Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Əsrin müqaviləsi”ndən başlanan milli inkişaf yolu

28 Aprel 2017
 

Sosial-iqtisadi yüksəliş sürətinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin nüfuzlu üzvü olan Azərbaycan Respublikası Heydər Əliyev dühasının şah əsəridir. Məhz buna görə də Heydər Əliyevin adı dünyanın müasir siyasi salnaməsinə tarix yaradan nadir şəxsiyyətlərdən biri kimi yazılmışdır. Azərbaycan təhlükəli sınaqlarla qarşılaşanda ümummilli lider Heydər Əliyev respublikanın sosial-iqtisadi perspektivlərini, prioritet istiqamətlərini dünyanın ümumi inkişaf tendensiyaları kontekstində zərgər dəqiqliyi ilə müəyyənləşdirmiş, ləngimələri vaxtında hiss etmiş, gərgin səylər bahasına ölkənin qlobal müstəvidə qalmasına nail olmuşdur. 

Dünyanın siyasi xəritəsinə adı ötən əsrin 90-cı illərində yazılan Azərbaycan Respublikasının müstəqil inkişaf yolu ağır sınaqlardan keçdi. Ölkənin xarici təzyiq, hərbi təcavüz, daxili çəkişmələr məngənəsində sıxıldığı, ərazisinin 20 faizini itirdiyi, bir milyon vətəndaşının didərgin düşdüyü o çətin məqamda xalqın istəyi və təkidi ilə dövlətimizin sükanı arxasına keçən ulu öndər tez bir zamanda siyasi xaosa son qoydu. Ölkənin uzunmüddətli inkişaf strategiyasını işləyib hazırlayaraq iflic vəziyyətində olan iqtisadiyyatı dirçəltmək, sosial problemləri həll etmək üçün gərgin fəaliyyətə başladı. Qədim dövlətçilik ənənələrinə malik xalqımızın bütün mövcud dövlət təsisatları deqradasiyaya uğramışdı, ölkə dərin və sistemli böhran keçirirdi. Digər tərəfdən isə, dövlət suverenliyi bərpa olunduqdan sonra respublikada sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın və demokratik dövlətin formalaşdırılması günün tələbinə çevrilmişdi. Azərbaycanın dünya birliyinə inteqrasiyası qloballaşma prosesləri ilə eyni vaxta təsadüf edirdi.
Qarşıda duran əsas problem, əlbəttə ki, ölkə daxilində ictimai-siyasi sabitliyin bərqərar edilməsi idi. Bu sahədə görülən radikal tədbirlər (cəbhədə atəşkəsə nail olunması, qanunsuz silahlı hərbi birləşmələrin ləğv edilməsi, diplomatik fəaliyyətin intensivləşməsi və s.) tezliklə nəticəsini verdi və bazar münasibətlərinə əsaslanan siyasi-iqtisadi sistemin inkişaf etdirilməsi naminə genişmiqyaslı sosial-iqtisadi proqramların həyata keçirilməsi üçün münbit zəmin yarandı. İctimai həyatımızın bütün sahələrində - siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə aparılan islahatlar bu proqramların əsasını təşkil edirdi.
Azərbaycanın dövlət müstəqilliyinin de-yure bərpa olunmasından əsrin dörddəbiri qədər vaxt keçir. Uğurlu sosial-iqtisadi islahatların nəticələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halının yüksəlməsində bilavasitə hiss olunur. İrimiqyaslı sosial infrastruktur layihələri həyata keçirilir. Müasir Azərbaycan dövləti milli müstəqilliyimizin xilaskarı olan Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində 25 il bundan əvvəlkindən köklü şəkildə fərqlənir və bu fərqlər göz qabağındadır: dünyəvi, hüquqi və demokratik dövlət, milli-mənəvi dəyərlərinə sahib çıxmış müasir, gənc və enerjili cəmiyyət, iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin misilsiz inkişafı heyranlıq doğurur. Ulu öndər və onun ən layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Mühüm keyfiyyət mərhələlərindən birini isə Azərbaycanın qədim neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlanan yeni yüksəliş dövrü təşkil etmişdir.
“Əsrin müqaviləsi”nin imzalanması, start götürməsi, geosiyasi əhəmiyyəti barədə indiyə qədər çox deyilib, çox yazılıb və hələ bundan sonra da tarixçilərin hər bir nəsli bu hadisəyə öz dövrünün çağırışları baxımından münasibət bildirəcəkdir. Bu saziş Azərbaycanın dövlət müstəqilliyini de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında bugünkü mövqeyi tutmasına əlverişli imkanlar açan epoxal bir sənəd idi. Bu saziş həyata keçirildiyi müddətdə Azərbaycanın ictimai həyatının bütün sahələrinə nüfuz etmiş, qazanılan nailiyyətlərin təməlində durmuşdur. Ulu öndər Heydər Əliyev bu sənədin uzaq və daha xoş gələcəyə yönəldiyini xüsusi vurğulayaraq deyirdi: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”. Ulu öndərin uzaqgörənliklə söylədikləri həqiqətə çevrilib. İqtisadiyyatımız və onun avanqard qüvvəsi olan, ölkənin ümumi inkişaf dinamikasına uyğun irəliləyən, müasirləşən qədim neft-qaz sənayemiz yüksəliş yolundadır.
İlk növbədə qeyd olunmalıdır ki, “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində “Əsrin müqaviləsi” çərçivəsində işlənmənin əvvəlindən 2016-cı ilin sonuna qədər 416 milyon ton neft və 128 milyard kubmetr qaz hasil olunmuşdur. Karbohidrogenlərin qəbulu, saxlanılması və dünya bazarlarına çıxarılması məqsədlərinə xidmət edən təhlükəsiz neft və qaz kəmərləri sistemi yaradılmışdır.
Ulu öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirmişdir. Bu, yalnız nəhəng maliyyə resursları ilə yox, həm də saziş çərçivəsində reallaşdırılmış 30-dan artıq infrastruktur layihəsinin qeyri-neft sektorunun inkişafına verdiyi töhfələrlə ölçülür. Ötən müddətdə AÇG layihəsinə 4 minə yaxın yerli müəssisə və şirkət cəlb olunmuşdur.
“Əsrin müqaviləsi” həm də sonradan həyata keçirməyə başladığımız regional və qlobal əhəmiyyətli layihələrin təməl daşı oldu. Yeni yataqlar kəşf edildi, Azərbaycanın karbohidrogen ehtiyatları şərti yanacaqla 10 milyard tona çatdırıldı. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış sazişlərdə Azərbaycan dövlətini təmsil edir. Xarici tərəfdaşlarla əməkdaşlıqdan əldə olunan intellektual kapital şirkətimiz üçün maliyyə gəlirlərindən heç də az əhəmiyyət daşımır. Birlikdə yaradılan yeni istehsal gücləri, müəssisələr, alyanslar və s. yerli mütəxəssislərin dünya standartları səviyyəsində yetişməsində mühüm rol oynayır. SOCAR “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qaz həcmlərini Avropa bazarlarına nəql etmək üçün həyata keçirilən “Cənub qaz dəhlizi” layihəsində həm istehsalçı, həm də səhmdar kimi öncül rol oynayır.
2016-cı il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Şahdəniz-2” platformasının ilk dayaq bloku dənizə yola salındı. “Şahdəniz-2” neft-qaz sənayemiz tarixində tikinti-quraşdırma işlərinin tam həcmdə ölkə daxilində yerinə yetirildiyi ilk layihədir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının bu ilin fevralında Bakıda keçirilmiş 3-cü iclasında iştirakçı ölkələrin, ABŞ və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələri tərəfindən bu nəhəng layihə çərçivəsində görülən işlərdə Azərbaycanın aparıcı rolu bir daha nəzərə çatdırıldı.
Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə iki və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılmış, alınan nəticələr ümumiləşdirilmiş və modelləşdirilmişdir. AÇG sahəsində isə dördölçülü təkrar seysmik tədqiqatlar texnologiyası geniş tətbiq olunur. Qabaqcıl müasir metodlar arasında yüksək hasilatla işləyən quyularda qum tıxacının, kollektorların dağılmasının qarşısını alan texnologiyaların tətbiqini, neftvermə əmsalının yüksəldilməsi üçün su ilə yanaşı səmt qazının da təkrarən laya vurulmasını, horizontal quyuların qazılmasını və s. qeyd etmək olar.
İndi neftçilər laylarda neftin xassələrinə təsir göstərərək süzülmə qabiliyyətini artırmaq, neft-mədən avadanlıqlarını korroziyadan qorumaq məqsədilə səmərəli tədbirlər görür, borularda parafin və duz çökməsinə, laydan quyu dibinə qum və suyun keçməsinə qarşı müxtəlif fiziki-kimyəvi üsullardan istifadə edirlər. SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir. Qarşıda istər ölkə daxilində, istərsə də xaricdə yeni seqmentlərin mənimsənilməsi vəzifəsi dayanır. Bir neçə il əvvəl Bakıda Gəmiqayırma Zavodu istismara verildi. Bu zavod hazırda sualtı əməliyyatlar üzrə ixtisaslaşmış “Xankəndi” gəmisinin və digər dəniz nəqliyyat vasitələrinin tikintisi ilə məşğuldur.
Xəzərdə qazma işlərinin intensivləşdirilməsi məqsədilə müasir tələblərə cavab verən 6-cı nəsil yarımdalma qazma qurğusunun inşa edilməsi məsələsi ortaya çıxanda da zavodun imkanlarından istifadə edilir. Dənizin 1000 metr dərinliyində 12 min metr qazma gücünə malik qurğunun pantonları və üst göyərtələri burada tikilib istifadəyə verildi. Beynəlxalq neft-qaz bazarı son dərəcə qloballaşmış, inkişafın hüdudları coğrafi sərhədlərlə nisbətdə ölçüyəgəlməz miqyaslar almışdır. İnkişaf və uğur milli deyil, transmilli keyfiyyət kəsb edir, müqayisələr də müvafiq olaraq planetar miqyasda aparılır. Ulu öndərin “bizim yolumuz islahatlar yoludur” kəlamı bu mənada Azərbaycanın neft-qaz sənayesi üçün konseptual əhəmiyyət daşıyır.
Azərbaycan dünya bazarında təkcə xam neftin və qazın ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi layiqli yer tutur. Emal və kimya məhsullarımız hazırda ABŞ, İtaliya, Misir, Çin daxil olmaqla onlarla ölkəyə ixrac edilir. Bu məhsulların istehsalına ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və təşkilatçılığı ilə tikilib istifadəyə verilmiş mövcud emal və neft-kimya qurğuları imkan yaratmışdır. Ötən dövrdə qarşıda duran sosial-iqtisadi vəzifələrin öhdəsindən layiqincə gəlmək, habelə ixrac öhdəliklərinə vaxtında əməl etmək üçün həmin qurğular davamlı olaraq təkmilləşdirilmiş, mövcud imkanlar daxilində müasirləşdirilmiş, səmərəlilik əmsalı artırılmışdır. Lakin yanacaq və kimya məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinə verilən tələblər durmadan dəyişir və artır. İstehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin keyfiyyətcə Avropa standartlarına yaxınlaşdırılması, rentabellik, ekoloji məqsədəuyğunluq hazırda bütün növ neft və qaz məhsullarının istehsalında başlıca meyarlardır.
Prezident İlham Əliyev neft emalı və neft-qaz kimyası sənayesində aparılan dərin islahatların daha bir vacib şərti kimi şaxələndirməni, məhsul və istehsal istiqamətlərinin diversifikasiyası xəttini irəli sürmüş və dünya bazarında qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son illərdə bu strateji xətt Azərbaycan iqtisadiyyatına böyük dividendlər gətirmişdir. Xam neftin qiyməti aşağı düşdüyü halda neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi artmışdır. Türkiyədəki ən böyük aktivimiz olan Petkim Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Təxminən 40 ölkəyə 500 milyon dollar civarında ixracat reallaşdıran və xalis gəlirlərini ilbəil artıran holdinq uğurla fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamı ölkədə neft emalı və neft-qaz kimyası müəssisələrinin ahəngdar inteqrasiyası, vahid komleksdə birləşdirilməsi və innovativ inkişaf müstəvisinə keçirilməsi baxımından dönüş nöqtəsi olmuş, davamlı islahatların əsasını qoymuşdur.
O vaxta qədər müstəqil fəaliyyət göstərən “Azərikimya” SOCAR-ın tərkibində istehsalat birliyi statusunda fəaliyyətə başlamış, bununla da vaxtı keçmiş və mənəvi cəhətdən yararsız hala düşmüş, Sumqayıtda ekoloji duruma mənfi təsir göstərən bir sıra istehsalat sahələrinin ləğv edilməsi və yeni nəsil neft-kimya kompleksinin yaradılması istiqamətində işlərə start verilmişdir. Bir neçə vacib qurğu tikilib istismara buraxılmış, neft emalı zavodundan xammal alınması üçün etibarlı kommunikasiya xətləri yaradılmışdır. Nəticədə kimya məhsullarının istehsal və ixracında irəliləyişə nail olunmuş, məhsuldarlıq artmış, enerjidaşıyıcılarına qənaət dəfələrlə yüksəlmişdir.
Eyni zamanda Sumqayıtda Kimya Sənaye Parkının yaradılması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Sənaye parkları respublikamızda innovativ sənayeyə keçid baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edən yeni tipli müəssisələrdir. SKSP-də xammal kimi “Azərikimya” İB-nin məhsullarından istifadə edilməklə əlavə dəyər yaradan müxtəlif çeşidli yekun istehlak mallarının istehsalı nəzərdə tutulur. SOCAR bu məqsədlə parkın nəzdində illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan modern qurğular inşa edir.
