Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslam Həmrəyliyi Oyunları növbəti bir fürsətdir

23 Aprel 2017
 

Avropa Oyunları Qərbdə Azərbaycanın tanıdılması, dövlətimizin beynəlxalq siyasi arenada mövqelərinin möhkəmləndirilməsi baxımından nə qədər əhəmiyyətli idisə, İslam Həmrəyliyi Oyunları da bir o qədər dəyərlidir.

Təəssüf ki, mental, dini, mədəni yaxınlığa baxmayaraq Şərq, İslam  ölkələri arasında münasibətlər  yetərli səviyyədə qurulmayıb. İslam dünyasının müəyyən bir qismi  sanki bir-birindən ayrı düşüb. Halbuki, bütün sahələrdə - iqtisadi, siyasi, o cümlədən mədəni əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycan  Şərq, İslam dünyası ilə saf dəyərlər, maraqlar üzərində əməkdaşlığa xüsusi önəm verdiyindən bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bizim üçün müstəsna əhəmiyyət daşıyır.  Həmrəylik üçün ilk növbədə dərin tanışlıq və  bəşəri dəyərlər üzərindən vahid mövqe nümayişi tələb olunur. Etiraf etmək lazımdır ki, nə biz  bəzi müsəlman ölkələrini yaxşı tanıyırıq, nə də onlar bizi. Odur ki, hər bir kəs Azərbaycanın tanıdılması, həqiqətlərinin təbliği üçün Oyunlar zamanı da ictimai fəal olmalı, ölkəmizdə keçirilən  növbəti beynəlxalq idman tədbirinin uğurla yekunlaşmasına səy göstərməlidir.

Hər bir ölkə komandası ilə bərabər onların KİV nümayəndələri də Azərbaycanda olacaq. İdmançılar və onları müşayiət edən media nümayəndələri ilə yanaşı, bu ölkələrdən turistlər  də gələcək. İlk təəssürat adətən həlledici olur. İlk dəfə İslam dünyasını öz “çətir”i  altına  bu formatda toplayacaq  Azərbaycan,  şübhəsiz ki,  yenə də  qonaqpərvərliyi, inkişafı, nailiyyətləri ilə gələnləri razı salacaq. Bununla belə, elə edək ki, bizdən narazı qalan olmasın. Bunun üçün ictimai yerlərdə, nəqliyyatda, idman arenalarında etik normalara riayət etmək,  qonaqlara ənənəvi isti münasibət bəsləmək yetərlidir. Unutmayaq ki, dünyanın gözü yenə də  Bakıya yönələcək və onların arasında bədniyyətlilər də olacaq.  Odur  ki,  hər birimiz səfərbər olmalı, vətəndaş həmrəyliyi üzərindən İslam həmrəyliyinə  rəvac verməliyik. 

 

Salman ALLAHVERDİYEV,

Bakı şəhər sakini