Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Erməni vəhşiliyinin qurbanı

30 Aprel 2017
 

Turanə Həsənli dünyaya Tərtər rayonunun Həsənqaya kəndində göz açmışdı. Bu kənd düşmənlə təmas xəttinin lap yaxınlığında yerləşir. Ona görə də Turanə kiçik yaşlarından atəş səslərini çox eşitmiş, buna alışmışdı. Bəlkə də buna görə ötən il aprel ayının əvvəlində cəbhədə vəziyyət gərginləşəndə qorxu hissi keçirmirdi.

Turanədən fərqli olaraq dünyagörmüş valideynləri vəziyyətin kəskinləşdiyini, düşmənin növbəti dəfə azğınlaşdığını gördüklərindən kənddə qalmağın təhlükəli olduğunu anlayırdılar. Bu səbəbdən körpə uşaqlarla bərabər Turanəni də Tərtər şəhərindəki qohumlarının evlərinə göndərmişdilər.

Ancaq aprelin 5-də xalasının kəndə gedəcəyini eşidən Turanə ona qoşularaq evlərinə qayıtmışdı. Anası Laləzar qızının qayıdıb gəldiyini görüb çox həyəcanlanmış, onu buna görə danlamışdı da:

- Göydən od tökülür. Sən niyə gəlmisən?

Cavab gözləmədən çay-çörək hazırlayan ana qızı ilə yeməyə oturmuşdu. Hər ikisi süfrənin kənarında boş yerə baxıb köks ötürmüşdü. Qız anasının ürəyindən keçənləri sözsüz başa düşürdü. O yerdə hərbçi qardaşı Ceyhun otururdu. Ceyhun isə həmin vaxt döyüşdə, odun-alovun içində idi. Müharibənin belə bir gərgin vaxtında ana 7 övladının hamısına görə nigarançılıq keçirsə də, ən çox Ceyhundan narahat idi. Amma bilmirdi ki, cəmi bir neçə dəqiqədən sonra erməni vandallarının göydən yağdırdıqları od-alov onun sonbeşik balasının üstünə töküləcək...

Evlərində həmişə deyərdilər ki, bu qız sanki od parçasıdır, iş görəndə əl-ayağını görmək olmur. Amma bu dəfə Turanə nədənsə anasının sözünə baxıb evdə ləngimədi. Həyətə çıxıb çox sevdiyi çiçək açmış ağaclara baxmağa da macal tapmadı. Həyətə düşən mərmi bağdakı çiçəkli ağaclarla bərabər qızın həyatına da son qoydu...

Turanə Həsənli bu həyatda cəmi 16 il yaşadı. Fəsillərin içində ən çox baharı sevirdi. Özü də gözəlliyi, çılğınlığı ilə yaz fəslini xatırladırdı. Hər il bağçalarındakı ağaclar çiçəkləyəndə onların arasında şəkil çəkdirərdi...

Təəssüf ki, insan haqlarından, ədalətdən dəm vuran ölkələr ermənilərin bu sayaq vəhşiliklərinə göz yumur, onlara qarşı sanksiya tətbiq etmir və işğaldan əl çəkməyə çağırmır.

 

Svetlana BAĞIROVA,

Tərtər rayonu