Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ən ali əsəri öz heykəli oldu...

23 Aprel 2017
 

Samir Kaçayev  gələcək vəd edən gənc heykəltəraş idi.  2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra magistraturaya daxil olmuşdu.  İstedadlı idi. Sənətdə ilk uğurlarını da qazanmışdı.  Sənətşünaslar işlərini bəyənirdi, əsərləri mükafatlara layiq görülürdü.  Sonuncu dəfə mükafatı məzun olduğu və əsgərliyə yollandığı ilin  noyabr ayında almışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun  və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilmiş  “Tolerant Azərbaycan gənci” müsabiqə-sərgi layihəsinin  qaliblərindən olmuşdu.  Əsgərlikdə  olsa da,  mükafatlandırma mərasiminə dəvət almış, hərbi komandanlıq da onun bu tədbirdə iştirakına şərait yaratmışdı. 

Mükafatını respublikamızın adlı-sanlı sənətşünaslarının əlindən almışdı. Onlar  Samir haqqında xoş sözlər söyləmiş, ona yaradıcılıq uğurları arzulamışdılar. Ancaq onun növbəti, son və  ən möhtəşəm əsəri  qəhrəmanlığı ilə ölkənin  tarixində,  xalqın qəlbində qurduğu  öz heykəli oldu:   ötən il aprel döyüşlərində iştirak etdi, hərbi tapşırığı şücaətlə yerinə yetirdi. Burada da fərqləndi, igidlik göstərdi və qəhrəmancasına şəhid oldu. Prezidentin sərəncamı ilə Samir Kaçayev  “İgidliyə görə” medalına layiq görüldü. Doğma Şamaxıda, Çuxuryurd kəndində  dəfni zamanı onunla vidalaşmağa gələnlərin sayı-hesabı yox idi: sanki bütün Şamaxı, Şirvan eli burada idi.

Samir sənətini və Vətənini çox sevirdi. Hər ikisi uğrunda canından belə keçməyə hazır idi. Keçdi də - seçimi Vətən oldu. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması naminə əbədiyyətə qovuşdu. Samir Kaçayev qısa dövrdə yaratdığı əsərləri və  hərbi zəfər  tariximizə  yazılan şanlı aprel döyüşlərində göstərdiyi şücaətlə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Son bir ildə onun əsərlərinin sərgisi keçirilib, haqqında nəfis tərtibatlı “Samir Kaçayev. Heykəltəraşlıq” bədii albom-kitab nəşr edilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsi   Samirin heykəlini yaradıb və bu abidə şəhidimizin məzarı üzərinə qoyulub.

 

Zamik RZAYEV,

şəhidin tələbə yoldaşı