Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oğuz qonaqların yolunu gözləyir

23 Aprel 2017
 

Rayonumuz kifayət qədər böyük turizm potensialına malikdir. Həm çoğrafi mövqeyi - unikal təbiəti, meşələri, dağları, çayları, şəlalələri, bulaqları, eləcə də tarixi abidələri,  fərqli mədəniyyətlərin qalıqları  Oğuzu turistlər üçün cəlbedici edir. Son dövrlər Oğuza gələn turist sayı az olmasa da, bundan qat-qat artıq qonaq qəbul etmək imkanına malikik. Turizmin daha da inkişaf etdirilməsi üçün rayonda müvafiq infrastrukturun yaradılması ilə yanaşı, mövcud şəraitin tanıdılması, təbliği də şərtdir. Ölkədə aparılan qlobal abadlıq və infrastruktur layihələri Oğuzu da əhatə edib.  İndi bizim əsas məqsədimiz rayonumuzu  dünyaya tanıtmaq, bura turist marağını artırmaqdan ibarətdir.

Oğuz ərazisində 40-a yaxın arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən 32-si dövlət tərəfindən mühafizə olunur. 17 abidə ölkə, 15-i yerli əhəmiyyətlidir. Rayonda qədim alban məbədlərinin, XIV əsrə aid Muxas qülləsinin, Surxay xan qalasının qalıqları bu günə kimi durur. Sarısu çayının üstündəki “Daş üz” körpüsü, Sincan kəndindəki məscid, Kərimli kəndindəki məqbərə (XV əsr) rayonun qədim tarixi abidələrindəndir. Oğuz şəhərində XIX əsrə aid   sınaqoq da var.

Aparılan arxeoloji qazıntılar zamanı Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalaları, Ocaq qoruğu adlanan ərazidə qədim dövrə aid çoxlu maddi mədəniyyət nümunələri aşkar edilib. Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri və Türyançay ilə Əlician çayları arasındakı ərazilərdə qədim dövrlərə aid çox sayda arxeoloji abidə üzə çıxarılıb. Eyni zamanda  Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid kurqanlar, daş qutu, adi torpaq qəbirlər tapılıb.  Oğuzdakı  7 alban məbədindən   3-ü rayon mərkəzində, 2-si Qarabular, digər 2-si Calut kəndlərindədir. Mərkəzdəki  məbəd tam bərpa edildikdən sonra burada Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi təşkil olunub.

Təəssüf ki, Oğuzdakı  tarixi-memarlıq abidələri, maddi mədəniyyət nümunələri və qədim dövrlərin qalıqları mütəxəssislər tərəfindən yetərincə öyrənilməyib. Şübhəsiz, bu iş genişləndirilsə, əldə edilən bilgilər mötəbər orqanlar, mütəxəssislər tərəfindən qeydə alınıb rəsmiləşdirilsə və bu məlumatlar beynəlxalq turizm sistemlərində, tədbirlərində yayılsa, Oğuza turist marağı xeyli artar.

Əlbəttə, turist üçün getdiyi yerin mətbəxi, əyləncə-istirahət şərtləri və insan amili - onlara göstəriləcək münasibət də əhəmiyyət kəsb edir. Bu baxımdan da Oğuz hər turistin könlünü xoş edəcək imkanlara malikdir: mətbəximiz zəngin, yeməklərimiz ləziz, müasir əyləncə-istirahət mərkəzlərimiz yetərincədir. Ən başlıcası isə Oğuz hər kəsi Azərbaycan xalqına məxsus xüsusi qonaqpərvərlik, insansevərliklə qarşılayıb yola salmağa hazırdır. Odur ki, Oğuzu görmək niyyətində olanlara deyirik: heç tərəddüd etmədən gəlin.

                                                                                 

Arif CAVADOV,

Oğuz sakini