Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsaqqal təşəbbüsü ilə dağ kəndinə yeni yol çəkilib

23 Aprel 2017
 

Bizim ərazi vahidi yeddi kəndi birləşdirir. Yaşayış məntəqələri rayon mərkəzindən təxminən 30  kilometr uzaqda yerləşir və  bir-birindən aralıdır. Kənd yolları  enişli-yoxuşludur,  dağlıq ərazidən,  meşələrdən keçir. Ötən il Lənkəran-Lerik magistralından əraziyə rahat  yol çəkilib. İlin hər vaxtı işlək olan bu yolla sərnişinlər, yüklər vaxtında mənzil başına çatdırılır.

Qışlaq kəndi ərazimizdə kiçik bir obadır. Buraya  ötən əsrin əllinci illərində çəkilmiş yol son illər dağılmış, gediş-gəliş çətinləşmişdi. Əhalini narahat edən bu halı nəzərə alan kənd ağsaqqalları kəndə yeni yol çəkmək təklifi irəli sürdülər və bu, elliklə bəyənildi. Təşəbbüsə qonşu  kəndin cavanları da qoşuldular. Buldozerçı Ələsgər dağların döşündən torpağı təmizlədi, maşınlar yola daş və çınqıl daşıdılar. Bu yaxınlarda yolun açılışı oldu. Kənd  sakinləri cavanlarla çiyin-çiyinə işləyən ağsaqqallardan Elşad Ağayevə, Nemətulla Əkbərova, Feruz Rzayevə, Telman Allahverdiyevə minnətdarlıqlarını bildirdilər.

Yaxın günlərdə Tülü və Vıjaker kəndlərinə gedən yollarda da təmir işləri aparmağa hazırlıq görülür.

 

Seyran MƏHƏRRƏMOV,   

Lerik rayon Conu ərazi vahidi üzrə ağsaqqallar şurasının sədri