Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Söz güclü silahdır

30 Aprel 2017
 

Cəbhə zonasında erməni təxribatları mütəmadi olaraq davam edir və ölkəmiz  hələ də müharibə şəraitindədir. Müharibənin isə yazılmamış qanunları var. Təkcə cəbhədə döyüşən əsgərlər deyil, yaşından, vəzifəsindən, dini baxışlarından, siyasi əqidəsindən asılı olmayaraq hər kəs qələbə naminə üzərinə düşən vətandaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Elə aprel döyüşlərinin nəticələri də bir daha göstərdi ki, xalqımız vahid məqsəd, amal  ətrafında yumruq kimi birləşməyi bacarır.

Bu gün düşmənlə eyni zamanda ideoloji müharibə gedir. İnformasiya-ideologiya müharibəsində söz-fikir, əsaslı fakt, tutarlı arqument böyük təsirə malikdir. Bu, bir danılmaz həqiqətdir ki, Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında ədəbiyyat, incəsənət, mətbuat işçiləri öz fəaliyyətləri  ilə cəbhədə döyüşən əsgərlərdən heç də az xidmət göstərməmişlər. Müharibənin ilk günlərindən böyük şairimiz Səməd Vurğunun “Müsəlləh əsgərəm mən də bu gündən” deyərək qələmini süngüyə çevirməsi bu gün hər bir yaradıcı şəxs üçün örnək, nümunə olmalıdır.

Doğrudur,  vətənpərvərlik mövzusunda yeni şeirlər, poemalar yazılır, mahnılar bəstələnir, kino-filmlər çəkilir. Fədakar jurnalistlərimiz də düşmən gülləsindən qorxub-çəkinmədən ön cəbhədə olur, igid əsgərlərimizlə görüşərək reportajlar hazırlayırlar.  Lakin açıq etiraf edilməlidir ki, bəzi hallarda mötəbər mənbələrə əsaslanmayan, həqiqətə uyğun gəlməyən, necə deyərlər, şayiələrdən qaynaqlanan məlumatlara, qeyri-obyektiv yazılara da rast gəlinir. Bunlar düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Bu sözləri ilk növbədə sosial şəbəkələrə, öz vətəndaşlıq mövqeyini dərk etməyən saytların sahiblərinə, cızma-qaraçılara şamil etmək olar. Onların cəmiyyətə sırıdıqları əsassız, yalan  informasiyalar bəzən çaşqınlıq yaratdığından belə əməllərin sahibləri müharibə dövrünün qanunları ilə məsuliyyət daşımalıdırlar.  Təkcə ədiblər, şairlər, KİV təmsilçiləri, informasiya daşıyıcıları deyil, hər bir vətəndaş düşmənin məkrli olduğunu, belə üsullarla ictimai rəyə təsir göstəmək, bir sözlə, öz çirkin ideoloji məqsədlərini həyata keçirmək üçün daxili auditoriyanın özündən istifadə etməyə çalışdığını  unutmamalıdır.  Buna görə də hər birimiz sözün çəkisini bilməli, məsuliyyətimizi dərk etməliyik. Necə deyərlər, yazılan, ağızdan çıxan hər sözü, kəlməni  gülləyə çevirib düşmənə tuşlamalıyıq!

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu