-ci ildə ölkəmizin adı dünya tarixinə qızıl hərflərlə yazıldı. Həmin il Azərbaycanda ilk Avropa Oyunları elə yüksək səviyyədə keçirildi ki,  bədxahların arzuları ürəklərində qaldı, deməyə, yazmağa “söz” tapmadılar. Bir də ki nə deyəydilər... I Avropa Oyunları olimpiya oyunları səviyyəsində təşkil olunmuşdu. O da yaxşı yadımdadır ki, həm I Avropa Oyunlarını, həm də keçən il Braziliyada keçirilən olimpiya oyunlarını işıqlandıran xarici media nümayəndələrinin bir çoxu Bakı ilə Rionu müqayisə edərək yazırdılar ki, Azərbaycanda təşkilatçılıq daha yüksək səviyyədə idi, idmançılara, məşqçilərə, tamaşaçılara, media nümayəndələrinə daha yaxşı şərait yaradılmışdı. 

Təbii ki, bu uğurların arxasında dövlətin böyük dəstəyi dayanır. Ölkə rəhbəri cənab  İlham Əliyev digər sahələr kimi, idmanın inkişafına da böyük qayğı göstərir. Biz bunu hər addımda görür, hiss edirik. İşğal altında olan ərazilərimizi çıxmaq şərtilə respublikamızda elə bir bölgə yoxdur ki, indi orada müasir tələblərə cavab verən idman qurğuları olmasın.

 

Hörmətli redaksiya!

İdmandan söz açmağım təsadüfi deyil. Həyatımı bütünlüklə bu sahəyə həsr etmişəm. Yaşım 75-i ötsə də, fəaliyyətimi davam etdirirəm. 49 ildir ki, Şirvan şəhərindəki R.Ş.Həbibov adına 14 nömrəli Beynəlmiləl tam orta məktəbin fiziki tərbiyə müəllimiyəm. Bu illər ərzində dərs dediyim şagirdlərdən 11 nəfəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda (indi ADBTİA), 18 nəfəri Bakı Dövlət Bədən Tərbiyəsi Texnikumunda və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alaraq fiziki tərbiyə müəllimi ixtisasına yiyələnmişdir. 25 nəfər məşqçi-müəllim, 16 nəfər idman hakimi, 200-dən çox 1-2-3-cü dərəcəli boksçu hazırlamış, dəfələrlə respublika, dünya, Avropa və beynəlxalq yarışlarda hakimlik etmişəm.

Əməyim də yüksək qiymətləndirilib. 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, bir il sonra Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adına layiq görülmüşəm.

Bilirik ki, may ayında Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da evsahibliyi edəcək. Bu Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi, yarışları mindən çox mətbuat nümayəndəsinin işıqlandıracağı gözlənilir. İdmançılarımız I Avropa Oyunlarında 56 medal qazanaraq ikinci yeri, Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq, medalların sayına görə müsəlman ölkələri arasında birinci yeri tutdular. İnanırıq ki, bu dəfə də  belə olacaq. İdmançılarımız yüksək nəticə göstərib bizə unudulmaz anlar, bol-bol sevincli günlər bəxş edəcəklər. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında bildirmişdir ki, bu Oyunlar Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və Təşkilat Komitəsinin gördüyü hazırlıq işlərini yüksək qiymətləndirib. Bu, o deməkdir ki, bu oyunlar da böyük idman bayramına çevrilməklə bərabər müsəlman aləmində  dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfələr verəcək, tarixə yaddaqalan il kimi düşəcək.

 

Vaqif GÖZƏLOV,

Şirvan şəhəri