Qaz xammalına əsaslanan yeni tipli SOCAR-Polimer və Karbamid zavodlarının inşası qısa müddətdə iqtisadiyyatın daha da şaxələndirilməsinə, aqrar sektorun, kiçik və orta biznesin inkişafına güclü təkan verəcəkdir. Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətində müstəsna rol oynamışdır: yeni inşa olunan zavodlar xammal kimi “Azərikimya”nın, o isə Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buradan da zəncirin bütün həlqələrində ahəngdar iş tsiklinin təminatı məsələsi qarşıya çıxır. Təsadüfi deyil ki, Heydər Əliyev adına NEZ və “Azərikimya”da aparılan yenidənqurma tədbirləri də yeni zavodların inşası ilə eyni vaxtda həyata keçirilir.
Heydər Əliyev adına NEZ-də modernizasiya prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartına çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağının kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. ilə birlikdə “Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları və s. quru qazlarla daha etibarlı təminatını da nəzərdə tutur. UOP, Fluor, KBR, Axens, AMEC Foster Wheeler kimi dünyada məşhur şirkətlərin cəlb edildiyi islahatlar zamanı ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü ildə 6 milyon tondan 7,5 milyon tona qaldırılacaq, istismar müddəti isə 2035-ci ilədək artırılacaqdır.
Mərhələli şəkildə aparılan kompleks yenidənqurma işləri 2019-2021-ci illərdə yekunlaşmalıdır. Bu prosesin başa çatması ilə ölkəmizin enerji müstəqilliyi daha da möhkəmlənəcək, yanacaq məhsullarının rəqabət qabiliyyəti yüksəldiləcək, innovativ səciyyəli yeni istehsal müəssisələrinin yaradılması üçün möhkəm əsaslar yaranacaq, Bakı və Sumqayıtın ekoloji durumu daha da yaxşılaşacaqdır. Fəaliyyətinə xitam verilmiş və Heydər Əliyev adına NEZ-ə birləşdirilmiş “Azərneftyağ” NEZ-in əraziləri boşaldılacaq və təmizlənəcəkdir. “Azərikimya” İB-nin yenidənqurma planında gündəlik 2600 kubmetr gücündə istehsalat-tullantı sularının təmizlənməsi qurğusunun inşası nəzərdə tutulur ki, bu da Xəzər dənizinə atılan suların maksimal dərəcədə təmizlənməsinə və ya təmizlənmiş suların irriqasiya məqsədilə istifadə olunmasına imkan yaradacaqdır.
Bu gün SOCAR-ın qarşısında böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlərlə rəqabət apara bilən güclü və modern bir qurum kimi həm ölkə daxilində, həm də xaricdə investisiya fəaliyyətini genişləndirmək vəzifəsi durur. Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir. Xam neftin qiyməti yüksək olduğu illərdə neft şirkətləri sərmayələrini əsasən, hasilata, hətta işlənməsi çox baha başa gələn yataqların istismarına yatırmağa üstünlük verirdi. Risklərin azaldılması və səmərəliliyin yüksəldilməsi məqsədilə şirkətin investisiya portfelini şaxələndirməyə, eləcə də müxtəlif istiqamətlərdə yeni bazarlara çıxmağa çalışılırdı.
Türkiyədə “Petkim”i, Gürcüstanda Kulevi “Black Sea” Terminalını o zaman aldıq, İsveçrədə treydinq şirkətimiz quruldu, Rumıniyada, Ukraynada gəlirli aktivlər əldə edildi, STAR neft emalı zavodu, Petlim limanı, konteyner terminalı kimi perspektivli inşaat layihələrinə sərmayələr yatırıldı. İndi bu layihələr mənfəət gətirməyə başlamışdır. Düzgün investisiya strategiyası nəticəsində hər il aktivlərimizin dəyəri ilə bərabər şirkətin dövriyyə kapitalı da artır. Cari gəlirlərimizi investisiya layihələrinə yönəldirik. Həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yeni dövrün tələblərinə uyğun həyata keçirilən enerji strategiyası ölkəmizdə gedən dərin islahatlara mühüm töhfələr verir, Azərbaycanı inkişafın zirvəsinə doğru aparır, iqtisadiyyatın digər sahələrinin də bu inkişafa qoşulması üçün möhkəm zəmin yaradır.

Rövnəq ABDULLAYEV,
Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü