Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müvafiq tədbirlər görülüb

23 Aprel 2017
 

“Azərbaycan” qəzetinin 28 fevral 2017-ci il tarixli nömrəsində “YDM içindən yol salan sürücülər ətrafa təhlükə saçır” başlıqlı oxucu məktubu dərc edilmişdi.

Məktubda Bakıdakı Azadlıq və Ziya Bünyadov prospektlərinin qovşağında, körpü-tunel yol-ötürücü kompleksinin tinində yerləşən yanacaqdoldurma məntəqəsinin (YDM) ətrafında müşahidə edilən təhlükəli vəziyyətdən bəhs olunmuşdu. “Xutor” istiqamətindən bu yerə doğru yolda sağa məcburi hərəkət nişanı, YDM-in önündə, eləcə də körpünün altında “Giriş qadağandır” nişanlarının quraşdırılmasına, bütöv xətt və adacıq çəkilməsinə baxmayaraq, xüsusilə səhər saatlarında sürücülərin burada kütləvi şəkildə yol hərəkəti qaydalarını pozmalarına diqqət yönəldilmişdi. Eyni zamanda bu sürücülərin intensiv şəkildə YDM-in içindən intensiv hərəkətlə “yol salmalarının” nəticələri və daşıdığı təhlükədən danışılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirib. İdarə rəisi Nuşrəvan SƏFƏROV tərəfindən imzalanmış məktubda deyilir:

“Qeyd olunan əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə yol hərəkətinin təşkili mövcud qanunvericiliyin tələblərinə uyğundur. Lakin bəzi nəqliyyat vasitələrinin sürücüləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin I bəndinin tələbini pozaraq 3.1. “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olurlar.

Belə qayda pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi barədə Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX alayının şəxsi heyətinə təlimat zamanı müvafiq tapşırıqlar verilmişdir. Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsində 3.1. “Giriş qadağandır” yol nişanının təsir zonasına daxil olan sürücülər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və həmin tədbirlər tərəfimizdən davam etdirilir”.