Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Köhnə qəbirləri uçurdub yerində təmtəraqlısını ucaldırlar

30 Aprel 2017
 

Ölüm haqdır. Bir gün dünyaya gələn bir gün də dünyadan köçəcək. Kimin necə yaşamasından, həyatını necə başa vurmasından asılı olmayaraq hər kəsin son ünvanı qəbiristanlıqdır. Dəbdəbəli məzarlar, başdaşları, qəbir üstləri ətrafında cəmiyyətdə mütəmadi müzakirələr aparılır. Əsasən də bu hallar qınanır.

İlahiyyatçılar da belə məzarların İslam dininə zidd olduğunu söyləyirlər. İctimai xadimlər, mütərəqqi düşüncəli şəxslər insanlara sağlığında dəyər verilməsindən bəhs edir, bahalı daşa-mərmərə xərclənən vəsaitin bir kimsəyə faydası olmadığını izah etməyə çalışırlar. Ancaq təəssüflər olsun ki, hələ də bu “ənənə” davam etməkdədir: bəzi şəxslər külli miqdarda vəsait xərcləyib haqq dünyasına qovuşmuş əzizləri üçün  təmtəraqlı məzarlar qurdururlar. Dinimizə görə qəbir itib torpağa qarışmalıdır. Lakin bu proses təbii, zaman axarında olmalıdır.

Ancaq Gəncədəki “Səbzkar” adlanan qəbiristanlıqda gördüklərim məni bu məktubu yazmağa vadar etdi. Şəhər mərkəzindəki bu qəbiristanlığın ətrafı bir neçə il əvvəl kərpiclə yenidən hasarlanıb. Kənardan görünüşü normaldır. Ancaq...

Mənim də yaxınlarım bu qəbiristanlıqda dəfn olunduğundan mütəmadi onların qəbirlərini ziyarət etməyə gedirəm. Hər dəfə də yeni-yeni dəbdəbəli qəbirlər görürəm. Sonuncu dəfə də belə oldu. Dayanıb onlara baxdım. Əvvəllər həmin yerdə kərpicdən hörülmüş köhnə qəbirlər var idi. İndi yeni məzarlar köhnə qəbirlərin yerində düzəldilib. Bəziləri deyir ki, kimlərsə qəsdən köhnə, kiçik, yiyəsiz qəbirləri yararsız hala salır. Bunun nə məqsədlə edildiyini anlamaq üçün onların yerində “ucaldılan” nəhəng sərdabalara baxmaq yetərlidir. Bu üsulla böyüdülüb genişləndirilən qəbirlər arasındakı keçidlər zəbt edilərək bağlanır. Halbuki belələri həmin pulu ehtiyacı olan yerlərə xərcləsələr, qınaq yiyəsi yox, savab yiyəsi olarlar. Bu, hamıya da xoş gələr.

 

Solmaz BAĞIROVA,

Gəncə şəhərinin sakini